Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 20:36

'Nərmin işi': yanmış paltarlar eyni vaxtda iki nazirlikdə necə ola bilərdi?


Tovuzda itkin düşən qızın meyiti tapıldı
Gözlə

No media source currently available

0:00 0:00:35 0:00

Tovuzda itkin düşən qızın meyiti tapıldı

Tovuz rayonunun Dondar Quşçu kəndində 10-yaşlı Nərmin Quliyevanın itkin düşməsi, 47 gün sonra kənddə yandırılmış meyitin tapılması ilə bağlı cinayət işinin istintaqında daha bir ziddiyyətli hal aşkarlanıb. Cinayət işinin materiallarına əsasən, hadisə yerindən tapılan yanan paltarlar eyni vaxtda iki tam fərqli qurumda olub – həm Səhiyyə Nazirliyinin, həm də Ədliyyə Nazirliyinin ekspertiza mərkəzində. Bunu martın 29-da keçirilən məhkəmə iclasında vəkillər deyib.

Azyaşlını oğurlayıb öldürməkdə, meyiti isə yandırmaqda ittiham olunan İlkin Süleymanovun işinə iki ilə yaxındır ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır. Bu dəfə məhkəmədə hadisə yerindən tapılmış paltarlarla bağlı rəy vermiş Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin eksperti Aysel Cavadova dindirilib.

Cavadovanın imzaladığı rəydə yazılıb ki, yanğın yerindən tapılan materiallar 2020-ci il yanvarın 17-dən fevralın 17-nə qədər tədqiq edilmək üçün onda olub.

Eyni vaxtda...

Təqsirləndirilən İlkin Süleymanovun vəkilləri Cavadovaya Səhiyyə Nazirliyi Ekspertiza Mərkəzinin cinayət işində olan rəyini göstəriblər. "Səhiyyə Nazirliyinin ekspertləri göstərir ki, ayın 13-dən o materiallar onlarda olub, yanvarın 24-nə qədər tədqiqat aparıblar. Fevralın 21-nə qədər rəy hazırlayıblar. Sonra isə prokurorluğa təhvil veriblər. Belə olan halda, həmin materiallar yanvarın 17-də sizdə necə ola bilərdi?", – vəkil Əlibaba Rzayev Cavadovadan soruşub.

O, israrla deyib ki, materiallar özündə olub və onların üzərində tədqiqat aparıb.

Vəkillər bildirib ki, ekspertlərdən birinin yalan danışdığı, ekspert rəyinin saxta olduğu aşkardır. Ona görə digər ekspert də dindirilməli, rəy sübutlar siyahısından çıxarılmalıdır.

Hadisə yerindən tapılmayan materiallar

Cavadova dindirilərkən o da məlum olub ki, o, yanğın yerindən tapılmayan, hadisə yerinin müayinə protokolunda əksini tapmayan materiallarla bağlı rəy verib. Məsələn, o, meyitin əynində cins şalvarın olduğunu göstərir. Rəy verilib ki, o şalvarın da üstündən Süleymanovun gödəkcəsinin lifi tapılıb. Hadisə yerindən isə nə cins şalvar, nə də onun qalığının tapılması haqda heç bir fakt yoxdur.

Cavadovanın rəy verdiyi və mübahisə doğuran başqa bir məsələ üzərində qan ləkəsi olan qırmızı rəngli əski parçası ilə bağlıdır. Hadisə yerindən belə bir parçanın tapılması haqda da sübut yoxdur.

Sonradan Süleymanovların evində axtarış zamanı qırmızı yorğan üzlüyü götürülüb. Cavadova rəy verib ki, paltarlar arasından tapılan əski parçası ilə Süleymanovların evindən götürülən yorğan üzlüyü eyni parçadandır.

Vəkillər Cavadovadan soruşub ki, necə olub, hadisə yerindən tapılmayan materiallar ekspertizaya gəlib çıxıb? Müdafiəçilər bildirib ki, əgər həmin predmetlər hadisə yerində olsaydılar, müstəntiq onları görərdi, mütləq protokollaşdırardı.

"Mən 5 nömrəli bağlamanı – kisəni açdım, onun içindən tapdım...", - Cavadova belə cavab verib.

