Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:35

İsrail və Hizbullah arasında tammiqyaslı müharibə olsa, Tehran nə edəcək?


Beyrutdakı qaçqın düşərgəsində aksiya, 31 iyul
Beyrutdakı qaçqın düşərgəsində aksiya, 31 iyul

AzadlıqRadiosunun İran məsələlərindən yazan təhlilçisi Kian Şərifinin məqaləsində deyilir ki, İsrail və Livandakı Hizbullah silahlı qruplaşması arasında sərhəd üzərindən qarşılıqlı hücumlar nəticəsində çox sayda öldürülənlər olub və minlərlə insan yurdundan didərgin düşüb.

Lakin Livandan İsrailin işğalında olan Qolan təpələrinə ölümcül raket hücumundan sonra indi bu ikisi arasında tammiqyaslı müharibənin təhlükəsi var.

Hizbullah iyulun 27-də edilmiş hücumla hər hansı əlaqəsini dərhal inkar edib. Bu hücum nəticəsində 12 nəfər, o cümlədən uşaqlar həlak olub. Hizbullahın inkarına baxmayaraq İsrail qisasla hədələyib.

Lakin Şərifi yazır ki, ekspertlərin fikrincə İsrail oktyabr ayında HƏMAS-a qarşı əməliyyatlara başlayandan sonra əslində heç bir tərəf regionda tammiqyaslı müharibə istəmir.

“Heç bir tərəf müharibə istəmir”

Bəhreyndə mənzilisənmiş Le Beck beynəlxalq konsaltinq şirkətinin kəşfiyyat üzrə direktoru Maykl Horovitz (Michael Horowitz) isə düşünür ki, hazırda İsrail və Hizbullah böyük eskalasiyanın ərəfəsindədirlər.

Bununla belə ekspert inanır ki, tərəflərdən heç biri bunda maraqlı deyil. Horovitz əlavə edir ki, İsrail və Hizbullah arasında münaqişə İran üçün son dərəcə təhlükəlidir.

Məqalədə deyilir ki, Tehran Hizbullahın əsas müttəfiqidir və onu ABŞ və Qərbə qarşı “müqavimət oxunun” əsas üzvlərindən biri hesab edir.

Hizbullah habelə İsrail və ya Vaşinqtonu Tehrana qarşı müharibədən çəkindirən amillərdən biri sayılır.

Hizbullah və İraq, Suriya və Yəməndə İran tərəfindən dəstəklənən silahlı qruplaşmalar oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra xeyli fəallaşıblar.

"İran düşmənçiliyin bədəlindən xəbərdardır"

Almaniyadakı Beynəlxalq Təhlükəsizlik İşləri İnstitutundan Həmidrza Əzizi bildirir ki, bu hücumlardan məqsəd “İsraili sıxışdırmaq” və İranın dəstəklədiyi HƏMAS-ı xilas etməkdir:

"Bu koordinasiya aşkar şəkildə İran tərəfindən dəstəklənir, amma son məqsəd müharibənin miqyasını böyütmək yox, onu bitirməkdir. Mən düşünmürəm ki, İran hər hansı bir şəkildə İsrail və Hizbullah arasında müharibədən faydalana bilsin”.

Əzizi qeyd edir ki, İran və müttəfiqləri İsrailə qarşı düşmənçiliyin bədəlindən nigarandırlar. Çünki İsrail cavab olaraq Hizbullah da daxil İran tərəfindən dəstəklənən qruplaşmaların komandirlərinə, hərbi qurğularına və maliyyə fəaliyyətlərinə zərbələr endirir.

Hizbullah İranın aparıcı silahlı partnyorudur və Tehrana onun regional və qeyri-dövlət müttəfiqləri şəbəkəsini idarə etməkdə kömək edir.

Horovitz isə iddia edir ki, Livanın Hizbullah qruplaşması İranın cəbbəxanasındakı ən güclü alətdir və müəyyən mənada, İsrailin çəkindirilməsində bəlkə İranın özündən də qüdrətlidir.

