Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 08:38

İran Trump-ın hədəsinə cavab verir


İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Hossein Salami
İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Hossein Salami

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandanı deyib ki, o öz qüvvələrinə ABŞ gəmilərini “potensial olaraq” hədəfləməyi əmr edib.

Bundan əvvəl ABŞ prezidenti Donald Trump donanmaya Birləşmiş Ştatların gəmilərini sıxışdırmağa çalışan İran gəmilərinə atəş açmaq əmri verdiyi barədə tvit yazmışdı.

Aprelin 23-də dövlət televiziyası ilə çıxış edən general Hossein Salami xəbərdarlıq edib ki, onun qüvvələri “istənilən hərəkətə qətiyyətli, effektiv və çevik əks-hərəkətlə” cavab verəcək:

"Biz öz dəniz birliklərimizə əmr etmişik ki, əgər Amerikanın terrorçu ordusunun hər hansı gəmiləri və ya dəniz qüvvələri bizim ticarət və ya hərbi gəmilərimizə təhlükə yaradarsa, onda onlar ABŞ gəmi və dəniz birliklərini hədəfləməlidirlər”.

Trump aprelin 22-də yazdığı tvitdə bildirirdi ki, o “ABŞ Donanmasına Amerika gəmilərini qısnayan hər hansı və ya bütün İran katerlərini vurub məhv etməyi əmr edib”.

Bu əmrdən bir həftə əvvəl ABŞ donanmasının açıqladığı videoda kiçik İran katerlərinin Fars körfəzinin Küveyt sahillərində təlim keçən ABŞ hərbi gəmilərinə yaxınlaşdığı görünürdü.

Tehran və Vaşinqton arasında gərginlik ötən yanvarda İranın seçmə Qüds Qüvvələrinin komandanı general Qasem Soleimani İraqda ABŞ dronu tərəfindən öldürüldükdən sonra daha da gərginləşib.

Tehran Vaşinqtona nota göndərib

Bu arada İİKK aprelin 22-də çoxsaylı uğursuz cəhdlərdən sonra hərbi peyki orbitə çıxardığını xəbər verib.

Qərb hökumətləri İran peykinin orbitə çıxmasını hələlik təsdiqləməyib, lakin ABŞ dövlət katibi Mike Pence deyib ki, İran kosmosa raket buraxmalqla BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozub.

O deyib ki, indi bütün ölkələr BMT-yə müraciət edərək bu raket buraxılışının qətnamələrə uyğun olub-olmadığını xəbər almalıdır.

Aprelin 23-də İran Tehranda ABŞ-ın maraqlarını təmsil edən İsveçrə səfirini Xarici İşlər Nazirliyinə dəvət edərək Trump-ın hədəsi barədə şikayət bildirib.

İran XİN-in sözçüsü Abbas Musavi deyib ki, bu barədə xüsusi nota Vaşinqtona çatdırması üçün İsveçrə səfirinə verilib.

Onun sözlərinə görə, notada bildirilir ki, İran özünün Fars körfəzindəki dənizçilik hüquqlarını müdafiə edir və istənilən hədələrə cavab verməyə hazırdır.

XS
SM
MD
LG