Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:31

İranlı yeniyetmə qızın ölümünü araşdıracaq beynəlxalq missiyanın yaradılması tələb olunub


Armita Gəravənd
Armita Gəravənd

Human Rights Watch (HRW) beynəlxalq insan haqları təşkilatı İranda əxlaq polisi ilə qarşıdurmanın ardınca “müəmmalı şəkildə vəfat etmiş” 17 yaşlı Armita Gəravəndin ölümü ilə bağlı, BMT fakttoplama missiyası da daxil müstəqil beynəlxalq təhqiqatın keçirilməsini tələb edib.

Gəravənd iddia olunduğuan görə bir ay əvvəl hicab qaydasına nəzarət edən əxlaq polisi ilə üz-üzə gəldikdən sonra komaya düşüb və ötən həftəsonu vəfatı elan olunub.

Gəravənd son 13 ayda iddia edildiyinə görə əxlaq polisi ilə bağlı həyatını itirmiş ikinci gənc qadındır.

HRW-nin noyabrın 2-də yaydığı bəyanatda deyilir ki, dünya hökumətləri müstəqil təhqiqatçıların, insan haqları fəalları və jurnalistlərin şahidlərlə sərbəst təmasda ola bilməsi üçün İran hakimiyyətinə təzyiq göstərməlidirlər.

Bu da qeyd olunur ki, İran hakimiyyət orqanları oktyabrın 29-da Armita Gəravəndin dəfni zamanı mərasim iştirakçılarının bəzilərini həbs edib.

AzadlıqRadiosunun İran xidməti – Fərda yazır ki, Gəravəndin ailəsinə mərasimə çox sayda insanın toplaşmasına yol verilməməsi üçün yasın başqa tarixə keçirməsi üçün təzyiq göstərilib.

Bundan əvvəl

İnsan haqları fəalları və jurnalistlər deyirlər ki, Armita Gəravənd və onun iki rəfiqəsi oktyabrın 1-də Tehran metro stansiyasının girişində hicabsız olduqlarına görə əxlaq polisi tərəfindən saxlanıblar.

Rəfiqələrindən biri Gəravəndin polis zorakılığına məruz qaldığını bildirib.

Bundan sonra metro vaqonunun içərisində Gəravənd huşunu itirərək yıxılıb. Hakimiyyət rəsmiləri onun qan təzyiqinin qəfil düşdüyünü və bu səbəbdən yıxılaraq başını zədələdiyini iddia edirlər.

Fəcr xəstəxanasında AzadlıqRadiosuna adının çəkilməməsi şərtilə danışan mənbə bildirib ki, Gəravənd daxili beyin qansızmasından vəfat edib.

Armita Gəravənd komaya düşəndən bəri İran rəsmiləri 16 yaşlı tələbə qızın yaxın ətrafına təzyiq göstərərək onlara hadisə barədə danışmamaq xəbərdarlığı etmişdilər.

HRW bildirir ki, İran hakimiyyəti bundan əvvəl 22 yaşlı Məhsa Əmininin ölümü ilə bağlı faktların ört-basdır edilməsinə çalışıb.

Bəyanatda deyilir ki, İran hökumətinin sərt hicab qaydalarını tətbiq etmək tədbirləri çox sayda qız və qadına ziyan vurub.

Hakimiyyət Məhsa Əmininin ölümündən sonra bir il ərzində nisbətən səngimiş etirazların yenidən alovlana biləcəyindən narahatdır.

XS
SM
MD
LG