Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:41

Qədəhin kənarına həkk olunmuş dodaq boyası...


►Ona həmişə elə gəlirdi ki, əvvəlki həyatında əlçatmaz, hətta kişilərin belə çatmaq istədiyi mövqeyə sahib bir xanım olub...

Jalə Əsgərova

MODULYATIV CƏRƏYAN VƏ ÖZÜNÜDƏRK

Proloq əvəzi

Bu bir keçmiş idi. Dejavüsü yaşanmayacaq keçmiş. İnsanları bir daha doğulmadan, hissləri yenidən satın alınmadan, tarixi çarxın təkrar dönə bilməyəcəyi keçmiş.

Özünü tapdığın halda özünə qayıdışını yarıda kəsəcək.

Geriyə yol yoxdur. Qalibiyyətin məğlubiyyətə uğradığı paradoksal zaman kəsiyi. Xaotik portret- Pikassonun “Güzgü qarşısında dayanan Qız”ının təzadlı əksi kimi. Ya keçmişdəki “o”san, ya indiki “özün”sən, ya da keçmişə ilişmiş gələcək.

Fikir tornadosunun ovsunlayıb qarışıq qaranlığa yuvarladığı feminin surət. Lap Devid Uolkerin “street art” ında təsvir etdiyi, düşüncələrində oynayan çaşqınlığın əsiri olan qadın kimi. Özünü seçim qarşısında qoyursansa, yanılırsan.

Nə vaxtsa yaranmış,dondan-dona girib, ondan o birinə, indi də sənə tamah salmış ruhun müvəqqəti sığınacağı olduğunu dərk et.

Sadəcə dərk et, ən kiçik vaxt vahidindən tutmuş minilliklərədək ucalmış zaman ağacına dırmaşıb səmaya varanda distinktiv individiumlar şəklində təzahür etmiş ruh mənzil başında büdrəyir, şappıltı ilə yerə dəyir və özünü yeni doğulmuşun vücudunda tapır. Özünü daha bir insan boyda böyütmək üçün.

İndi bu insan sənsən. Geriyə boylanıb özünü tapdınsa, keçmişinə can atma. Artıq nimdaşsan. İndini, indiki mövcudluğunu- özünü yaşa. Gələcək səninki deyil (ruhunun nə vaxtsa başqa vücuda köçəcəyini unutma)...

****

Bu gün yanvarın 13-ü köhnə Yeni il idi. Qaranlıq otaqda açdığı masada təkbaşına oturub bayramı qeyd edirdi. Elektrik kəsilməmişdi. Ayın işığı ona bəs edirdi, bir də prinsipcə, flüressent lampaların iş mexanizmini xatırladan plazmanın yaratdığı görüntü.

Sistem cərəyana qoşulduqda ionlu hüceyrələrdəki qaz plazma halına çevrilir və ultrabənövşəyi şüalar əmələ gətirir. O da mavi, qırmızı və yaşıl fosforlarda rənglənib görüntüyə çevrilir, ətrafa yayılıb otağı işıqlandırır.

Əlavə israfçılığa gərək qalmır. Əslində həddindən ziyadə xəsislik yalnız öz arşını üçün biçilmişdi.

Kənardan ehtiyac duyduğunda tərəddüd etmədən yardım göstərməyə hazır idi. “Yanında görmək istədiyi o qədər insan vardı” desəm, təsvirimə xəyanət etmiş olaram. Litvaya oxumağa gəldiyi ilk gündən qələbəliyi məzuniyyətə buraxmış, özü ilə tək qalmağa qərar vermişdi. Izolə edilmiş həyatda cərəyan edən elektrik yüklü hadisələrin daşıyıcısı olmaq istəyirdi .

Ona həmişə elə gəlirdi ki, əvvəlki həyatında əlçatmaz, hətta kişilərin belə çatmaq istədiyi mövqeyə sahib bir xanım olub. Nə bilim Aristofanın, Platonun, Ksenofonun qeydlərində adını həkk etdirməyi bacarmış afinalı Aspasiya, ekzotik gözəliyin sahibəsi, Alman kralı Birinci Lüdoviqin ağlını ovsunlayıb Bavariyanın idarəçiliyini öz üzərinə götürən irland əsilli Lola Montez, və ya Çin imperatriçası Dovaqer Siksi, ya da iyirmi üç yaşında Habsburqların taxt-tacına sahiblənmiş avstriyalı Mariya Tereza və bəlkə də elə doğma diplomat Sara Xatun ...

