Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:37

'Avropaya qaz sat, amma öz kəndini unutma'


Avropaya qaz satan Azərbaycanda odunla qızınanlar
Gözlə

No media source currently available

0:00 0:04:21 0:00

Avropaya qaz satan Azərbaycanda odunla qızınanlar

Prezident İlham Əliyev oktyabrın 6-da Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Petr Mixalkonun etimadnaməsini qəbul edərkən Avropaya qaz nəqlindən də danışıb: "Biz təchizatımızın coğrafiyasını genişləndirmək üçün Avropa İttifaqı ilə birgə işləməyi planlaşdırırıq - xüsusilə indi, qışda hər kəs görəndə ki, alternativ marşrut baxımından alternativ mənbə məhz enerji təhlükəsizliyidir".

Lakin bəzi şikayətlərə görə, Azərbaycanın özündə də qaz təchizatı ilə bağlı problemlər var. Şikayətlərə görə, Qusar, İmişli, Lerik Masallı, Cəlilabad, Tovuz, İsmayıllı rayonlarının bəzi kəndlərində hələ də qaz yoxdur. Bakının bəzi ucqar ərazilərindən də mavi yanacaqla bağlı giley-güzar eşidilir.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) məlumatına görə, bu ilin yanvar-avqust aylarında Azərbaycanda 27 milyard 917.4 milyon kubmetr təbii qaz hasil edilib. Açıqlamaya görə, bunun 20 milyard 593.5 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb. İllik müqayisədə təbii qaz hasilatının 11.3, əmtəəlik qaz hasilatının isə 14.6 faiz artdığı bildirilir.

Avropaya gedən qaz qazsız kəndin "qulağının" dibindən keçir
Gözlə

No media source currently available

0:00 0:04:13 0:00

"Odun tədarükü davam edib"

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi məlumatına görə, qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı mərkəzlərinin xidməti ərazilərində odun tədarükü davam edib: "Ölkə üzrə 5 oktyabr 2021-ci il tarixində ümumilikdə 1 min 447 kubmetr həcmində odun tədarük olunub".

İmişli rayonu Ağamalılar kəndinin sakini Bəxtiyar Məmmədov də AzadlıqRadiosuna bildirib ki, yaşadığı kənddə qaz yoxdur: "İllərlə müraciət etdiyimiz qurumlar bizə "bu il olacaq, gələn il olacaq" deyirlər, amma ortada bir şey yoxdur".

"Əziyyət çəkirik"

O qeyd edib ki, qazın olmaması onlara böyük çətinliklər yaradır: "Əziyyət çəkirik. Ətrafda olan meşədə ağac kəsmək qadağandır deyə, məcbur olub həyətyanı sahədə ağac əkmişik, qış gələn kimi onlardan istifadə edirik".

Kənd sakini bildirib ki, İmişli rayonunun Xəlifəli, Qulubəyli, Hacalmuradlı kəndlərində də qaz xətti çəkilməyib.

Azərbaycanın qaz üzünə həsrət kəndləri: Problem nə vaxt çözüləcək?
Gözlə

No media source currently available

0:00 0:03:20 0:00

"Azəriqaz": 2023-cü ilə qədər...

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Eldəniz Vəliyev isə "Turan"a bildirib ki, ölkənin qazlaşma səviyyəsi 96 faizdir: "O ki qaldı qazlaşmayan kəndlərə, yeni yaşayış massivləri var, planda olan kəndlər var, hansı ki, onlar 2023-cü ilə qədər qazla təmin olunacaq. "Azəriqaz"ın dövlət qarşısında öhdəliyi var ki, 2023-cü ilə qədər qazlaşmamış heç bir yaşayış massivi, yaşayış məntəqəsi qalmayacaq".

Qurumun rəsmisinin sözlərinə görə, qazlaşma mərhələli şəkildə aparılır: "Hazırda 25-ə yaxın ərazilərdə "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşlarının qaz çəkilişi davam etdirilir. Bu mərhələ bitəndən sonra növbəti mərhələ gəlir. Hamısı plana uyğun şəkildə aparılır".

"Niyə ölkədə qazlaşma prosesi sona çatdırılmır?"

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı isə AzadlıqRadiosuna deyib ki, 2012-ci ildən başlayıb 2020-ci ilə qədər SOCAR-ın rəsmiləri ölkənin 93-95 faizinin qazlaşdığını söyləyirdilər: "Adətən, bəhanə gətirirlər ki, dağlıq ərazi olduğuna görə ora qaz infrastrukturunu çəkmək çətindir. Amma Aran ərazisində də kəndlər var ki, orada qaz yoxdur".

Qaz yerli camaatdan kəsilib xaricə satılır? 'Hər çərşənbə guya qəza olur'
Gözlə

No media source currently available

0:00 0:03:44 0:00

O hesab edir ki, problem statistikanın düzgün verilməməsi, yerlərdə qaz təsərrüfatının düz-əməlli monitorinqinin aparılmaması və səlahiyyətli şəxslərin öz vəzifələrini yerinə yetirməməsi ola bilər.

M.Qəhrəmanlının fikrincə, hazırda "Azəriqaz"ın işində fəallaşma hiss olunur: "Hesab edirəm ki, qurumun rəhbərliyi ölkə ərazisində qazlaşma səviyyəsini dəqiq ölçüb ictimaiyyətə düzgün məlumatını verməlidir. Azərbaycanda qaz hasilatı yaxşıdır, belə olan halda niyə ölkədə qazlaşma prosesi sona çatdırılmır?".

Ekspertə görə, heç vaxt qazı hasil edənlə onu satan bir qurumda cəmləşə bilməz: "Ona görə də "Azəriqaz" SOCAR-ın tərkibindən çıxarılmalıdır və tam müstəqil, özəl quruma çevrilməlidir. Hətta düşünürəm ki, Avropada olduğu kimi, Azərbaycanda da qazı əhaliyə satan bir qurum yox, bir neçə şirkət olmalıdır".

Bu mövzuda AzadlıqRadiosuna danışan bəzi ekspertlər isə son vaxtlar Avropada qazın bahalaşmasının üzərində dayanırlar. Onlar hesab edirlər ki, qaz təchizatının coğrafiyasını genişləndirən hökumət evlərin odunla, təzəklə isidildiyi kəndlərini də unutmamalıdır. "Avropaya qaz sat, amma öz kəndini unutma", - deyə onlar vurğulayırlar.

XS
SM
MD
LG