Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:20

Azərbaycan İran-İsrail gərginliyində necə mövqe tutmalı...


Şahmat taxtasındakı piyadaların arxasında İran və İsrail bayraqları.
Şahmat taxtasındakı piyadaların arxasında İran və İsrail bayraqları.

Aprelin 14-ü gecə saatlarında İran İsrailə dron və raketlərlə hücum edib. İsrail Müdafiə Ordusunun məlumatına görə, İran tərəfindən buraxılan raketlərin və dronların 99 faizi, ümumilikdə 300-dən çoxu (əksəriyyəti də İsrail ərazisindən kənarda) vurulub. İsrail Neqev səhrasındakı bir hərbi bazaya cüzi ziyan dəydiyini bildirib.

İran isə, öz növbəsində, İsraildə nəzərdə tutulan bütün hərbi obyektləri vurduğunu iddia edir. Tehran bu hücumu Dəməşqdəki konsulluğuna endirilən zərbəyə cavab olduğunu və əməliyyatın məqsədlərinə çatdığını bildirir. (Aprelin 2-də İranın Suriyadakı diplomatik missiyasının ərazisinə hava hücumu nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 7 üzvü həlak olub. İsrail rəsmi olaraq bu hücumu öz üzərinə götürməyib)

Azərbaycandan ilkin reaksiya

Bütün bu hadisələrin Cənubi Qafqaza və Azərbaycana hansı təsirləri ola bilər? Rəsmi Bakının indiki situasiyada mövqeyi necə olmalıdır? Hələlik, açıqlanan rəsmi mövqeyə görə, Azərbaycan İran və İsrail arasında artan gərginlikdən narahatdır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) X-dəki paylaşımında bildirib. "Biz bütün tərəfləri təmkinli olmağa və Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirə biləcək təhlükəli eskalasiyadan qaçmağa çağırırıq",- paylaşımda vurğulanır.

Hikmət Babaoğlu
Hikmət Babaoğlu

"Həssas mövzu..."

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Hikmət Babaoğlu da qeyd edir ki, İran-İsrail münasibətləri beynəlxalq münasibətlər sistemində ən həssas mövzulardan birinə çevrilib: "Son gərginliyin əsas səbəbi üçüncü ölkədə İranın diplomatik binasının vurulmasıdır".

Deputat beynəlxalq münasibətlərə toxunaraq "Turan"a deyib ki, bir ölkədə baş verən hadisə digərində güzgü effekti ilə əks olunduğu üçün bu proseslərin mütləq Cənubi Qafqaza və Azərbaycana da təsiri var: "Nəzərə alın ki, sonuncu gərginlikdən sonra Argentinadan başlamış, Böyük Britaniyaya qədər dünya ölkələri öz mövqelərini bildirdilər və yaxud prosesdə iştiraka hazır olduqlarını bəyan etdilər. Ona görə də bu həssas mövzu Azərbaycanın xarici siyasətinin də əsas məsələlərindən biridir. İran çox yaxın qonşu ölkədir, həm də orada 30 milyondan çox soydaşımız yaşayır. Bundan əlavə, qonşu ölkədə bəzi dairələr orada nə baş verirsə versin, Azərbaycanı bununla əlaqələndirməyə çalışır və, təəssüf ki, İran ictimai rəyini manipulyasiya etmək istəyirlər".

"Böyük müharibə riskini görmürəm"

Siyasi şərhçi Şahin Cəfərli AzadlıqRadiosuna bildirib ki, İran və İsrail arasındakı gərginlik böyük savaşa çevriləcəyi təqdirdə Cənubi Qafqaza təsirindən danışmaq mümkündür: "Tutaq ki, savaş olarsa, İrandan böyük insan dalğasının gəlməsi riski var, onun bir hissəsi Azərbaycan sərhədlərinə doğru yönələ bilər. Xüsusən bu dalğada Azərbaycan türkləri olacaqsa, o zaman onları ərazimizə qəbul etməkdən başqa yolumuz qalmayacaq. Yəni, böyük müharibə olacağı təqdirdə bu cür perspektiv gözləniləndir".

Şahin Cəfərli
Şahin Cəfərli

Onun deməsinə görə, digər tərəfdən, Azərbaycanın İsraillə hərbi kəşfiyyat sahəsində yaxın əlaqələri heç kim üçün sirr deyil: "2020-ci ildə, İkinci Qarabağ müharibəsindən sonra Tehran tərəfindən bu cür ittihamlar tez-tez səslənirdi ki, İran-Azərbaycan sərhədində İsrail dövləti hansısa hərbi-kəşfiyyat işləri aparır. Hətta deyirdilər ki, lazım gələrsə, zərbə də endirərlər. Ancaq böyük müharibə riskini görmürəm. İranın gecə əməliyyatları da məhdud və ölçülü idi. Bu da göstərdi ki, İran rejimi də böyük müharibənin baş verməsində maraqlı deyil".

"Bakı Tehrandan da belə münasibət gözləyir"

Azərbaycanın mövqeyinə gəlincə, deputat H.Babaoğlu rəsmi Bakının mövqeyinin ardıcıl və sistemli xarakter daşıdığını vurğulayıb: "Azərbaycan əvvəlcədən İranın ərazi bütövlüyünü tanıyıb, qonşu ölkədə rifahın və sabitliyin olmasında maraqlı olub. Nəticə etibarı ilə İran həm də bizim soydaşlarımızın vətənidir. İkincisi, Azərbaycan İrana qarşı sanksiyalara qoşulmayıb və ərazisindən üçüncü ölkənin istifadə etməsinə izn verməyib. Nə baş verirsə, versin, Azərbaycan bu prinsiplərinə sadiq qalacaq, İranda da bunu bilirlər və bilməlidirlər".

Amma H.Babaoğlu təəssüflənir ki, İran azərbaycanlıların mənəvi və vətəndaşlıq haqlarını gözardı edir: "Bunun üçün də daim Azərbaycanı sionizmi dəstəkləməkdə ittiham edir ki, oradakı azərbaycanlılara bizi düşmən kimi göstərsin. Əslində bütün bunlar bizim ortaq kimliyimizin parçalanmasına xidmət edir. Yenə də Azərbaycan İranın ərazi bütövlüyünə hörmətlə yanaşacaq və Bakı Tehrandan da belə münasibət gözləyir".

Biləsuvarda İran radioları Azərbaycan dilində təbliğat aparır
Gözlə

No media source currently available

0:00 0:08:27 0:00

"Bakı proseslərdən uzaq olmalıdır"

Ş.Cəfərli isə Azərbaycanın son hadisələrdə xüsusi fəallıq göstərməsinə ehtiyac görmür. O vurğulayır ki, Azərbaycan müharibənin baş verməsində də maraqlı deyil: "Bakının həm İranla, həm İsraillə normal münasibətləri var. Bu balansı Azərbaycan mümkün qədər davam etdirməlidir. Tamamilə İsrailyönlü siyasət yeritmək də Azərbaycanın maraqlarına uyğun deyil".

O düşünür ki, bütün hallarda rəsmi Bakı balansı saxlamağa çalışmalıdır: "Tərəflərdən heç birinə qoşulmadan, heç birinin tərəfini tutmadan neytral şəkildə siyasətini davam etdirməlidir. Eyni zamanda, Azərbaycandan xüsusi tələb edən də yoxdur ki, gəl bizə qoşul… Bu mənada mümkün qədər Bakı proseslərdən uzaq olmalıdır".

XS
SM
MD
LG