Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:34

İqtisadçı:“İnflyasiyanın hesablama metodologiyası dəyişdirilməlidir”


Nazim Bəydəmirli
Nazim Bəydəmirli

“Vicdanlı sahibkarın məmur sahibkara uduzması”

Dövlət Statistika Komitəsi( DSK) ölkədə inflyasiyanın birrəqəmli olduğunu bildirir. Son rəsmi məlumatlarda bu ilin 8 ayında inflyasiyanin 2,7 faizə düşdüyü açıqlanıb. Ötən il isə rəsmi açıqlamaya görə, ölkədə inflyasiya 13 faiz civarında olub.
Bəzi müşahidəçilər vurğulayırlar ki, rəsmi qurumların nə deməsindən asılı olmayaraq bir sıra sahələrdə, xüsusilə də ərzaq məhusllarının qiymətində durmadan bahalaşma baş verir.

İqtisadçı, keçmiş deputat Əli Əlirzayev birrəqəmli inflyasiyanın hökumətin əsas hədəfi olduğunu xatırladaraq qeyd edib ki, bəzi məhsullarda 5-10 faiz bahalaşma var:

“Amma qiyməti dəyişməyən mıhsullar da var. Bütün hallarda rəsmi statistika hesablama qaydası ilə məsələyə yanaşır və bu yanaşması əsasında 2-3 faiz inflyasiya olduğu haqda açıqlama yayır. Mən bəzi məhsulların qiymətinin daha çox artdığını, bəzilərinin isə qiymətində heç bir dəyişiklik olmadığını bilirəm. Bunları götürüb orta rəqəmi götürdükdə statistika 2-3 faiz inflyasiya olduğunu bəyan edir. Təbii ki, hər bir ölkədə dünyada olan hesablama qaydasında bu iş görülür. Ola bilməz ki, tamamilə yeni qaydada hesablasınlar. Əgər,Statistika Komitəsi sübutla bu rəqəmləri yayırsa, deməli, razılaşmaq olar”.

“İnflyasiyanı tam boğmaq olmaz”

Əli Əlirzayev
Əli Əlirzayev

“Siz komitənin rəqəmlərini inandırıcı sayırsınızmı” sualına Əli Əlirzayev cavab verib ki, o özü də bazarda monitorinq aparır, komitənin də rəqəmlərini götürür:

“Bir daha deyirəm, bəzi məhsullarda qiymət çox artıb, amma bəzilərində yox. Konkret olaraq, son illərdə nəqliyyat xərcləri artdı. Amma söhbət ondadır ki, əhalinin gəlirləri də artırsa və bu gedişat qiymətlərin artımından öndədirsə, bu, əhalinin yaşamına mənfi təsir etmir. İnflyasiya olmalıdır, inflyasiyanı tam boğmaq olmaz, yaxud azaltmaq düzgün deyil. Əslindı, hökumət investisiyanın artmasına çalışmalıdır. Amma bu məsələlər sistemli halda həll olunmalıdır”.

Başqa bir İqtisadçı, keçmiş deputat Nazim Bəydəmirli isə hesab edir ki, Statistika Komitəsinin hər il, yaxud hər ay rəsmi inflyasiyaya münasibəti eyni olur, dəyişmir. İqtisadçının fikrincə, Komitənin hesabladığı formula üzrə elan edilən rəqəmin cəmiyyətdə birmənalı qarşılanmaması istehlak səbətində malların, məhsulların, xidmətlərin çoxluğu ilə bağlıdır. O qeyd edir ki, vətəndaşların gündəlik istifadə etdiyi istehlak malları həmin strukturda say etibarı ilə az olduğundan orta hesabla inflyasiya rəqəmi cüzi alınır:

"Əslində, son vaxtlar ölkəyə idxal olunan məhsulların qiyməti dəyişməməliydi”

“Lakin istehlakçıların özlərinə gündəlik aldığı mallarda qiymət artımı pul ekvivalentində ciddi şəkildə gözə çarpır. Ancaq komitə istehlak səbətinə çoxlu sayda ayda, ildə bir dəfə istifadə olunan çoxlu məhsullar, xidmətlər daxil edir ki, onların da fonunda inflyasiya rəqəmi az alınır”.

Nazim Bəydəmirli hesab edir ki, inflyasiyanın hesablama metodologiyası dəyişdirilməlidir.

Qiymətlərin artımının səbəbinə gəlincə, Nazim Bəydəmirli bunu monopoliya ilə əlaqələndirir.

İqtisadçı deyir ki, əslində, son vaxtlar ölkəyə idxal olunan məhsulların qiyməti dəyişməməliydi:
“Çünki illər boyu bizdə əsas inflyasiya yaradan başlıca səbəb idxaldan asılılığımız olub. Bildiyiniz kimi,dolların kursu bir neçə ildir 1.70 manatdır, statistik rəqəmlərdə daxili istehsalın artımı haqqında mütəmadi məlumatlar verilir. Dövlət resursları hesabına aqrar sektora, sahibkarlığa kifayət qədər vəsaitlər verilir, məntiqlə mal bolluğu yaranmalı idi və qiymətlər də ucuzlaşmalı idi”.

