Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 11:22

Banklar prezidentin dediyinin əksini edir?


İlham Əliyev jurnalistlər üçün tikilən evin açılışında, 2013
İlham Əliyev jurnalistlər üçün tikilən evin açılışında, 2013

►Prezident ipotekada ilkin ödənişin ləğvini 9 il öncə tapşırsa da...

Bəzi banklar, ləğv bir yana, ilkin ödənişi artırırmaqdadır

Maliyyə naziri Samir Şərifov bu ilin yanvarında ipoteka şərtləri sadələşdiriləcəyini söyləmişdi.

Daha öncə də həmin məsələ rəsmi şəxslərin dilindən dəfələrlə səslənmişdi. Maliyyə nazirinin mənzil intizarı çəkənlərə xoş xəbərindən elə çox müddət ötməsə də, bəlli olur ki, banklar ipoteka qaydalarını yumşaltmaq əvəzinə sərtləşdirirlər.

“Trend”in xəbərinə görə, Azərbaycanın bəzi bankları ipoteka krediti almaq üçün ailənin hər üzvünə düşən yaşayış minimumunun məbləğini və güzəştli ipoteka üzrə ilkin ödənişi artırıblar.

Prezident ilkin ödənişin ləğvini tapşırmışdı

Ailə üzvünə düşən yaşayış minimumu və güzəştli ipoteka kreditində ilkin ödəniş məsələsi vətəndaşın mənzil arzusunun gerçəkləşməsinə başlıca əngəl sayılır. Kredit verilərkən, İpoteka Fondunun vəsaiti hesabına alınan əmlak dəyərinin adi ipotekada 20 faizini, güzəştli ipotekada 15 faizini vətəndaş ödəməlidir. Söhbət minumum tələbdən getdiyindən, banklar bu tələbi istədiyi səviyyədə yüksəldə bilər.

İpoteka prosesində ortaya çıxan digər xərclər nəzərə alınarsa, 50 min manatlıq kredit götürən vətəndaş təxminən 10-12 min manat ilkin ödəniş etməlidir.

İlkin ödəniş məbləğinin artırılması, əsasən, bankların öz fəaliyyətini sığortalamaq cəhdindən qaynaqlanır. Nəticədə, yeni qurulan gənc ailələr və ya aztəminatlı ailələr bu qədər vəsaiti tapmağa çətinlik çəkir.

Çox güman, bu səbəblə prezident İlham Əliyev hələ 9 il öncə ilkin ödənişin ləğvi barədə tapşırıq vermişdi. İpoteka kreditlərinin verilmə mexanizminin təkmilləşdirilməsinə dair 23 yanvar 2007-ci il tarixli prezident fərmanında Nazirlər Kabinetinə tapşırılmışdı ki: “İpoteka kreditləri üzrə ilkin ödənişə olan tələbin gələcəkdə aradan qaldırılması və bu zaman kreditorun risklərinin azaldılmasını təmin etmək məqsədi ilə hüquqi şəxs statuslu qeyri-kommersiya təşkilatı kimi İpoteka Kreditlərinin Zəmanət Fondunu təsis etsin”.

Ancaq bu günədək həmin fonddan xəbər-ətər yoxdur.

“Bankların ipoteka krediti şərtlərinə dəyişiklik etməsi təbiidir”

İqtisadçı ekspert Rəşad Həsənov mövcud şəraitdə bankların ipoteka krediti şərtlərinə dəyişiklik etməsini təbii sayır:

“Axı, faktik olaraq, əhalinin kreditqaytarma qabiliyyəti günü-gündən azalır. Devalvasiya qaynaqlı inflyasiya səviyyəsinin ikirəqəmli olması da öz təsirini göstərir. Məhz belə səbəblərdən banklar ipoteka şərtlərini daha da ağırlaşdırır. Buraya ilkin ödənişin həcminin artırılması, ailələr üçün aylıq zəruri xərc məbləğinin daha çox hesablanması kimi hallar da daxildir.

__________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Qanunvericilik ölkədə 2016-cı ilin yaşayış minimumunu artırıb. Bu da özlüyündə - ailə fərdləri hesablanarkən, zəruri xərc məbləğinin artırılmasını tələb edir. Ancaq ipoteka haqqında mövcud qanunvericilik həm ilkin ödəmə məbləğinin, həm də adambaşına aylıq xərc məbləğinin, sadəcə, minimum həddini müəyyənləşdirir. Yəni yuxarı hədd hər bir bankın kredit siyasətinə uyğun icra edilə bilər”.

“Kredit faizlərinin artırılma ehtimalı da gündəmdədir”

Ekspertin fikrincə, rəsmi qurumların son açıqlamaları növbəti dövrlərdə kredit faizlərinin artırılma ehtimalını gündəmə gətirir:

“Ən yaxşı halda əvvəlki faizlər saxlanacaq. Beləliklə, göründüyü kimi, ipoteka kreditinin əlçatanlığı daha da çətinləşəcək. Bu günədək ipotekadan daha çox maddi durumu orta və yüksək olan vətəndaşların yararlandığı gözə çarpırdı. 2015-ci ilin sonuna olan məlumata görə, ölkə üzrə hər 100 ipoteka kreditinin ikisini aylıq gəliri 300 manatdan az, 16-nı 900-1100 manat arası gəliri olan, 37-ni isə gəliri 1100 manatı aşan vətəndaşlar əldə edə bilib. Yəni əhalinin aztəminatlı hissəsinin ipoteka kreditinə çıxış imkanı məhdud olub. Şərtlərin yüngülləşdirilməsi və daha çox ehtiyactəyinatlı olması istiqamətində ictimai müzakirələr aparılsa da, mövcud tələblər vəziyyəti daha da ağırlaşdıracaq”.

Əkrəm Həsənov
Əkrəm Həsənov

Bank məsələləri eksperti Əkrəm Həsənov da deyir ki, bankların bu addımı qanunvericilik çərçivəsindədir: “Sadələşmə qanunlarda olmalıdır. Hələlik, onu gözləyirik”. Ekspertin fikrincə, çoxdan gözlənilən sadələşmə gecikir.

“İlkin ödəniş yalnız Azərbaycanda tələb edilmir”

İqtisadi və Sosial İnkişaf Mərkəzi ekspertlərinin sözlərinə görə, ilkin ödəniş yalnız Azərbaycanda tələb edilmir və əksər ölkələrdə belədir:

“Amma dövlətin maliyyə imkanlarını nəzərə almaqla, vətəndaşların rifahı naminə bu məbləği yetərincə azaltmaq olar. Türkiyə təcrübəsində olduğu kimi, əhalini müxtəlif kateqoriyalara bölmək və bu zaman 5-10-15 və 20 faizlik ilkin ödəniş məbləğləri müəyyənləşdirmək olar. Yeri gəlmişkən, neftlə zəngin bir çox ölkədə bu məsələ daha da sadələşdirilib”.

Buna da bax: İntiqam Əliyev: Həbsxanada çoxlu günahsız insan var

İntiqam Əliyev: Həbsxanada çoxlu günahsız insan var
Gözlə

No media source currently available

0:00 0:04:43 0:00

XS
SM
MD
LG