Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:37

İran prezidenti hicab qaydalarını sərtləşdirən fərman verdi


İran hökumət idarələrindən birində
İran hökumət idarələrindən birində

Yeni Hicab və Paklıq Qanununa görə sosial media profilləri üçün hicabsız şəkil çəkdirən qadınlar 6 aydan bir ilədək bir sıra sosial təminat hüquqlarından məhrum edilə bilərlər

İran prezidenti İbrahim Rəisi ölkənin hicab və paklıq qanununun tətbiqinin sərtləşdirilməsi məqsədilə fərman imzalayıb.

Fərman qadınların geyim məcəlləsində bir sıra yeni məhdudiyyətlər nəzərdə tutur.

İran dövlət televiziyasına bağlı IRIB xəbər agentliyinin yazdığına görə Məhəmməd Saleh Haşemi Qolpayeqani avqustun 14-də Milli Hicab və Paklıq Konfransında deyib ki, yeni fərman geyim normalarını pozanların cərimə olunmasını, belə qaydapozanlar hökumət qulluqçusu olduğu hallarda isə onların işdən qovulmasını nəzərdə tutur .

Qolpayeqani deyib ki, qadın hökumət qulluqçuların sosial mediadakı profil fotoları diqqətlə nəzərdən keçiriləcək.

Qolpayeqani İranda “Xeyirə qoşul, şərdən uzaq ol” adlı təşkilatın rəıhbəridir.

Bu təşkilat cəmiyyətdə əxlaq və davranış normalarına riayət edilməsinə nəzarət edir.

Yeni Hicab və Paklıq Qanununa görə sosial media və internetdəki profilləri üçün hicabsız şəkil çəkdirən qadınlar 6 aydan bir ilədək bir sıra sosial təminat hüquqlarından məhrum edilə bilərlər.

Əxlaq polisi fəallaşıb

Son vaxtlar İranda qadınların hicab qaydalarına əməl etməməsinə görə onların üzərinə hücum və təzyiqlər barədə xəbərlər yayılır.

İran qanunlarına görə qadınların ictimai yerlərdə hicabsız olması qadağandır.

Son həftələrdə hicab qaydalarına tam riayət etməyin qadınların, hökumət idarələrinə, banklara və ictimai nəqliyyata buraxılmaması barədə xəbərlər gəlir.

Bu da qeyd olunur ki, son dövrlərdə İranda əxlaq polisi daha da fəal və aqressiv olub.

Sosial mediada yayılan videolarda hicab qaydasını pozan qadınların küçədə saxlanaraq mikroavtobuslara mindirildiyi görünür.

İranda qadınların baş örtüyündən ibarət hicab 1979-cu il İslam İnqilabından sonra icbari olub.

Buna baxmayaraq bir çox qadınlar hicab qaydasına etinasız münasibət nümayiş etdirir, bəzi hallarda isə hicabsız aksiyalar keçirirlər.

XS
SM
MD
LG