Yanmış kisə qalıqları və qara parçadan başqa heç nə tapmayıb

Vəkillər onun nəzərinə çatdırıb ki, 5 rəqəmi ilə nömrələnmiş həmin kisənin açıq formalı şəkli cinayət işində var və onun içində heç nə olmadığı görünür. Müdafiəçilər əlavə edib ki, Cavadova ilə yanaşı, Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzində Zemfira adlı ekspert də həmin bağlamada tədqiqat aparıb. Əgər orada əlavə predmetlər olsaydı, o da öz rəyində göstərərdi: "Həmin kisəyə Zemfira xanım da baxıb, yanmış kisə qalıqları və qara parçadan başqa heç nə tapmayıb. Necə olur ki, siz isə oradan hadisə yerində olmayan beş əlavə material tapırsınız?".

Cavadova israr edib ki, cins şalvar qalığını da, qırmızı parçanı da və s.-ni kisənin içindən tapıb. O əlavə edib ki, ola bilsin, müstəntiq də, ekspert həmkarı da onları kisədə görməyib.

Vəkillər isə bildirib ki, İlkin Süleymanovun əleyhinə saxta sübutlar yaratmaq üçün həmin materiallar sonradan əlavə olunub. Onların fikrincə, əgər əvvəldən olsaydı, hadisə yerinin müayinə protokolunda əksini tapardı.

Hadisə yerindən tapılan materiallar – maddi sübutlar da məhkəmə zalına gətirilib. Vəkillər maddi sübutların saxlanma qaydası ilə bağlı qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasına baxanda məlum olub ki, bağlamaların ağzı açıqdır, onlar möhürlənməyib.

"Sübutların başına kim nə oyun istəyib, açıb..."

Vəkillər etiraz ediblər, onlar bildiriblər ki, bu faktın özü materiallara müdaxilə olunduğunu göstərir: "Qanun maddi sübutların saxlanma qaydasını müəyyənləşdirib. Bu nədir?! Haradadır bu bağlamaların möhürü? Deməli, bu sübutların başına kim nə oyun istəyib, açıb...".

Müdafiə tərəfi Süleymanovların evindən tapılan qırmızı yorğan üzlüyü ilə Cavadovanın rəy verdiyi əski parçası arasında müqayisə aparmaq istəyib. Bağlamalar arasından həmin yorğan üzlüyü çıxarılanda məlum olub ki, onun bir hissəsi kəsilib.

"Baxın, yandırılmış əski parçasına uyğun ölçüdə kəsilib. Niyə? Bu da düşünməyə əsas verir ki, kəsilib, yandırılıb, sonradan əlavə olunub. O əski parçası əvvəldən var idisə, niyə hadisə yerindən tapılmamışdı? Yorğan üzü götürüləndə onun ölçüsü, forması – hər şey protokollaşdırılmalıdır. Niyə olunmayıb? Maddi sübuta toxunmağa, onu kəsməyə kimin nə ixtiyarı var?", – vəkil Zabil Qəhrəmanov bildirib.

Cinayət işinin materiallarında iddia olunur ki, Süleymanov azyaşlının başına daşla vurmaqla onu qətlə yetirib. Başına isə qan axdığına görə qırmızı əski parçası qoyub.

Keçirilən bütün məhkəmə iclaslarında zərərçəkmişin hüquqi varisi qismində Nərmin Quliyevanın atası Şərif Quliyev, onun qardaşları iştirak edir. Zərərçəkmiş tərəf məhkəmə prosesində baş verənləri izləyib və heç bir münasibət bildirməyib.

Bu cinayət işi üzrə məhkəmə araşdırmaları davam edir.

Xatırlatma

2009-cu il təvəllüdlü Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində əmisigildən çıxandan sonra itkin düşüb. 47 gün sonra kənddə yandırılmış meyit aşkarlanıb və onun azyaşlıya məxsus olduğu bildirilib.

Azyaşlını oğurlayıb qətlə yetirməkdə suçlanan 48-yaşlı İlkin Süleymanova CM-in 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham verilib. Lakin o, ittihamları qəbul etmir və işgəncə altında etiraf ifadəsi verdiyini deyir.

Baş Prokurorluq isə Süleymanovun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.

Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG