Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 09:20

Instagram poeziyası. Qədim sənətin yeni forması


Instagram
Instagram

Arizona Dövlət Universitetinə məxsus «State Press» jurnalı yazır ki, Instagram poeziyası insanların şeirə baxış və münasibətini dəyişdirir, gənc nəsil üçün yeni, əlçatan qəliblər ortaya qoyur.

Məqalədə bu yeni ədəbi janrın sosial mediada qalmaqla kifayətlənməyib nəşr çartlarının zirvəsinə yüksəldiyi xüsusi vurğulanır. Doğrudan da, Rupi Kaur-un «Süd və bal» (Milk and Honey) adlı şeir kitabı ötən il Şimali Amerikada ən çox reklam olunan, üzdə olan kitablardan biri idi. R.H. Sin-in «Whiskey, Words & a Shovel I» kitabı da əvvəlcə Instagram-da işıq üzü görmüş şeirlərin toplusudur. Bu nümunələr sosial medianın informasiya və nəşr istehlakına təsirinin nə qədər güclü olduğunu bir daha sübut edir.

Şeir oxuyanların sayı artır

Jurnal yazır ki, ABŞ-ın Milli İncəsənət Fondunun (The National Endowment for the Arts) keçirdiyi sorğunun nəticələrinə görə, son onillikdə yetkin insanların poeziya oxuması iki dəfə artıb.

«Instagram poeziyasının nəzərəçarpan pərəstişkar bazası olsa da, incəsənətin bu növü şeir ictimaiyyəti arasında hələ də ziddiyyətli sayılır. Bəzi şairlər Instagram poeziyası ilə yazılı incəsənətin digər formaları arasındakı fərqləri, təzadlı cəhətləri qabardaraq güclü mövqe ortaya qoyurlar. Bəziləri hətta Instagram poeziyasının, ümumiyyətlə, bu sənətin ənənəvi formalarından ayrılmasına çağırırlar», - jurnal yazır.

Şairə Kristen Brida deyir ki, Instagram poeziyasının belə təsirli olması onun sadə dildə yazılması ilə bağlıdır.

Brida «qısa sətirlər və sadə danışıq dili»ni bir növ istinad, yaxud məsəl kimi gördüyünü deyir. Bu şeirlərin çox sadə qrammatik struktura malik olması da şairənin gözündən qaçmayıb.

«Mən bu estetikanın şeirin özü ilə qarşılıqlı əlaqədə olduğunu düşünmürəm, ancaq hesab edirəm ki, Instagram janrının mahiyyətinə uyğundur», – o deyir.

Məqalədə deyilir ki, Hindistan əsilli kanadalı şairə Rupi Kaur-un «Süd və bal» adlı şeir toplusu düz 103 həftə «The New York Times»ın bestseller siyahısından düşməyib. Şairənin «Günəş və onun gülləri» (The Sun and Her Flowers) adlı ikinci şeir toplusu işıq üzü görən kimi həmin siyahıya düşüb və 26 həftə ərzində hit olub.

Instagram şairləri

Kaur-un (@rupikaur_) Instagram-da 3.7 milyon izləyicisi var. Onun paylaşımları arasında köhnə və yeni şeirləri də var, öz şəxsi fotoları da. Hər paylaşımı da davamlı müzakirə mövzusuna çevrilir.

Atticus (@atticuspoetry) adlı başqa bir kanadalı Instagram şairinin hazırda 1.2 milyon izləyicisi var. O öz kimliyini gizli saxlayır və hətta şeirlərini auditoriya qarşısında oxuyanda da maska taxır. Şeirlərini Instagram-da ağ fonda xırda qara hərflər, yaxud qara fonda ağ hərflərlə yazaraq paylaşır.

«The New York Times»ın bestseller siyahısına düşmüş bu şairin də iki kitabı işıq üzü görüb.

Nyu-yorklu şairə və fəal Cleo Wade (@cleowade) «Qəlb söhbəti: daha yaxşı həyatın hikməti» (Heart Talk: Poetic Wisdom for a Better Life) adlı şeir toplusunu nəşr etdirib. Tanınmış aylıq «Marie Claire» jurnalı onu Amerikanın 50 ən nüfuzlu qadınından biri elan edib. Şairənin «Haradan başlamalı» (Where to Begin) adlı ikinci şeir toplusu bu ay işıq üzü görüb.

Wade-in populyar postları özünə köməklə (self-help) bağlıdır və çox vaxt bir post 10 mindən çox layk toplayır.

Mütəxəssislər arasında Instagram poeziyasını bu sənətin qolu sayanlar da var, onun faydasından danışanlar da. Bəzi mütəxəssislər bu yeni dalğanın başqa heç vaxt və heç cür şeir oxumayacaq insanları şeir oxucusuna çevirə bildiyini deyirlər. Bu şeirlər bəzən klişe fikirlərlə dolu olsa belə.

XS
SM
MD
LG