Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 10:43

İran: ‘ABŞ 1000-dən çox sanksiyanı qaldırmağa prinsipcə razılaşıb’


Həsən Ruhani (solda) və İbrahim Rəisi
Həsən Ruhani (solda) və İbrahim Rəisi

Vəzifəsini tərk etməkdə olan İran prezidenti Həsən Ruhani deyir ki, 2015-ci il nüvə sazişini dirçəltməyə çalışan Tehran və dünya gücləri arasında əsas problemlər həll olunub.

Hərçənd Almaniya və Fransa bəzi əngəllərin qaldığı barədə xəbərdarlıq ediblər.

Ruhani bu bəyanatı iyunun 23-də keçirdiyi hökumət müşavirəsində verib.

İran rəsmiləri də aprel ayından bəri Vyanada davam edən danışıqlarda tərəqqi əldə edildiyini deyirlər.

Ruhani administrasiyasının rəhbəri Mahmud Vaezi deyib ki, Birləşmiş Ştatlar keçmiş prezident Donald Trampın sazişdən çıxması ilə Tehranın üzərinə təkrar qoyulmuş 1000-dən çox sanksiyanın qaldırılmasına prinsipcə razı olub:

"Sığorta, neft və daşımalar üzərinə qoyulmuş sanksiyaların tam qaldırılmasına dair razılıq əldə olunub. Hazırda biz qalan sanksiyalardan hansıların nüvə sazişinə, hansıların isə 2015-ci ildən əvvələ aid olduğunu müəyyənləşdiririk”.

Məsləhətləşmələr üçün taym-aut

ABŞ milli təhlükəsizlik müşaviri Ceyk Sallivan iyunun 20-də deyib ki, Vyana danışıqlarında “hələ qət olunmalı uzun məsafə” var.

Onun sözlərinə görə, söhbət həm sanksiyalardan, həm də nüvə sazişi üzrə öhdəliklərdən gedir.

Birləşmiş Ştatlar Vyana danışıqlarındadır, amma müzakirələrdə birbaşa iştirak etmir, beləki İran tərəfi amerikalılarla üzbəüz danışıqlara hazır olmadıqlarını bildiriblər.

Vyana danışıqlarında ABŞ və İran arasında vasitəçiliyi Avropa İttifaqının diplomatları edirlər.

Vaezi bunu da bildirib ki, İran onun nüvə qurğularının Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən monitorinqinin uzadılıb-uzadılmaması barədə də qərara gəlməlidir. Bu monitorinq razılaşmasının müddəti iyunun 24-də başa çatır.

İran və dünya gücləri arasında danışıqlar iyunun 20-də “məsləhətləşmələr” üçün dayandırılıb.

Rəisi gələnə qədər…

İranda iki gün əvvəl keçirilən prezident seçkisində ifrat mühafizəkar ruhanı İbrahim Rəisi qalib gəlib.

Ruhani vəzifəsini Rəisiyə avqust ayında təhvil verəcək.

İran xarici işlər nazirinin müavini və həm də Tehranın baş nüvə danışıqçısı Abbas Araqçi iyunun 21-də deyib ki, tərəflər razılaşmaya həmişə olduğundan daha yaxındırlar.

Araqçi deyib ki, danışıqçılar müzakirələrin bu dövrəsini təkcə məsləhətləşmələr üçün yox, həm də qərarların qəbul edilməsi üçün dayandırıblar.

O bildirib ki, danışıqların elə indiki İran hökumətinin dövründə başa çatacağına və ehtimalən razılaşma əldə ediləcəyinə ümid edir.

Rəisi bildirib ki, İranın 2015-ci il sazişinin öhdəliklərinə qayıtması ilə Tehran üzərindən sanksiyaları qaldırmalı olan danışıqları dəstəkləyir.

Bəzi İran rəsmiləri danışıqların Rəisinin prezident kürsüsünə əyləşməsindən əvvəl başa çatmasını istəyirlər.

Onların fikrincə belədə onu hər hansı gələcək problemlərin səbəbkarı saymaq mümkün olmayacaq.

Çətin qərarlar qəbul etmək lazım gələcək

Lakin İran konstitusiyasına görə siyasi qərarların qəbul edilməsində son söz ali rəhbər ayətüllah Əli Xameneyiyə məxsusdur və əldə edilmiş hər hansı sazişi o təsdiqləməlidir.

Danışıqların Avropa iştirakçıları da irəliləyişin əldə olunduğunu bildirir, lakin qeyd edirlər ki, “bəzi qəliz və təfərrüatlı texniki məsələlərin” çözümü hələ qalır.

Almaniyanın xarici işlər naziri Heyko Maas iyunun 23-də ABŞ dövlət katibi Entoni Blinkenlə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında deyib ki, nüvə sazişinin dirçəldilməsi ilə bağlı bir neçə “çox çətin məqamlar” qalır.

Fransa xarici işlər nazirinin müavini Frank Riester deyib ki, bu danışıqlarla bağlı qarşıdan gələn günlər və həftələrdə “çətin qərarlar” qəbul etmək lazım gələcək.

Bu arada İran mediası bildirib ki, ölkənin Atom Enerjisi Agentliyinin binasına qarşı təxribat cəhdinin qarşısı alınıb. Lakin Tehran insidentin detallarını açıqlamayıb.

XS
SM
MD
LG