Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 06:42

Kino sənətinin 5 qızıl qaydası


Jim Jarmusch və Golshifteh Farahani
Jim Jarmusch və Golshifteh Farahani

Özünəməxsus və lakonik tərzi ilə seçilən, ən maraqlı müasir kinorejissorlardan biri olan Jim Jarmusch hələ 2004-cü ildə kino sənətinin 5 qızıl qaydasını paylaşıb.

O özünün «Cənnətdən də qəribə» (Stranger than Paradise) (1984), «Ölü» (Dead Man) (1995) və «Kabus it» (Ghost Dog) (1999) kimi filmlərindəki özünəməxsusluğu ilə kino həvəskarları və tənqidçilərinin diqqətini cəlb edib.

Jean-Luc Godard və Francis Truffaut-nun yaradıcılıq ənənələri ilə yetişmiş, Nyu-York şəhərində yaşayıb yaradan Jarmusch-un filmlərində eleqantlıq və melanxoliya kimi abstrakt məfhumlar bir-birilə harmoniya təşkil edir. Rejissorun bu unikal bacarığı onun Hollivudun düstur və qaydalarına qarşı qoruyucu qalxanına çevrilib. Faena Aleph saytı yazır ki, Jarmusch bu maraqlı bacarığını yüksək moda tərzində yumorla bəzəməyə qadirdir. Bu onun Amerikanın yerli xalqlarına xas hikmətləri William Blake-in kosmoqoniyası ilə sintez edə bilməsinə kömək edir.

Nəticədə ekranda Iggy Pop kimi bir personajın arabir qadın geyimində gəzən yaşlı kovboyu oynadığını görürük. Samuray döyüşçüsünün həyat yolu sayılan Haqakure təlimi ilə bruklinli quşbaz submədəniyyətini və peşəkar qatilin həyat tərzini sintez edə bilən rejissor haqda nə demək olar?

Beləliklə, Jim Jarmusch-un 5 qızıl qaydası:

Qayda 1: Qayda yoxdur. Kino çəkmək üsullarının sayı potensial rejissorların sayı qədərdir: «Şəxsən mən kiməsə nəyi necə etməli olduğunu demərəm. Bu kiməsə hansı dinə inanmalı olduğunu demək kimi olardı. …Bu mənim şəxsi fəlsəfəmə ziddir». Jarmusch hesab edir ki, hər bir rejissor öz qeydlərini götürməlidir və bu qeydlər onun öz qaydaları olmalıdır. «Əgər kimsə sizə nəyi necə etməli olduğunuzu deyirsə, həm fiziki, həm də fəlsəfi mənada o adamdan mümkün qədər uzağa qaçmaq lazımdır», – o deyir.

Qayda 2: Filmləri maliyyələşdirən, distributorluq və reklamla məşğul olan, filmləri sərgiyə çıxaran adamlar kinematoqrafçı deyillər. Onlar rejissorları öz işlərinə müdaxilə etməyə qoymurlar. Deməli, rejissorlar da onların filmin necə çəkiləcəyini diktə etməsinə imkan verməməlidirlər: «Lazım gəlsə, özünüzlə silah gəzdirin».

«Bundan başqa, hər zaman kino işində, sadəcə, varlanmaq, məşhurlaşmaq, kiminləsə yatmaq istəyən adamlar olur. Onların kinodan başı George W.Bush-un əlbəyaxa döyüşdən başı çıxan qədər çıxır», – o deyir.

Qayda 3: Prodakşn filmə xidmət etməlidir. Film prodakşna xidmət etməli deyil. Təəssüf ki, kinematoqrafiya dünyasında bu, demək olar, həmişə tərsinədir. Kino büdcə və cədvələ xidmət etmək üçün çəkilir.

Qayda 4: «Kinematoqrafiya əməkdaşlıq prosesidir. Siz düşüncə və ideyaları sizinkindən güclü olan insanlarla işləmək imkanı əldə edirsiniz. Onların başqalarının yox, öz funksiyalarına fokuslanmasına nəzarət edin. Əks halda, aləm qarışacaq. Ancaq bütün əməkdaşlara bərabər münasibət və hörmətlə yanaşın. Maşın axınını saxlayaraq hansısa səhnənin çəkilməsinə şərait yaradan prodakşn assistenti həmin səhnədə oynayan aktyorlar, onu çəkən operator, dizayner və rejissor qədər əhəmiyyətlidir. İyerarxiya eqosu şişmiş, yaxud nəzarətdən çıxmış adamlar, yaxud da hərbçilər üçündür. Düzgün seçim etsəniz, əməkdaşlıq etmək üçün seçdiyiniz insanlar filminizin keyfiyyət və məzmununu yalnız bir beynin təsəvvür edə biləcəyindən qat-qat yüksək səviyyələrə qaldıra bilər. Əgər başqa insanlarla işləmək istəmirsinizsə, gedin şəkil çəkin, ya da kitab yazın. Ya da lənətə gəlmiş diktator olmaq istəyirsinizsə, bu zəmanədə siyasətə qoşulmalısınız».

Qayda 5: «Heç nə orijinal deyil. Sizə ilham verən və təxəyyülünüzü qidalandıran hər yerdən oğurlayın. Köhnə və yeni filmləri, musiqini, kitabları, rəsm, foto, şeir, yuxu, təsadüfi söhbətləri, memarlıq, körpülər, küçə nişanları, ağaclar, buludlar, su hövzələri, işıq və kölgəni içinizə çəkin. Oğurlayanda yalnız ruhunuza işləyən şeyləri seçib oğurlayın. Bunu etsəniz, işiniz və oğurluğunuz həqiqi olacaq. Həqiqiliyin qiyməti yoxdur. Orijinallıqsa mövcud deyil. Özü də oğurluğunuzu gizlətməyə çalışmayın… İstənilən halda Jean-Luc Godard-ın dediyini xatırlayın: «Haradan götürdüyünüz vacib deyil, hara apardığınız vacibdir»».

XS
SM
MD
LG