Sonuncu dəfə internet saytlarından birində etdiyi testin nəticəsi olaraq belə bir cavabın monitorda görünməsi də bu mühakimənin təsdiqini onun beynində kodlaşdırmışdı.

Şərab içdiyi qədəhi gözlərinə bir az daha yaxınlaşdırdı, göz almaları burun divarının ayırdığı yanaşı otaqlarda ilk dəfə görüşəcəkləri ümidilə bir-birlərinə ən yaxın məsafədə fokuslanıb dayandılar. Bu vəziyyəti müşahidə edən istənilən oftalmoloq ona çəpgözlük diaqnozu qoyardı.

Qədəhin üzərindəki simmetrik, şəbəkə şəkilli çizmələr polyak Edinin oxuduğu mühazirələrdə havaya dağılan fonemlərin təqdim etdiyi Barokko stilində dizayn həllini tapmış hansısa tikilini xatırladırdı və ya ciddi cəhdlə ağ lövhə üzərinə tünd göy markerlə cızdığı məbədin instruksiyasını. Ya da yox. Qrup yoldaşı Nikosun sonuncu dəfə diplom işi üçün hazırladığı, paralel aluminium simlərinin maili perpendikulyar xətlərlə kəsişməsindən meydana gəlmiş dayanacağın maketinə bənzəyirdi.

Yox! Bu iyrənc mavi hardan gəldi onun ağlına. Əslində, “mavilər qızlardan daha etibarlı rəfiqələr olur” fikrini qəbul edirdi. Amma Nikos, Culiyanın qayğıkeş Stenlisindən çox uzaqda dayanırdı. Başqa çatışmazlıqlarına göz yuma bilərdi. Bircə daha şirindilli olsaydı. Bəlkə Versal sarayının pilləkənlərində struktur bazisi idi.

Yox, bu da deyil. Aha... 51-ci sahə. Sirli zona. Ora yaxınlaşanların xəbərdarlığa məhəl qoymayıb irəlilədiyi yerdə güllələnməsinə qəhqəhə çəkdi.” Deyəsən, hamı ağlını itirib”: həmişə diqqətsiz və laqeyd münasibət göstərdiyi televizor ,nəhayət, onu tərpədə bilmişdi. Yenidən bu simmetrik ornamentin nəyin inikası olduğunu düşünərək onu şərabla doldurdu.

Ağzına kimi dolmuş qədəhdə səthində dayanan mayenin bir az yellənməsindən sonra stabillik bərpa olundu. Qırmızı maye- Qanq çayı, ya da Qırmızı dəniz... Dodaqlarını servis nümunəsinin (qədəhin) dairəvi kənarının müəyyən dərəcə altında kəsilmiş qövsünə dayadı. Bir-iki qurtum içib tənhalığın nəfəsini ciyərlərinə çəkdi. Qədəh masanın üzərində ətalətdə susdu.

Həəə... Görünən mənzərəyə aydınlıq gəlməyə başlayırdı. Sən demə, dodaq boyası yalnız dekorativ “make-up”ın bir növü deyilmiş. O bəzən sənət əsərini tamamlamaq üçün rəssamın fırçasının qaraladığı son akkkord -final olur. Və ya keçmişin pərdələdiyi xatirəni bərpa etmək üçün bir ipucu. Qədəh, içindəki şərab və qədəhin kənarına həkk olunmuş dodaq boyası. Bu ləkə sanki durğun suda dayanmış kanoyedir .Kanoye...Durğun su... Ahaaa... Bu simmetrik özünəməxsusluq... Göl kənarındakı hər hansı tikili, həm də dəbdəbəli bir malikanə...o hər gün bu sarayla sirdaşlıq edən çayda avarlarını aramla hərəkət etdirdiyi qayıqda dincəlir... və qədəhin istehsal olunduğu ərazini dəqiqləşdirmək istədi.

