Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 14:37

Konstitusiya Məhkəməsinin qərarı hansı varislərə aiddir, hansına yox…


Konstitusiya Məhkəməsi
Konstitusiya Məhkəməsi

Borclu öləndən sonra bəzi vərəsələrə qarşı iddia qaldırıla bilinəcək. Bununla bağlı mayın 23-də Konstitusiya Məhkəməsinin Plenumu qərarını açıqlayıb. Qərarda bildirilir ki, "borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar".

"İpoteka kreditlərinə aidiyyəti yoxdur"

Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) "Turan"a deyilib ki, bu qərarın İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına müvəkkil banklar tərəfindən verilən ipoteka kreditlərinə aidiyyəti yoxdur: "Belə ki, bu kreditlər... borcalanın götürdüyü ipoteka krediti məbləğində həyat sığortası şirkətləri tərəfindən sığortalanır".

Deputat Vüqar Bayramov da bildirir ki, indi hətta daxili ipoteka kreditlərinin böyük əksəriyyətində həyat sığortası əsas şərtlərdəndir: "Bu baxımdan, nəinki İpoteka Krediti və Zəmanət Fondu tərəfindən verilən ipoteka kreditləri, hətta daxili kreditlər üzrə də sığorta varsa, o zaman varisə heç bir öhdəlik buraxılmır".

"...yapışacaqlar ölənin vərəsəsindən"

Hüquqşünas Əkrəm Həsənovun isə AzadlıqRadiosuna deməsinə görə, sığortanın özündə suallar var: "Birincisi, Azərbaycanda kreditlərin mütləq əksəriyyətində borcalanın həyat sığortası yoxdur. Hətta ipoteka kreditlərində belə, yalnız İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə kredit götürüləndə həyat sığortası var. Amma bizdə banklar var ki, ipoteka kreditlərini öz xətti ilə verir. Bu halda, ola bilər ki, həyat sığortasını istəsin, ola bilsin ki, istəməsin. Hətta İpoteka və Kredit Zəmanət Fondunda həyat sığortası varsa belə, bu, hələ 100 faizlik demək deyil ki, o sığortaçı şirkət borcunu ödəyəcək".

Hüquqşünasın fikrincə, ola bilər ki, şəxs ölən anda həmin şirkət artıq bağlansın və ya müflis olsun: "Belə olan halda, yenə yapışacaqlar ölənin vərəsəsindən. Digər tərəfdən, sığorta şirkəti şəxsin həyatını sığortalayanda ona onda olan xəstəliklərlə bağlı doldurmağa anket verir. Həmin şəxs o anketdə göstərilməyən xəstəlikdən ölərsə və sığorta şirkəti sübut edə bilərsə ki, şəxs anketi dolduranda onda o xəstəlik var idi, amma o bu xəstəliyi qeyd etməyib, sığorta şirkəti borcunu ödəmir".

Xatırlatma

İpoteka və Kredit Zəmanət Fondunun məlumatına görə, Azərbaycanda indiyə kimi 44 min 561 ipoteka krediti verilib. Verilən məbləğ isə 2.6 milyard manatdan çoxdur. İpoteka kreditləri 4 ( güzəştli) və 8 faizlə verilir.

Azərbaycanda İpoteka Fondu 2005-ci ildə yaradılıb.

XS
SM
MD
LG