Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:50

Saxta profili kim və necə müəyyənləşdirəcək?


Hökümət Facebook-u təmizləmək istəyir?
Gözlə

No media source currently available

0:00 0:14:59 0:00

Hökümət Facebook-u təmizləmək istəyir?

Trollar, əslində, sosial şəbəkələrdə saxta profillə qeydiyyatdan keçib başqalarını təhqir edənlərdir (Ümumiyyətlə, troll deyərkən, anonim - kimliyini bildirməyən internet təxribatçısı nəzərdə tutulur. Belələrinin qalmaqallı, qızışdırıcı müdaxilələri var –red).

Amma Azərbaycan gerçəkliyi belədir ki, təkcə təxribatçılar deyil, yazdığı tənqidi şərhə görə cəzalandırılacağından qorxan siyasi fəallar da kimliyini gizlədir.

İndi baş prokuror Zakir Qaralov yeni layihə təklif edib. O istəyir ki, Cinayət Məcəlləsinə yeni maddə salınsın və sosial şəbəkələrdə, saytlarda saxta istifadəçi ad və hesablarından yararlanıb başqalarına böhtan atanlar, təhqiramiz yazı müəllifləri cəzalandırılsın.

Təklif saxta profillərdə təhqir və böhtanlara qarşı ölçü götürmək istəyi ilə izah edilir.

«FƏAL «FACEBOOK» İSTİFADƏÇİSİ KİMİ DEYƏ BİLƏRƏM Kİ...»

İnternet mediası olan «Meydan TV»nin meneceri Həbib Müntəzir düşünür ki, prokurorun yeni təklifi, əslində, hakimiyyəti tənqid edənlərə qarşıdır: «İnsanlar təhdid olunmamaq, həbsdən qorunmaq üçün saxta profillərdən istifadə edirlər. Mən fəal «Facebook» istifadəçisi kimi deyə bilərəm ki, saxta profillərdən təşkilanmış, troll ordusu şəklində hakimiyyəti təmsil edən qüvvələr yararlanır və müstəqil səhifələrə qarşı hücuma keçirlər. Yalan və böhtan yayırlar. Amma çox təəssüflər olsun ki, prokurorun təklif etdiyi cəzalar gerçək təhqir və böhtan yayanlara deyil, müstəqil düşünən, müxaliffikirli istifadəçilərə qarşı yönələcək».

Son bir ildə onlarla sosial şəbəkə istifadəçisi tənqidi fikirlərinə görə polisə çağrılıb. Ölkənin aparıcı müxalifət təşkilatlarının məlumatlarında qeyd olunur ki, polis bir çox hallarda onlara ya xəbərdarlıq edib, ya da bir neçə günlüyə həbs cəzası kəsib.

RƏSMİLƏRİN «BİZDƏ İNTERNET AZADDIR» ARQUMENTİ BOŞA ÇIXACAQ?

Baş prokuror saxta adlarla böhtan və ya təhqirə görə min manatdan 1500 manatadək cərimə təklif edir. Üstəlik, həmin şəxs 360 saatdan 480 saatadək ictimai iş, yaxud 2 ilədək islah işləri və ya 1 ilədək həbs cəzası ala bilər.

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Media hüquqçusu Ələsgər Məmmədlinin fikrincə, Azərbaycanda təhqir və böhtana görə cəza nəzərdə tutan maddə elə əvvəldən var. Cinayət Məcəlləsinin təhqir və böhtan maddələrinə internet də artırılıb. İnternetə sosial şəbəkələr də daxil olduğundan, Ələsgər Məmmədli baş prokurorun təkliflərindəki açıq qalan məqamlara diqqət yönəldir: «Saxta profili kim və necə müəyyənləşdirəcək? Saxta profil sahibi Bakıda yox, Nyu-Yorkda oturacaqsa, qanunvericiliyi dəyişdirən tərəflər bunu necə önləyəcək? Bu təklifi irəli sürənlər hökumət rəsmilərinin tez-tez təkrarladığı «Bizdə internet azaddır» arqumentini onların əlindən alır. Artıq bu maddələrlə interneti azad və ya qismən azad kateqoriyasından azad olmayan hissəyə transfer edəcəyik».

BAŞLICA MƏQSƏD

Hökumət Azərbaycanda internetin azad olduğunu söyləyir. İndi təklif olunan maddələrdə başlıca məqsəd ifadə azadlığını məhdudlaşdırmaq yox, əksinə, təhqir və böhtanı önləməkdir.

Trollara gəlincə, bu məsələdə daha çox Rusiya prezidenti Vladimir Putin tərəfdarlarının adı hallanır. Söhbət hansısa məlumatı mütəşəkkil şəkildə və eyni zamanda yayan istifadəçilərdən gedir.

Məsələn, Rusiyanın Krımı ilhaq etməsi kəskin tənqidə tutulanda, Kremldən idarə olunduğu deyilən xeyli saxta istifadəçi Putin-i dəstəkləyən şərhlər yazmağa başlamışdı.

«Facebook» fəalı Həbib Müntəzir yada salır ki, Azərbaycanda da belə trollar var və onlar müstəqil saytlara, səhifələrə qarşı aramsız hücumlar edirlər.

O, belə şəxslərin maaşlı işçi olduqlarını da sözlərinə əlavə edir.

«GOOGLE» VƏ «FACEBOOK» DA TƏDBİR GÖRÜR

İki gün öncə - noyabrın 14-də «Google» şirkəti saxta məlumatlar yayıb, reklamla pul qazananlara qarşı daha ciddi tədbirlər görəcəyini açıqlayıb. Bundan dərhal sonra «Facebook» da məhdudiyyətlər tətbiq edəcəyini bildirib. «Buzzfeed» xəbər verir ki, «Facebook» saxta profillərlə mübarizəyə onlarla işçi ayırıb.

XS
SM
MD
LG