Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:22

Khodorkovsky Heydər Camal və yoldaşlarının qətlindən danışıb


Mikhail Khodorkovsky
Mikhail Khodorkovsky

Rusiyanın keçmiş neft maqnatı və Kremlin opponenti Mikhail Khodorkovsky iddia edib ki, Mərkəzi Afrika Respublikası (MAR) üçün işləyən rusiyalılar bu ölkədə həlak olmuş üç jurnalistin ölümündə “ciddi” rol oynayıblar. Orxan Camal, Aleksandr Rastorguyev və Kirill Radchenko iyul ayında Rusiyanın Vagner özəl hərbi şirkətinin bu ölkədəki fəaliyyəti barədə film çəkərkən qətlə yetiriliblər. Bu filmin çəkilməsini nəzərdə tutan layihəyə vəsaiti Khodorkovsky-nin Təhqiqatların İdarə Olunması Mərkəzi ayırmışdı.

AzadlıqRadiosunun Current Time TV layihəsinə müsahibə verən Khodorkovsky iddia edib ki, o, jurnalistlərin qətlində Rusiyanın iştirakına dair dəlillərə malikdir.

Khodorkovsky deyib ki, Təhqiqatların İdarə Olunması Mərkəzi bu layihənin büdcəsini ona göstərəndə filmin Suriyada çəkiləcəyini başa düşüb. Amma sonradan jurnalistlərin Mərkəzi Afrika Respublikasında həlak olduqlarını, ölənlərin kimliyini biləndə mat qalıb.

“Əgər onların Afrikaya gedəcəklərini bilsəydiniz pul verməzdinizmi” sualına cavab olaraq Khodorkovsky deyib:

“Bilirsiniz, mən uzun illər adamların hər gün həyatlarını riskə qoyduqları sahələrdə çalışmışam. Hesab edirəm kİ, jurnalist peşəsi təhlükəli peşədir. Və bu peşə ona görə şərəflidir ki, adamlar burada real olaraq həyati təhlükə ilə üzləşirlər. Jurnalistlərdən həqiqəti istəmək və bunun onların həlakına səbəb ola biləcəyini düşünməmək mümkün deyil”.

Khodorkovsky iddia edib ki, Təhqiqatların İdarə Olunması Mərkəzində onun redaksiya işinə qarışmasını düzgün saymayıblar:

“Mən bu işə qarışmırdım. Amma bu qarışmamaq nəticəsində faciə baş verib və indi bunun üçün məsuliyyəti mən daşıyıram”.

Khodorkovsky bildirib ki, o MAR-da həlak olmuş jurnalistlərin qətlinə dair müstəqil təhqiqat aparır. Keçmiş maqnat bu təhqiqatda hansı metodlardan istifadə etdiyini açmaq istəməyib. O deyib ki, bu faciədə rolu olanlardan bəzilərinin kimliyini artıq müəyyənləşdirib:

“Mən gözləyirəm ki, bu siçovul sürüsündə siçovulların bir qismi o biri qismini satmağa başlayacaq. Ona görə də müəyyən etdiyim siçovulların adlarını hələlik çəkmirəm. Qoy hələ yaşasınlar”.

Mikhail Khodorkovsky Vagner şirkətinə nəzarət etdiyi deyilən Yevgeny Prigozhin barədə suala da cavab verib.

O deyib ki, Rusiya dövlətində belə fiqurlar həmişə olub:

“Amma mən hesab edirəm ki, indi oyunu GRU, FTX və sair böyük batalyonlar aparırlar. Onlar Prigozhin-i sadəcə olaraq qabağa veriblər və elədiklərini onun ayağına yazırlar”.

Khodorkovsky deyib ki, Rusiya hökumətindəki mənbələrindən lazımı sübutları pulla ala bilir. Amma o bu sübutların nədən ibarət olduğunu açmayıb.

Keçmiş maqnat deyib ki, onda rusiyalıların bu faciədə rol oynadıqlarına dair lazımınca sübutlar var və o hazırda bu iştirakın dərəcəsini müəyyən etməyə çalışır.

XS
SM
MD
LG