Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:26

Rial rekord həddə düşüb və başqa İran xəbərləri


Rial
Rial

İran ədliyyəsi doktor Həmid Qarahəsənlu barəsində çıxarılmış ölüm cəzası hökmünün ləğv oldunması xəbərini təkzib edib.

Qarahəsənlu başqa dörd müttəhimlə birlikdə təhlükəsizlik zabitinin qətlindəki roluna görə edam cəzasına məhkum edilib.

Tehranda çıxan Etemad qəzeti dekabrın 21-də xəbər vermişdi ki, sözü gedən ölüm hökmü “bir tanınmış siyasi fiqurun ölkənin yüksək vəzifəli rəsmilərinə müraciətinə” görə ləğv olunub.

Xəbərdə “siyasi fiqurun” adı çəkilmirdi, amma deyilirdi ki, o Etemad qəzetinə müsahibəsində belə bir müraciəti etdiyini və müsbət cavab aldığını təsdiq edib.

Yəni Xameneyi?

İranın siyasi mədəniyyətində “yüksək vəzifəli rəsmilər” deyiləndə adətən ali rəhbər ayətüllah Əli Xameneyini nəzərdə tuturlar.

Lakin İran ədliyyəsinin Media Mərkəzi bildirir ki, belə bir məktub “yersiz” olardı, çünki məhkəmənin son qərarı hələ elan edilməyib.

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, edam hökmü Qarahəsənluya xəstəxanada cərrahiyyə əməliyyatı zamanı rəsmən təqdim olunub.

Hakimiyyət orqanları bildirir ki, Qarahəsənlu da daxil 16 etirazçı kütləvi nümayiş zamanı Bəsic qüvvələrinin əməkdaşını qətlə yetirməkdə ittiham olunurlar.

Müttəhimlərin hamısı ittihamları rədd edir və bildirirlər ki, etirazlarda iştirak etdiklərinə görə hədəfləniblər.

Daha dörd nəfəri edam gözləyir

Bu iş üzrə daha dörd nəfər edam təhlükəsi ilə üzləşib, digər 11 nəfərə isə uzunmüddətli həbsxana cəzaları kəsilib.

Dünyanın müxtəlif ölkələrindən olan həkimlər ixtisasca radioloq olan Qarahəsənluya dəstək bildiriblər.

Qarahəsənlunun qardaşı AzadlıqRadiosuna deyib ki, zabitlər həkimin qardaşına və baldızına işgəncə veriblər.

Beynəlxalq insan haqları təşkilatları İranda etirazlarla bağlı çıxarılan edam hökmlərini qətiyyətlə pisləyirlər.

Amma mühafizəkarların çoxluğa malik olduğu İran Milli Məclisi ədliyyəni etirazlarda iştirak edənlərə amansız hökmlər çıxarılmasına çağırıb.

İndiyədək İranda etirazlarda iştirakı ilə bağlı iki nəfər edam olunub.

***

İranın etirazlar davam etdiyi bir vaxtda milli valyuta – rial ABŞ dollarına qarşı rekord həddə ucuzlaşıb.

Dekabrın 20-də bir dollar 396 min 700 riala bərabərləşib. Bir ay öncə məzənnə 353 min 400 idi. Radio Fərda məlumatı Tehrandakı treyderlərə və Bonbast.com xarici valyuta vebsaytına istinadla yayıb.

Etirazlardan öncəki məzənnə

Sentyabrda başlayan etirazlardan öncə bir dollar 298 min 200 rial idi.

Məhsa Əmini adlı qadının guya hicab qaydasını pozduğuna görə saxlanandan sonra vəfatı ölkəni çalxalayıb.

Milli valyutanın ucuzlaşmasının bir səbəbi də Tehranla dünya güclərinin 2015-ci il nüvə sazişinin dirçəldilməsinə ümidlərin bitməsi haqda yayılan xəbərlərdir.

İranın xarici işlər naziri və nüvə danışıqlarında əsas təmsilçisi dekabrın 20-də İordaniyada Avropa İttifaqının xarici siyasət rəhbəri və blokun nüvə danışıqları üzrə rəsmisi ilə görüşüb. Məlumatı İranın rəsmi IRNA agentliyi yayıb, ancaq görüşün detalları açıqlanmayıb.

Nüvə sazişi “artıq ölüb”

İranda sosial media şəbəkələrində isə bir video yayılıb. ABŞ Prezidenti Co Bayden (Joe Biden) noyabrın 4-də Kaliforniyada seçki tədbirində iranlı etirazçıya deyir ki, nüvə sazişi “artıq ölüb, ancaq bunu elan etmirik”.

İran dünya gücləri ilə nüvə sazişini imzalayanda bir dollar 32 min rial idi. Həmin saziş İranın nüvə proqramını məhdudlaşdırması qarşılığında Tehrana maliyyə sanksiyaları nəzərdə tuturdu.

2018-ci ildə ABŞ-ın ozamankı prezidenti Donald Tramp sazişdən çıxaraq İran iqtisadiyyatı və valyutasına ağır sanksiyaları bərpa etdi. Vaşinqtonun addımından sonra İran da sazişin bəzi məhdudiyyətlərini daha yerinə yetirə bilmədiyini deyərək pozmağa başladı.

Tehran nüvə proqramının dinc məqsədli olduğunu desə də, Qərb onun nüvə silahı hazırlamaq qabiliyyətinə yaxınlaşa biləcəyindən ehtiyatlanır.

XS
SM
MD
LG