Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:22

AZAL prezidentinin xanımına 'yox' deyildi


C.Əsgərov və Z.Həmzəyeva
C.Əsgərov və Z.Həmzəyeva

"İdeal" mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov AZAL rəhbəri Cahangir Əsgərovun xanımı Zərifə Həmzəyevadan şikayətlərinə görə məhkəməyə verilib. İsmayılov dövlət orqanlarına ünvanladığı şikayət məktublarında, mediaya müsahibələrində iddia edirdi ki, Həmzəyeva zorla "İdeal"ı onun əlindən alıb, bu məqsədlə o, sifarişlə həbs etdirilib və s.

"Premium Bank"ın əsas səhmdarı olan Həmzəyeva məhkəməyə özü müraciət etməyib. Onun ünvanına səslənən fikirlərə görə hüquqşünası və nümayəndəsi Məharət Hüseynli xüsusi ittiham qaydasında iddia qaldırıb. İsmayılovun CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılması tələb edilib.

İddiaya Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyev baxıb. İyulun 5-də çıxarılan hökmdən məlum olub ki, məhkəmə iddianı əsassız hesab edib. Belə nəticəyə gəlib ki, İsmayılovun AZAL prezidentinin xanımına böhtan atması, onu təhqir etməsi haqda iddialar sübuta yetirilməyib. Ona görə də məhkəmə prosesinin əvvəlində CM-nin 147 və 148-ci maddələri ilə təqsirləndirilən şəxs qismində tanınan İsmayılova bu ittihamlar üzrə bəraət verilib.

Xatırlatma

İşadamı İsmayılov hazırda həbsdədir. O, CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur. Bu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Amma İsmayılov özünü təqsirli bilmir. Məhkəməsində də deyib ki, başına gələnləri ictimailəşdirdiyinə görə onu cəzalandırmaq, həm də susdurmaq məqsədilə yenidən həbs ediblər.

"İdeal"ın idarəçiləri 2020-ci ildə "Sabina" mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət "Adore Company"ə daxil edilib.

Həmzəyeva həm də Azərbaycanda kosmetika məhsullarının istehsalçısı olan "Gazelli Group"un rəhbəridir.

"Premium Bank" 1993-cü ildə "AZAL Bank" adı ilə yaradılıb. 2008-ci ildə adını "SilkWay Bank"a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Bankın səhmdarları Zərifə Həmzəyeva, "VIP Aviation Services" MMC və Elvira Əhmədovadır.

XS
SM
MD
LG