Ekspertin fikrincə əgər müharibə başlasa, İran özünün əsas müttəfiqinin müdafiəsinə qalxmalı olacaq.

Horovitz qeyd edir ki, İsrail də Hizbullahla münaqişənin bədəlini ödəyir.

Druz qadınlar iyulun 28-də Qolan təpələrindəki Məcdəl Şəms kəndinə raket düşməsi nəticəsində ölən yaxınlarının yasında
Druz qadınlar iyulun 28-də Qolan təpələrindəki Məcdəl Şəms kəndinə raket düşməsi nəticəsində ölən yaxınlarının yasında

Druzlar

Hizbullah adətən İsrail üzərinə hücumlarını etiraf etməkdən çəkinmir. Bununla belə qruplaşma Qolan təpələrinə hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Horovitz bu qənaətdədir ki, buna səbəb hücum nəticəsində çox sayda mülkinin ölməsi və onların hamısının etnik Druz icmasını təmsil etməsidir.

Ərəbdilli druzlar Livan, Suriya, Qolan təpələri və İsrailin şimalında məskunlaşıblar.

Ekspert vurğulayır ki, İsrailin 1981-ci ildə Suriyadan işğal etdiyi Qolan təpələrində yaşayan druzlar özlərini israilli hesab etmirlər.

Horovitz deyir ki, Hizbullah habelə Livan cəmiyyətinin İsrailə qarşı daha bir dağıdıcı müharibə istəməməsinin fərqindədir.

Əgər müharibə başlasa...

Gərginliyin artdığı bir vaxtda İsrail təhlükəsizlik kabineti iyulun 29-da baş nazir Benyamin Netanyahunu Hizbullaha cavab vermək üçün səlahiyyətləndirəndən sonra tammiqyaslı müharibə real görünür.

İyulun 30-da axşam İsrail Beyruta hava zərbələri endirib və Hizbullahın 1980-ci illərdə əsası qoyulandan bəri aparıcı hərbi fiqurlarından Fuad Şükürün öldürüldüyünü iddia edib.

Bundan bir neçə saat sonra HƏMAS-ın siyasi lideri İsmayıl Haniyə Tehrana səfəri zamanı həlak olub. İsrail bu zərbə üçün məsuliyyəti öz üzərinə götürməsə də, İran bu hadisəyə görə məhz İsraili ittiham edir.

Əzizi bildirir ki, sözü gedən iki qətldən əvvəl İran və onun regional müttəfiqləri özlərini İsrailə qarşı əhəmiyyətli, lakin tədrici eskalasiyaya hazırlamışdılar.

“İran münaqişədən mümkün qədər aralı duracaq”

Lakin ekspertin fikrincə İranın bu münaqişəyə birbaşa müdaxiləsi İsrail və Hizbullah arasında müharibənin gedişatından asılı olacaq.

Əzizi düşünür ki, əgər müharibə başlasa, “müqavimət oxuna” daxil qüvvələr İsrailə, həm də regiondakı ABŞ hədəflərinə hücumlarını artıracaqlar.

Ekspert qeyd edir ki, əgər İsrail yalnız hava zərbələri ilə kifayətlənsə, Hizbullah özünü müdafiə edə biləcək. Amma komandanlığı zəiflədilmiş qruplaşma İsrailin quru hücumunu dəf etməkdə gücsüz ola bilər.

Əzizi deyir ki, bu halda İranın qüdrətli İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələri münaqişəyə birbaşa müdaxilə edə bilər.

Bu da vurğulanır ki, əgər Hizbullaha təhlükə artarsa, İran bu ilin aprelində olduğu kimi İsrailə hava zərbələri endirmək istəyə bilər.

Horovitz isə vurğulayır ki, İranın birbaşa müdaxiləsi mümkün olsa da, Tehran hər halda münaqişəyə birbaşa müdaxilədən mümkün qədər aralı durmağa çalışacaq.

XS
SM
MD
LG