Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:28

İranda seçkiöncəsi təkrarlanan sual: Nə mənası var?


Tehranın mərkəzində seçki plakatları.
Tehranın mərkəzində seçki plakatları.

Martın 1-də İranda parlament və Ekspertlər Məclisinə seçkilər keçiriləcək. Ekspertlər Məclisi ölkənin ali dini liderini seçən qurumdur.

İranda yaşayan çox sayda insan AzadlıqRadiosunun "Radio Fərda" xidmətinə göndərdiyi onlarla səsli və yazılı mesajda "mənasız" adlandırdıqları seçkiyə qatılmayacağını bildirib. Vətəndaşların fikrincə, bu seçkilər hakimiyyəti aşırı mühafizəkarların əlində cəmləşdirəcək.

"Siz xalqı təmsil etmirsiniz"

AzadlıqRadiosunun əməkdaşı Kian Şərifinin "Radio Fərda" xidmətinin materialı əsasında qələmə aldığı məqalədə deyilir ki, sayı çox olmasa da, bu rəylər İranın dini hakimiyyətinin üzləşdiyi çətinlikdən soraq verir.

"Siz xalqı təmsil etmirsiniz. Xalq sizə yalnız səslərinə görə lazımdır, başqa heç nəyə görə lazım deyil. Sonra xalqla heç bir işinizin olmasını istəmirsiniz, xalq qalır bir kənarda", - bir iranlı kişinin göndərdiyi səsli mesajda dilə gətirdiyi sözlərdir.

Başqa bir kişi xalqı "qədim və mədəni İranda heç bir yeri olmayan korrupsiyalaşmış rejimə" səs verməməyə çağırıb. "Edamlara, diktaturaya və vətənim İranın işğalına "yox" deməyin vaxtı deyilmi?" - həmin şəxs "Radio Fərda"ya göndərdiyi səsli mesajı belə sualla bitirir.

Hər hansı müxalif düşüncəyə dözümü olmayan İranın hakim dini rejimi son illərdə çox sayda jurnalist, fəal və vəkili həbsə atıb.

İnsan haqları təşkilatlarının məlumatına görə, təkcə ötən il İranda təxminən 700 məhbus, o cümlədən doqquz etirazçı edam edilib.

Bütün ölkəboyu aylarla sürən etirazların qəddarca yatırılması zamanı, azı, 500 etirazçı öldürülüb, minlərlə insansa həbs edilib.

"Siyasi zərurət və mənəvi vəzifə"

2022-ci ilin sentyabrında İslam respublikasının əsas sütunlarından biri olan məcburi hicab qaydasının zorla tətbiqinə reaksiya kimi başlayan etirazlar qısa zaman içində böyüyərək İrandakı teokratiyaya qarşı nümayişlərə çevrildi. Bəzi etirazçılar klerikal rejimə son qoyulmasını tələb edirdi.

"Bu gün biz görürük ki, klerikal diktaturanı tənqid edənlər öldürülür, yaralanır, işgəncəyə məruz qalır və həbsə atılır", - başqa bir kişinin Radioya göndərdiyi səsli mesajdakı sözlərdir.

"Radio Fərda"ya İran daxilindən səsli və yazılı mesaj göndərənlər təqiblərdən çəkindikləri üçün ad və yaşadıqları yeri göstərməyiblər.

Ölkə xaricində yaşayan tanınmış iranlılar, eləcə də İrandakı siyasi və vətəndaş fəalları da xalqı 1 mart seçkisini boykot etməyə çağırıblar.

Fevralın 25-də İranda siyasi, ictimai və mədəniyyət sahələrini təmsil edən 300-dək tanınmış sima qarşıdan gələn seçkiləri açıq şəkildə tənqid edib və xalqı "qurma" və "səhnələşdirilmiş" səsverməyə qatılmamağa çağırıb.

Həbsdəki iranlı insan haqları müdafiəçisi, Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi də boykot çağırışı edib. O, seçki ilə bağlı milli sanksiyaların və dünya qınağının "siyasi zərurət və mənəvi vəzifə" olduğunu da bildirib.

İran rəsmiləri və dövlət mediası boykot çağırışı edənləri "düşmən" dəyirmanına su tökməkdə ittiham ediblər.

Seçiciləri dəfələrlə seçkilərdə səs verməyə çağıran hökumət bunu dini borc adlandırıb.

İranın müqəddəs Qum şəhərində Ali Dini Lider Ayətullah Əli Xameneini əks etdirən seçki lövhəsi.
İranın müqəddəs Qum şəhərində Ali Dini Lider Ayətullah Əli Xameneini əks etdirən seçki lövhəsi.

"Miskin, dərdli və səfil həyatı bitirməyin tək yolu…"

2020-ci ildə keçirilən parlament və 2021-ci ildə keçirilən prezident seçkilərində iştirak faizi rekord həddə azalandan sonra hökumət eyni nəticənin təkrarlanacağından rahatsızdır. Ekspertlər rejimin özünü belə nəticəyə hazırlamaqda olduğunu deyirlər.

"Bu seçkilər mənasızdır. Hətta son illərdə [dövlət tərəfindən] törədilən bütün cinayətlərə laqeyd olsaq belə, seçkilərə qatılmaq özümüzü gülünc duruma salmaqdan başqa bir şey olmaz", - daha bir iranlının "Radio Fərda" xidmətinə göndərdiyi mesajdakı sözləridir.

İranda namizədlikləri təsdiqləyən aşırı mühafizəkar qurumun üzvlərini birbaşa, ya da dolayı yolla ali dini lider seçir. İranda seçkilər həm də bu üzdən ədalətsiz oyun meydanı sayılır.

Başqa bir şəxs göndərdiyi səsli mesajda xalqın səbrinin bitdiyinə və səsvermədə iştirak etməyəcəyinə ümid bəslədiyini deyir. "Bu belə miskin, dərdli və səfil həyatı bitirməyin tək yoludur", - həmin şəxs mesajını belə bitirib.

XS
SM
MD
LG