Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:31

Qırğızıstan prezidenti ABŞ dövlət katibinin üzünə qayıtdı: 'Sizə olar, bizə yox?'


ABŞ dövlət katibi Antoni Blinken və Qırğızıstan prezidenti Sadır Japarov
ABŞ dövlət katibi Antoni Blinken və Qırğızıstan prezidenti Sadır Japarov

Qırğızıstan prezidenti Sadır Japarov ABŞ dövlət katibi Antoni Blinkenin məktubuna cavab verib.

Blinkenin məktubunda hazırda Qırğızıstan parlamentində baxılan “xarici nümayəndələr” haqqında qanun layihəsindən narahatlıq ifadə olunurdu.

Bu da qeyd edilməlidir ki, sözü gedən sənəd Rusiya qanununun nümunəsində hazırlanıb və ölkədəki qeyri-mənfəət təşkilatlarının, o cümlədən siyasi araşdırmalarla məşğul olan jurnalist və QHT-lərin fəaliyyətini ağırlaşdırır.

Japarovun cavabında deyilir ki, Blinkenin məktubu “ölkəmizin daxili işlərinə qarışılmasının əlamətlərinə” malikdir.

Bu məktubu prezidentin mətbuat katibi Askat Alaqozov dərc edib.

“Sizə olar, bizə yox?”

Japarov yazır ki, Qırğızıstanın “xarici nümayəndələr haqqında” qanun layihəsinin konsepsiyası ABŞ-da 1938-ci ildə qəbul edilmiş “xarici agentlərin qeydiyyatı” (FARA) qanununa yaxındır.

Şərhçilər bildirirlər ki, Rusiyanın xarici agentlər haqqında qanununa haqq qazandırarkən Kreml də belə bir mülahizədən istifadə etmişdi. Halbuki ABŞ qanunu Rusiya qanunundan köklü şəkildə fərqlənir.

Japarovun məktubunda deyilir:

"Bizə məlumdur ki, FARA qanununda xarici agent statusu təkcə kütləvi informasiya vasitələrinə deyil, həm də başqa hüquqi və fiziki şəxslərə şamil edilir. Qanunun pozulması – yəni qeydiyyatın gecikdirilməsi təkcə inzibati xəta deyil, həm də cinayət əməli sayılır. Elə isə belə bir sual doğur: niyə sizə olar, amma bizə yox?”

Qırğızıstan prezidenti bunu da yazır ki, “Blinkenin təəssüratı bəzi QHT-lərin verdikləri yanlış informasiya əsasında formalaşıb”.

Halbuki Qırğızıstanın özündə bu qanunun qəbul edilməsinə qarşı onlarca təşkilat çıxış edir. Bunların arasında həm xaricdən maliyyələşən, həm də maliyyələşməyən təşkilatlar var.

Rusiya təcrübəsi

Japarov məktubunda iddia edir ki, hakimiyyət bu qanunun qəbulundan sonra KİV-lərin və QHT-lərin nizamnamə üzrə fəaliyyətinə qarışmayacaq.

Rusiya təcrübəsi isə göstərir ki, “xarici agent” qanunu qəbul edildikdən sonra xaricdən qrantlar alan təşkilatlar bağlanmağa məcbur olublar.

Rusiyada onlarca belə təşkilat “arzuolunmaz” elan edilib, onların üzvləri və əməkdaşları barədə əvvəlcə inzibati, daha sonra isə cinayət işləri açılıb.

Maraqlıdır ki, Sadır Japarov qanunun qəbul edilməsindən məqsədin “siyasi” olduğunu gizlətməyib.

O yazır ki, Qırğızıstanın dövlət maraqlarının müdafiəsi xarici dövlətlər tərəfindən maliyyələşdirilən KİV və QHT-lərin fəaliyyətinə nəzarət olunmasını tələb edir.

Qırğızıstanın ən böyük nailiyyətlərinin üstündən çəkilən xətt

Antoni Blinkenin məktubunda deyilir ki, bu qanunun qəbulu QHT-lər barəsində cinayət təqibinə imkan yaradacaq və beləliklə də “Qırğızıstanın əldə etdiyi ən böyük nailiyyətlərdən birinin üstündən xətt çəkəcək”.

Blinken bunu da vurğulayırdı ki, bu qanun qəbul edilərsə, bəzi amerikalı partnyorlar “önləyici” tədbir kimi Qırğızıstandakı fəaliyyətlərinə son qoya bilər.

Hələ Blinkenin bu məktubundan əvvəl sözü gedən qanunun qəbulu ilə bağlı narahatlıqlarını BMT, Avropa İttifaq və Human Rights Watch təşkilatı ifadə etmişdilər.

Eyni zamnada bu qanunun qəbulundan imtina olunması üçün Qırğızıstan hakimiyyətinə BMT-nin insan haqları üzrə üç məruzəçisi müraciət etmişdi.

Açıqlanmayan mənbələr: Prezident seçkisində exit-poll keçirən təşkilatlara pulu kim verir?
Gözlə

No media source currently available

0:00 0:09:43 0:00

Hakimiyyət qanunun qəbulunda qətiyyətlidir

“Xarici nümayəndələr haqqında” qanun layihəsi Qırğızıstan parlamentində 2023-cü ilin payızında birinci oxunuşda qəbul edilib.

2024-cü ilin yanvarında sənədi ikinci oxunuşda parlamentin konstitusiya qanunvericiliyi komitəsi qəbul edib.

Qırğızıstanın insan haqları müdafiəçiləri və vətəndaş cəmiyyəti nümayəndələri deyirlər ki, ölkədə vətəndaş cəmiyyətinin gələcəyi bu qanundan asılıdır. Onlar dəfələrlə qanun müəllfilərinin öz təşəbbüslərindən imtina etmələri üçün onları inandırmağa çalışıblar.

Bu qanun layihəsindən imtina edilməsinə Qırğızıstanın, demək olar bütün yerli ictimai təşkilatları çağırıblar.

Onların fikrincə bu qanunun qəbul edilməsi ölkədə təməl insan haqlarına, o cümlədən təşkilatlanmaq hüququna zərbə olacaq.

Buna baxmayaraq qanun layihəsinin təşəbbüsçüləri heç bir irad və çağırışa məhəl qoymurlar.

XS
SM
MD
LG