Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:24

Həbsdə olan diplomatın vəkili: 'Baxın, görün, bunların hansında terroru dəstəkləmə var?'


Emin Ibrahimov
Emin Ibrahimov

Xarici İşlər Nazirliyinin keçmiş əməkdaşı, Azərbaycanın ABŞ-dakı səfirliyində, Uruqvaydakı diplomatik missiyada çalışmış Emin İbrahimov təqsirsiz olduğunu desə də, məhkəmə onun haqqında həbs qərarını dəyişməyib. Onun işinə sentyabrın 25-də Bakı Apellyasiya Məhkəməsinə baxılıb.

Sentyabrın 20-dən həbsdə olan keçmiş diplomata İnzibati Xətalar Məcəlləsinin (İXM-in) 388-1.1.1 (informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanı yerləşdirmə) maddəsilə 30 sutka həbs cəzası verilib.

“Qapını döyənlər özlərini “Azərsu” işçiləri kimi tanıdıblar”

Emin İbrahimov isə yayılması yasaqlanan heç bir informasiyanı yaymadığını deyir. Onun sözlərinə görə, etik çərçivə və qanunları pozmadan öz fikirlərini sosial media hesabında paylaşıb və bu üzdən cəzalandırılıb.

O deyir ki, sentyabrın 20-də evində olarkən, mənzilin qapısını döyənlər özlərini “Azərsu” işçiləri kimi tanıdıblar və ardınca mənzildə qanunsuz axtarış aparılıb. Evdən telefonlar, kompüter, video-qeydiyyat cihazı götürülüb. Bildiyinə görə, evdən aparılanda, hətta normal şəkildə geyinməsinə də imkan verilməyib.

Sadalanan əşyaların götürülməsi Emin İbrahimova 30 günlük həbs cəzası kəsilməsi barədə Yasamal rayon Məhkəməsinin qərarında da əksini tapıb. Sözügedən qərarda hakim prokurorluğa göstəriş verib ki, əşyalar geri qaytarılsın, çünki sentyabrın 20-də E. İbrahimovla bağlı inzibati xəta materialları Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İşlər İdarəsində hazırlanıb, ardınca da o, hakim önünə çıxarılıb.

Keçmiş diplomat deyir ki, prokurorluqda onu sosial mediadakı paylaşımlarına görə “terroru dəstəkləməkdə” ittiham ediblər.

Sentyabrın 25-də Bakı Apellyasiya Məhkəməsində E. İbrahimovun vəkili Aqil Layıc onun Facebook hesabındakı paylaşımlarını hakimlərə göstərib və söyləyib: “Baxın, görün, bunların hansında terroru dəstəkləmə var?”.

İstər E. İbrahimovun özü də, istərsə vəkili 30 günlük həbs qərarının əsassız olduğunu vurğulayaraq, onun ləğvini istəyib. Ancaq Anar Tanrıverdiyevin sədrlik etdiyi hakimlər kollegiyası apellyasiya şikayətini təmin etməyib – həbs qərarı qüvvədə qalıb.

“Növbəti hüquqi addımımız Avropa Məhkəməsinə şikayət olacaq”

Vəkil Aqil Layıc AzadlıqRadiosuna bildirib ki, Emin İbrahimovun həbsilə bağlı qərardan Avropa Məhkəməsinə şikayət göndərəcəklər:

“İnzibati xətalarla bağlı işlərdə apellyasiya məhkəməsi son hüquqi müdafiə vasitəsidir. Ona görə də növbəti hüquqi addımımız Avropa Məhkəməsinə şikayət etmək olacaq”.

Xatırlatma

Sentyabrın 20-dən ötən 5 gün ərzində Azərbaycanda xeyli ictimai fəal sosial media hesabındakı paylaşımlarına görə İXM-in 388-1.1.1 maddəsilə inzibati qaydada həbs olunub. Onların arasında Emin İbrahimovla yanaşı, jurnalist Nurlan Qəhrəmanlı (Libre), ictimai fəal Əmrah Təhməzov da var.

XS
SM
MD
LG