“Şayiə olan yerdə də qiymətlər ən azı 30 faiz bahalaşır”
Nazim Bəydəmirli sonra da deyib:

“İnflyasiya daha çox idxaldan qaynaqlandığına görə, əsas ticarət partnyorumuz olan qonşu ölkələrdə devalvasiya olduğundan Azərbaycanda həmin məhsullar ucuzlaşmalı olduğu halda biz əksini qiymətlərin bahalaşmasını müşahidə edirik. Hesab edirəm ki, iqtisadiyyatda gözləntilərin təsiri böyük rol oynadığından, əsas ticarət tərəfdaşlarımız olan ölkələrin valyutalarının kursunda ciddi dəyişikliklər həm də bizim bazar iştirakçılarına psixoloji təsir göstərir. Müxtəlif saytların bu istiqamətdə fəaliyyəti, “ekspertlər”in açıqlamaları bu ajiotajı daha da gücləndirir. Hökumət rəsmiləri ictimaiyyətlə təmasda olub doğru gözləntiləri açıqlamadıqlarından bu gözləntilər şayiə şəklində baş verir. Şayiə olan yerdə də qiymətlər ən azı 30 faiz bahalaşır”.

Nazim Bəydəmirlinin fikrincə,iqtisadiyyata cavabdeh olan şəxslər hər ay real iqtisadi vəziyyət və gözləntilərlə bağlı medianın, ekspertlərin suallarını cavablandırmalıdırlar:
“Arqumentlərini əsaslandırmalıdırlar ki, niyə bahalaşmanı, devalvasiyanı gözləmirlər və hansı səbəblər bunları deməyə əsas verir. Çox təəssüf ki, bu işə cavabdeh olan məmurların əksəriyyəti bizneslə məşğul olduqlarından funksional vəzifələrini yerinə yetirmirlər və müxtəlif bəhanələrlə mətbuatın suallarından yayınırlar. Həm də seçkili qurum olan Milli Məclisdə də bu məsələlər müzakirəyə çıxarılmır. Təsəvvür edin ki, gömrükdə monopoliya başqa formaya keçib. Arxasında məmur dayanmayan şəxslərin gətirdiyi mallara invoys qiymətinə uyğun vergi və gömrük rüsumları tam hesablanılır, orta hesabla idxal olunan mal gömrük rüsumlarının dərəcələrindən asılı olaraq 18-38 faiz arası qiymət artımı ilə bazara daxil olur. Ancaq məmur sahibkarlığına malik olan şəxslər eyni malları idxal edərkən invoysları dəyişdirərək bu və ya digər formada qiyməti aşağı göstəririlər, ödədikləri vergi və rüsumlar da az olur. Onlar normal vergisini ödəmiş sahibkarlara nisbətən bazara çıxan zaman daha əlverişli şəraitdə olurlar. Malın bazarlara daxil olduğu zaman normal rəqabət şəraiti olsa belə tez bir zamanda vergi və rüsumlarını vicdanla ödəmiş sahibkar,məmur sahibkarlığına məxsus şirkətlə müqayisədə malını daha baha satmalıdır ki, xərclərini çıxartsın. Bu səbəblərdən də rəqabət apara bilmir ya bankrot olur, ya da könüllü bu işdən kənara çəkilir. Bu monopoliyanın yeni növüdür, "broker kontor"-larının ləğvindən sonrayeni, yəni "neomonopoliyadır". Bir sözlə forma dəyişib, mahiyyət dəyişməyib. Məmur da artan xərclərini inflyasiya şəklində istehlakçıya "yükləməkdə" davam edir”.

Xatırlatma

Ancaq istər ölkə rəsmiləri, istərsə də Dövlət Gömrük Komitəsinin (DGK) rəhbərliyi gömrükdə monopoliya olması ilə bağlı fikirlərlə razılaşmırlar. Onlar monopoloya ilə mübarizədən, gömrükdə islahatların aparılmasından danışırlar.

Elə komitənin sədri Səfər Mehdiyev bu il sentyabrın ortalarında keçirdiyi mətbuat konfransında deyib ki, ölkə gömrüynə Avropada tədbiq edilən yeni model gətirilib:
“Ölkə prezidentinin 13 iyul 2018-ci il fərmanına uyğun olaraq struktur dəyişiklikləri aparılıb. Azərbaycan Gömrük Komitəsinə Avropada tətbiq edilən yeni model gətirilib. Bunun nəticəsidir ki, elektron xidmətlər və daxili imkanlar hesabına sərhəd-keçid məntəqələrində yaranan nisbi sıxlıqlar azalıb”

Səfər Mehdiyev, eyni zamanda son vaxtlarda barəsində cinayət işi açılan gömrük əməkdaşları barəsində də danışıb:

“Xəyanət və rüşvət bağışlanmayacaq! Kim korrupsiyaya cəhd edirsə, rüşvətxorluqla məşğuldursa, həmin şəxslər cəzalandırılacaq. Bu ilin ərzində komitənin 228 əməkdaşı tənbeh edilib, intizam məsuliyyətinə cəlb olunub”, deyə DGK sədri bəyan edib.

XS
SM
MD
LG