Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:20

İ.Əliyev: «Ermənistanın atəşkəsə əməl edəcəyinə ümidvaram»


Dmitry Medvedev və İlham Əliyev
Dmitry Medvedev və İlham Əliyev

-

Prezident İlham Əliyevin Rusiya baş naziri Dmitry Medvedev-lə görüşündə ölkələr arasındakı münasibətlər, regional məsələlər və Dağlıq Qarabağda baş verən son hadisələr müzakirə olunub.

Bu haqda prezident İlham Əliyev Rusiya baş naziri ilə görüşdən sonra mətbuata verdiyi bəyanatında qeyd edib.

APA-nın xəbərinə görə, ölkə başçısı bildirib ki, bu səfər Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin növbəti təzahürüdür.

*Youtube Kanalımıza abunə yazılın

«Uzun müddətdir Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, o cümlədən ətrafdakı 7 rayon işğal altındadır. 1 milyondan çox məcburi köçkün və qaçqın var. Münaqişənin tənzimlənməsi ilə bağlı mexanizm və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Təəssüf ki, bu qətnamələr yerinə yetirilmir. Rusiya BMT Təhlükəsizlik Şurasının və ATƏT-in Minsk Qrupunun üzvü kimi mühüm ölkədir. Rusiya prezidenti Vladimir Putin eskalasiyanın qarşısının alınması üçün mənə və Ermənistan prezidentinə zəng edib», - deyən ölkə başçısı Azərbaycanın atəşkəsə əməl etdiyini vurğulayıb.

«Ermənistanın da atəşkəsə əməl edəcəyinə ümidvaram. Ermənistanın Azərbaycanı eskalasiyada günahlandırması əsassızdır. Biz, sadəcə, torpaqlarımızı və mülki şəxslərimizi qoruyuruq. Azərbaycan münaqişənin sülh yolu illə həllində maraqlıdır və danışıqlar prosesini davam etdirəcəyik. Minsk Qrupunun həmsədrlərinin bölgəyə son səfərini dəstəkləyirik. İnanırıq ki, status-kvo dəyişəcək, Azərbaycan torpaqları işğaldan azad ediləcək. Bundan sonra region çiçəklənəcək, bütün region ölkələri inkişaf edəcək», - deyə İlham Əliyev bildirib.

D.MEDVEDEV: «MÜNAQİŞƏ KOMPROMİSLƏR YOLU İLƏ HƏLL OLUNMALIDIR»

Dmitry Medvedev isə ölkələrarası münasibətlərin dostluq və qarşılıqlı hörmətə əsaslandığını qeyd edib: «İqtisadi baxımdan sadə olmayan bir dövrdür. İqtisadi əlaqələrin və investisiya qoyuluşlarının daha da inkişaf etdirilməsi vacibdir. Bizim böyük enerji və nəqliyyat layihələrimiz var. Xəzər dənizində və regionunda əməkdaşlıq önəmlidir. Elektroenergetika və humanitar sahələrdə əməkdaşlıq da mühüm istiqamətlərdir. Turizmin inkişafı da gündəlikdə duran məsələdir. Bu səfər nəzərdə tutulmuşdu, ancaq son hadisələrlə əlaqədar daha tez həyata keçirildi və bu, doğru addımdır».

D.Medvedev deyib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsini dəstəkləyir.

«Münaqişənin sülh, danışıqlar yolu ilə həllinin alternativi yoxdur və kompromislər yolu ilə həll edilməlidir. ATƏT-in Minsk Qrupunun üzvü kimi bu istiqamətdə səylərimizi davam etdiririk. İnanırıq ki, bu səylər etimadın bərpa olunmasında və münaqişənin həllində rol oynayacaq. Rusiya Azərbaycan və Ermənistan qədər münaqişənin həllində maraqlıdır», - deyə baş nazir bildirib.

AzadlıqRadiosu Youtube Kanalından izləyin:

XS
SM
MD
LG