Onu başına çəkdi. Birnəfəsə içməyə cəhd göstərsə də, ilkin təəssürat özünü doğrultmadı. Nəhayət, qırtlaqda düyünlənən son damcı axıb lazımi ünvana çatdı.

Qədəhi üzü üstə çevirib altındakı yarlığa nəzər yetirdi:” Cezch Republic, Prague”- mənşəyini götürdüyü şəhəri təsvir edirdi... masadakı açıq laptopda qırmızı indikatorlu oxunmamış mesaj şəkilləri qalaqlanmışdı. İndi onu maraqlandıran yeganə qayə Praqadakı həmin malikanəni tapmaqdı... keçmiş bir neçə dəqiqəlik intizardan sonra özünün bir hissəsini monitorda nümayiş etdirdi.... Cervena Lhota qalası... bəs onu çaşdıran qırmızı şərab?!... sən demə, bu, malikanənin şəffaf sudakı qırmızı fasadının əksi imiş...”bəs sakinlər?”...”bəs mən?” maraqla qalanın tarixini araşdırdı... orada yaşamış zadəgan ailələr,qadınlar haqda mütləq nəsə bir məlumat olmalı idi... qapı bu dəfə daha ucadan və yerindən oynayacaq tərzdə döyüldü... ”Lənət şeytana!”- keçmişə yolçuluğu yarıda saxlamaq məcburiyyəti ilə üz-üzə dayandı, gözlənilməz qonağın kimliyi fikirlərini yordu...

Gözlük qapı kandarındakı boşluğa işarə etdi...kimsə yox idi... search düyməsini basdığında döyülən qapı müəmması avtomatik yaddaş arxivinə yazıldı... boğulduğunu hiss elədi... amma monitorda peyda olacaq məlumat bu narahatlığı arxa plana atdı... öz keçmiş kimliyini tapmaq, ona qovuşmaq, bundan sonra indiki mövcudluğunu unudub keçmiş ruhunun təqlidi ilə həyatını rəngləndirmək sevinci boylandı içindən... neçə vaxtdır üstündə işlədiyi meditasiya cəhdlərinə daha ehtiyac duymadığına əmin oldu o an... Lycia... elə özünün indiki Leyla adına oxşayırdı.... keçmişdə orda yaşayıbmış...

Gözləri önündə bir əlində məşəl, o birində zeytun çələngi tutmuş qələbə ilahəsi Viktoriya canlandı. Zəfər onunla idi. Bədənində hərarətin yüksəldiyini hiss etdi.

Özünə dönüş, keçmiş kimliyinə varma sevinci ilə dərindən ah çəkdi. Ancaq tezliklə bu təntənə udulan hava ilə nöqtələndi. İşıqlı fikirlərini və yaşamağa hazırlaşdığı parlaq həyatı ağciyərlərinə yayılan tüstü qaraltdı.

Gözləri qara tabloya zilləndi, nəfəsalması çətinləşdi. Bayaq qapı döyüldüyündə hövlnak yerindən sıçramışdı. İçkili vücud masanın üstündəki külqabıya toxunmuş, fərqinə varmadan onu xalçanın üstünə aşırmışdı.

Döşəmədə közərən siqaret də yavaş-yavaş öz işini görmüşdü. Hər şey keçmişin diktəsilə baş vermişdi. Qəzəbli ruh ona qayıtmaq istəməmişdi. Və bu dönüşü əngəlləyərək odu şirnikləndirmişdi.

Indi xəstəxana çarpayısında bədəninin yanmış hissələrinin sızıltısı, göynərtisi ilə baş-başa qalmışdı: yenicə doğmuş günəşin işartıları ona “keçmiş olsun” söyləyirdi: xoşbəxt idi... indiki özünü yaşayırdı.

Qayıtmayacaq keçmiş, yaşanmamış gələcək artıq beynindən silinmişdi. Acı reallıq dumanlı yaddaşı təmizləmişdi....

Özünü dərk fəlsəfəsi missiyasını tamamlamışdı:” Özündən kənara çıxa biləcəyini düşünmə! Vücudunun əsirlikdə, ruhun idarəçiliyində mövcudluğunu qəbul et!”

XS
SM
MD
LG