Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:41

Keçmiş bankirin bacanağı milyonlarla dəyəri olan əmlaklardan danışır


Bankir DİN-i qərəzdə suçladı, arvadının oğurlanmasını yada saldı
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

Bankir DİN-i qərəzdə suçladı, arvadının oğurlanmasını yada saldı

Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin özüylə yanaşı həbs olunan bacanağı, vaxtilə «Inter Tobacco» MMC-yə -- tütün zavoduna rəhbərlik etmiş İsmayıl Hidayətzadə Beynəlxalq Bankdan kredit kimi götürülmüş vəsaitləri mənimsəməkdə suçlanır.

«9 milyon manat təyinatı üzrə xərclənməyib»

İddia olunur ki, o, «Solid Consulting»in rəhbəri olanda, Beynəlxalq Bankdan bu şirkətə ayrılan 9 milyon manat kredit təyinatı üzrə xərclənməyib. Bu vəsait bina tikintisindən ötrü ayrılıb, ancaq kreditin bir hissəsi tikintiyə xərclənib, təxminən 3 milyon manatı mənimsənilib.

«Bankdan 37 milyon dollar kredit götürüb və qaytarmayıb»

O, sonradan «Inter Tobacco»nun rəhbəri olan dövrdə də bankdan 37 milyon dollar kredit götürüb, onu qaytarmamaqda günahlandırılıb.

İ.Hidayətzadə 2016-cı ildən həbsdədir və ona 5 il 6 ay həbs cəzası kəsilib. O, 2019-cu ilin oktyabrında vaxtından əvvəl şərti azadlığa buraxılıb.

Özünü təqsirli bilmir

Yanvarın 21-də məhkəmədə deyib ki, özünü qətiyyən təqsirli bilmir. Çünki bankdan götürdüyü krediti mənimsəməyib. Onun sözlərinə görə, «Solid Consulting»ə verilən 9 milyonu bina tikməkdən ötrü podratçının – inşaat işləriylə məşğul olan «Xəzər» - Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzinin bank hesabına köçürüb. Onlar da binanı tikib təhvil veriblər: «İttiham veriblər ki, guya 9 milyonun hamısı tikintiyə xərclənməyib, 3 milyonunu mənimsəmişəm. Podratçı şirkətə 9 milyon köçürülməsi ortadadır, şirkət özü də bunu inkar eləmir. Burada haradadır 3 milyon mənimsəmə?».

«4 milyona 16-mərtəbəli bina tikmək mümkün deyil!»

Cinayət işinin materiallarında Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının rəyi var. Onlar sözügedən binanı 4 milyon manata qiymətləndiriblər. İ.Hidayətzadə və müdafiəçisi isə bu cür qiymətləndirməni «insafsızlıq» sayır: «4 milyona 16-mərtəbəli bina tikmək mümkün deyil».

«Bina satılsın, kredit ödənsin»

İ.Hidayətzadə deyir ki, o, «Solid Consulting»in rəhbəri vəzifəsindən bu postu Natiq İmanova təhvil verəndə, şirkətin kassasında 700 min manat pul vardı: «Bina da hazırdır. Gərək satılsın ki, kredit ödənilsin. Kredit ödənişində problem olanda əmlak satılır, məbləğ ödənilir. O bina da «Aqrarkredit»ə verilib».

«Aqrarkredit» QSC 2015-ci ilin yayında prezidentin sərəncamıyla yaradılıb. Bu qurum Beynəlxalq Bankın problemli kreditlərin həlli, o cümlədən girov əmlakların hərraca çıxarılıb satılması, kreditin ödənilməsiylə məşğul olur.

«1 tütün zavodu, 4 məntəqə yaradılıb»

İ.Hidayətzadə deyir ki, «Inter Tobacco»ya verilən kreditlər də təyinatı üzrə xərclənib – 1 tütün zavodu, 4 məntəqə yaradılıb: «Həmin kredit hesabına tikinti aparılıb, avadanlıqla təchiz olunub. Bu gün də həmin müəssisələr işləyir. Biz «Inter Tobacco»ya görə götürülən kreditin bir hissəsini ödəmişdik. Qalan məbləği də o müəssisələri satıb ödəmək olar. O müəssisələr də «Aqrarkredit»ə verilib. Hələ o vaxt zavod və məntəqələri bank 90 milyona qiymətləndirmişdi».

«Məsələ bu qədər sadədir»

C.Hacıyev özü də dəfələrlə gileylənib ki, adamlardan həm kreditləri ödəməyi tələb edirlər, həm də o kreditin hesabına yaranan müəssisələri onlardan alırlar: «Ya adamlara o müəssisələri verin, işlətsinlər, satsınlar, o krediti ödəsinlər. Ya da özünüz həmin əmlakı satın, krediti bağlayın. Məsələ bu qədər sadədir».

Xatırlatma

2015-ci ilin dekabrından həbsdə olan C.Hacıyev mənimsəmə və vəzifəsindən sui-istifadə ittihamıyla 15 il həbs cəzası çəkirdi. 2019-cu ilin sentyabrında ona yenidən hökm oxunub. Bu dəfə əvvəlki cəzası da birləşdirilməklə, 16 il 6 ay azadlıqdan məhrum edilib. C.Hacıyev bu dəfə Beynəlxalq Bankdan kredit kimi götürülmüş 4.7 milyard manatlıq mənimsəmədə təqsirli bilinib. Amma o, özünü günahkar saymır və sifarişlə həbs olunduğunu iddia edir.

Keçmiş bankir ikinci cinayət işində daha 20 nəfərlə birlikdə mühakimə olunurdu. Onların arasında İ.Hidayətzadədən başqa, C.Hacıyevin dostu, sabiq deputat Dünyamin Xəlilov və onun işçiləri də vardı. D.Xəlilov işçilərinin adına şirkətlər yaradıb Beynəlxalq Bankdan kredit götürüb mənimsəməkdə suçlanır.

14 il 6 ay həbs cəzası alan D.Xəlilov da özünü təqsirli bilmir. Deyir ki, götürülən kreditlərə müxtəlif müəssisələr yaradılıb. Həmin müəssisələr də sonradan əllərindən alınıb.

XS
SM
MD
LG