Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:28

Azərbaycan kinoteatrlarında ən çox ABŞ istehsalı filmlər göstərilir


2022-ci ildə Azərbaycanda kinoteatrlara gedənlərin sayı pandemiyaöncəsi göstərici səviyyəsinə qayıdıb.
2022-ci ildə Azərbaycanda kinoteatrlara gedənlərin sayı pandemiyaöncəsi göstərici səviyyəsinə qayıdıb.

Dövlət Statistika Komitəsi (DSK) ötən il ölkədəki mədəniyyət obyektləri barədə bilgiləri açıqlayıb. Məsələn, bilinib ki, 2022-ci ildə Azərbaycanda kinoteatrlara gedənlərin sayı pandemiyaöncəsi göstərici səviyyəsinə qayıdıb. Ötən il ölkə kinoteatrlarında göstərilən filmlərə toplam 1 milyon 595 min tamaşaçı seyrçi baxıb. 2021-ci ildə bu rəqəm cəmi 430 min nəfər idi. Deməli, ötən il kinoteatrlara gedənlərin sayı 2021-ci illə müqayisədə təxminən üç dəfə artıb. Pandemiyadan öncə - 2019-cu ildə bu rəqəm 1 milyon 640 min nəfər olub.

Azərbaycanda kinozalların sayı da artıb. Bu ilin əvvəlinə ölkədə 82 kinozal fəaliyyət göstərir. 2021-ci ildə eyni göstərici 73; pandemiyadan öncə - 2019-cu ildə 61 idi. Hazırda Azərbaycandakı kinozalların toplam tutumu 11 min 928 tamaşaçıdır.

Kinoteatrlarda hansı filmlər göstərilir?

Rəsmi rəqəmlərə görə, ötən il boyunca Azərbaycandakı kinoteatrlarda toplam 623 fərqli film göstərilib. Onlardan cəmi 60-ı - təxminən 10 faizi yerli, 90 faizə yaxını (563) xarici filmlərdir. Azərbaycan kinoteatrlarında ən çox ABŞ istehsalı filmlər nümayiş etdirilib. Ötən il ölkə kinoteatrlarında toplam 303 ABŞ istehsalı film göstərilib. Bu o deməkdir ki, 2022-ci ildə ölkə kinoteatrlarında nümayiş etdirilən filmlərin 49 faizi ABŞ istehsalı olub.

Azərbaycan kinoteatrları ABŞ-dan sonra ən çox Türkiyə istehsalı filmlərə üstünlük verib. Ötən il toplam 179 Türkiyə filmi göstərilib. Bu o deməkdir ki, 2022-ci ildə il ölkə kinoteatrlarında nümayiş edilən filmlərin 29 faizi Türkiyə istehsalı olub. Filmlərin istehsal edildiyi ölkəyə görə növbəti yerləri Rusiya (19 film) və Fransa (15 film) tutub.

Teatrlarda durum necədir?

Ötən il teatrlara gedən tamaşaçıların da sayı kəskin artıb və səhnə əsərlərini toplam 420 min tamaşaçı izləyib. Bu, 2021-ci illə müqayisədə üç dəfə artım deməkdir. Ancaq kinoteatrlardan fərqli olaraq teatrlarda tamaşaçı sayı pandemiyaöncəsi səviyyəyə qayıtmayıb. 2019-cu ildə ölkə teatrlarına toplam 645 min tamaşaçı gəlibmiş. Deməli, o illə müqayisədə ötən il teatra gedənlərin sayı, az qala, yarıbayarı az olub. Daha bir müqayisə: Rəsmi rəqəmlərə görə, 1996-cı ilədək Azərbaycanda ilboyu teatra gedənlərin sayı 1 milyon nəfəri aşıb. Başqa deyimlə, 2022-ci ildə Azərbaycan əhalisinin sayı 1995-ci illə müqayisədə milyonlarca artsa da, eyni dövrdə teatra gedənlərin sayı təxminən üç dəfə azalıb.

Ötən il Azərbaycandakı 420 min teatr tamaşaçısının 285 mini dram və musiqili dram teatrlarına, 106 min nəfəri uşaq və gənclər teatrlarına, 29 min nəfəri isə opera və balet teatrına üz tutub.

2022-ci ildə ölkədə qeydə alınan 420 min teatr tamaşaçısının tən yarısı Bakı şəhərinin payına düşür. Bakıdan sonra ən çox teatr tamaşaçısının qeydə alındığı şəhərlər Gəncə (47 min 100 nəfər) və Sumqayıtdır (29 min 700 nəfər).

Rəsmi rəqəmlərdən aydın olur ki, teatrlara gələn tamaşaçıların sayca pandemiyaöncəsi səviyyəyə dönməməsi, əsasən, göstərilən tamaşa sayının da pandemiyadan öncəki duruma dönməməsindən qaynaqlanır. Belə ki, 2019-cu ildə Azərbaycan teatrlarında 4 min 760 dəfə tamaşa göstərilmişdisə, ötən il eyni göstərici 3 min 311 olub, yəni 2019-cu illə müqayisədə 2022-ci ildə göstərilən tamaşa sayı 30 faiz az olub.

Konsertlərin sayı bərpa olmayıb

Ötən il ölkədə konsertlərin və konsertlərə gedənlərin sayı da pandemiyaöncəsi səviyyəyə dönməyib və 688 konsert verilib. 2019-cu ildə bu say 1 min 224 idi. Deməli, 2022-ci ildə ölkədə baş tutan konsertlərin sayı pandemiyadan öncə ilə müqayisədə təxminən iki dəfə az olub. İlboyu konsertlərə gedən toplam tamaşaçı sayı isə pandemiyadan öncəki göstəriciyə daha yaxındır. Ötən il ölkədə konsert salonlarına gedənlərin toplam sayı 430 min nəfər olub. 2019-cu ildə eyni göstərici 495 min nəfərə yaxın idi. Bu baxımdan, açıqlanan göstəricilərdən aydın olur ki, daha kiçik auditoriyası olan konsertlərin sayında azalma baş verib.

Ötən il Azərbaycanda baş tutan 688 konsertin 603-ü (88 faizi) Bakı şəhərində baş tutub. İlboyu Gəncədə 45, Naxçıvanda 40 konsert təşkil edilib.

XS
SM
MD
LG