Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 14:23

İrana gedib-gələnlərə xəbərdarlıq


Arxiv foto
Arxiv foto

İrandan Azərbaycana ərzaq məhsullarının gətirilməsinə Astara gömrüyündə icazə verilməyəcəyi bildirilir.
Bu barədə Azadlıq Radiosuna İrandan qayıdan Azərbaycan vətəndaşları məlumat veriblər. Həmin şəxslərin sözlərinə görə, belə bir xəbərdarlıq fevralın 23-dən etibarən edilib.

Onların deməsinə görə, bu İranda koronavirusdan ölüm hallarının baş verməsi ilə izah edilir.

Amma bu deyilənləri, hələlik, Dövlət Gömrük Komitəsi və başqa rəsmi qurumlardan dəqiqləşdirmək cəhdləri nəticə verməyib.

Astarada gömrük keçid məntəqəsi,2019
Astarada gömrük keçid məntəqəsi,2019

Hazırda, sərhədyanı ərazilərdə fəaliyyət göstərən ticarət obyektlərində bahalaşma da müşahidə olunur. Bir neçə gün bundan əvvəl 4 manat 50 qəpiyə satılan konfet, indi 5 manata təlikf edilir. Bananın və digər məhsulların qiymətlərində də bahalaşma olduğu bildirilir. Üstəlik, qeyd edilir ki, İranda yerli valyutanın ucuzlaşması davam edir.

Sahibkarların deməsinə görə, anbarlarda aylarla yığılib qalan ərzaq məhsullarını Azərbaycanın başqa bölgələrindən gələn alıcılar alıb aparırlar.

Bununla belə sərhəddə qaydaların sərtləşdirilməsindən razılıq edənlər də var. Onlar koronavirus təhlükəsinin Azərbaycana da keçəcəyindən narahatdırlar. Hətta bəziləri hesab edir ki, İranla sərhəd müvvəqqəti baglanmalıdır.

Hələ bir neçə gün öncə İrandan gələn Azərbaycan vətəndaşları bildirmişdilər ki, koronavirusa görə, sərhəddə nəzarət gücləndirilib.

Fevralın 21-də isə Biləsuvar Gömrük İdarəsinin növbətçi hissəsindən bildirmişdilər ki, keçid məntəqələrində koronavirusla bağlı bütün tədbirlər görülüb:

«Koronavirusla bağlı bütün tədbirlər görülüb. Hətta maskalar da verilib. İnsanlar ciddi şəkildə yoxlanılırlar».

XİN İrana gedənlərə xəbərdarlıq edir

Bu gün, fevralın 23-də Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlama İran İslam Respublikasına səyahət edən Azərbaycan vətəndaşlarına yönəlib.

Sənəddə qeyd edilir ki, son zamanlar yeni növ təhlükəli virusun (coronavirus 2019-nCoV) yaxın bölgədə yayılması təhlükəsini nəzərə alaraq və İranın rəsmi qurumlarının bu xüsusda yaydığı xəbərdarlığa istinad edərək, vətəndaşların bu ölkəyə səyahət edərkən, xüsusilə də ziyarət səfərləri zamanı son dərəcə ehtiyatlı olmaları tövsiyə edilir.

Açıqlamada habelə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etmək vacib sayılır.

“Hər hansı problemlə üzləşdikləri zaman Azərbaycan vətəndaşlarından Azərbaycan Respublikasının Tehran şəhərindəki Səfirliyinə və ya Təbriz şəhərindəki Baş Konsulluğuna müraciət etmələri tövsiyə olunur”, sənəddə yazılıb.

Xatırlatma

Çin, Hubei, 16 fevral 2020.
Çin, Hubei, 16 fevral 2020.

Ötən ilin sonu Çində yeni koronavirus aşkarlanıb. Bu virusdan ölənlərin sayının Çində 2,5 minə yaxınlaşdığı bildirilir. Yeni virusun bir çox ölkələrə də yayıldığı vurğulanır. Azərbaycan Səhiyyə Nazirliyindən verilən məlumata görə, onlarda yeni virusun daşıyıcısı aşkarlanmayıb.

İran İslam Respublikasında isə bir çox insanların koronavirusa yoluxduğu rəsmən təsdiq edilib. İranda son günlər həmin virusdan ölüm hallarının da baş verdiyi vurğulanır.

XS
SM
MD
LG