Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 18:42

Gəncədə qurulan elektron lövhəni çalışdıran tapılmır


Hesablama Palatası
Hesablama Palatası

Hesablama Palatası Gəncə Regional Mədəniyyət İdarəsində apardığı yoxlamanın nəticələrini açıqlayıb. Sözügedən qurumun 2020 və 2021-ci illərdəki, eləcə də ötən ilin ilk yarısındakı fəaliyyəti araşdırılıb. Rəsmi açıqlamaya görə, Gəncə Regional Mədəniyyət İdarəsinin tərkibində 180 kitabxana, 106 mədəniyyət evi və klub, 15 muzey və 22 musiqi məktəbi var. Araşdırılan dövr ərzində bütün bu mədəniyyət obyektlərinə dövlət büdcəsindən 55 milyon 111 min manat ayrılıb. Xərclərin təxminən 96 faizi əməkhaqqına sırf edilib. Ötən ilə olan məlumata görə, bu müəssisələrdə toplam 2 min 683 nəfər çalışır. Hesablama Palatasının araşdırmasından görünür ki, idarənin tərkibində olan 323 müəssisənin büdcədənkənar maliyyə imkanları çox qısıtlıdır. İki il yarım içində bu sayda müəssisədən cəmi səkkizi büdcədənkənar fəaliyyətdən az miqdarda – 10 min manat gəlir götürüb.

Gəncə Regional Mədəniyyət İdarəsinin tərkibindəki müəssisələrin büdcədənkənar fəaliyyətdən gəlirlərinin azlığı idarənin fəaliyyətinin tam və düzgün təşkil olunmamasından qaynaqlanır. Müəssisələrin öz əmlakı ilə bağlı hesabatlılığı və fəaliyyəti düzgün qurmaması da onları əlavə gəlir imkanlarından məhrum qoyub. Araşdırma nəticəsində məlum olub ki, sözügedən idarənin tabeliyindəki bir qurum (adı çəkilməyib, çox güman, muzey, teatr və ya musiqi məktəblərindən biri) dövlət əmlakının bir hissəsini yanlış şəkildə ictimai birliyə istifadəyə verib. Həmin birlik bu sahədən kommersiya məqsədi ilə yararlansa da, əmlakdan istifadəyə dair icarə müqaviləsi bağlanmayıb və icarə haqqı tutulmayıb.

Süni artırılan iş saatları və iş yerləri

Hesablama Palatası Gəncə Regional Mədəniyyət İdarəsinin fəaliyyətində mövcud olan problemləri də üzə çıxarıb. Nöqsanlar arasında ən çox diqqət çəkənlərdən biri istifadəsiz qalan elektron lövhələrdir. İdarənin tabeliyindəki iki uşaq musiqi məktəbinə 7 ədəd elektron lövhə verilib və bu lövhələr sinif otaqlarında quraşdırılıb. Ancaq bəlli olub ki, istifadəçilərə lövhələrdən istifadə ilə bağlı bacarıqlar aşılanmayıb. Beləcə, həmin lövhələrdən istifadə edilməyib, bu da 45 min 300 manat dəyərində dövlət əmlakının istifadəsiz qalmasına səbəb olub. Nəticədə, bu avadanlıqdan yararlanmaqla tədrisin keyfiyyətini yüksəltmək imkanlarından istifadə edilməyib.

Hesablama Palatası musiqi məktəblərində dərs saatlarının süni yolla artırıldığını da üzə çıxarıb. Bəzi hallarda əvvəlki dərs ilinin son aylarında qruplara yeni şagirdlərin adı qeyd olunub və yeni dərs ilinin əvvəlində qruplar formalaşdırılandan qısa müddət sonra həmin uşaqların adı siyahıdan çıxarılıb. Şagird sayının belə artırılması üzündən 2019/2020-ci tədris ilində (artırılmış 56 saat üçün) 15 min 500 manat, 2020/2021-ci tədris ilində (artırılmış 340 saat üçün) 132 min 600 manat istifadə edilib.

Hesablama Palatasının araşdırması ştat vahidləri və vəzifələrə dair hüquqi aktların tələblərinə əməl olunmamasını da üzə çıxarıb. Beləcə, kitabxana və mədəniyyət evlərində işçilərin ehtiyac olmadan 62 ştata götürüldüyü məlum olub. Bu işçilərə araşdırılan dövr içində toplam 608 min manat əməkhaqqı ödənilib. Daha 219 nəfərin təhsil baxımından çalışdığı vəzifəyə uyğun gəlmədiyi bəlli olub. Əsasnamədə həmin vəzifələrə ali təhsilli şəxslərin işə götürülməsi nəzərdə tutulsa da, orta təhsillilər götürülüb.

Maaşların hesablanmasında və satınalmalarda da nöqsanlar var

Maaşların hesablanarkən tarif dərəcələri və ixtisas tələblərinə əməl edilməyib. Belə problemlərə görə araşdırılan dövr ərzində əmək haqları hesablanarkən 18 min 300 manatlıq artıq, 277 min 800 manatlıq əskik ödənişlər edilib.

Satınalmalarla bağlı da nöqsanlar aşkarlanıb. İcra prosesində dövlət satınalma planlarına əməl olunmayıb. Nəticədə bəzi satınalmalar vaxtında icra edilməyib. Digər tərəfdən, öncədən planlaşdırılmış bir neçə satınalma gerçəkləşdirilməsə də, nəzərdə tutulmamış satınalmalar olub. Araşdırma üzə çıxarıb ki, dövlət satınalmaları zamanı bəzi hallarda əməliyyatlar normadan yüksək qiymətə başa gəlib. Satın alınacaq mallara (işlərə və xidmətlərə) dair tələbin müəyyənləşdirilməməsi, ehtimal olunan qiymətlərin hesablanmaması və ya bu qiymətlərin formal xarakter daşıması daha yüksək qiymətlərin tətbiqinə şərait yaradıb.

Gəncə Dövlət Dram Teatrı necə tikilib?

Hesablama Palatasının Gəncədə auditini apardığı digər bir layihə də Gəncə Dövlət Dram Teatrının 500 yerlik yeni binasının inşası layihəsidir. Bu layihə 2014-2022-ci illəri əhatə edib və yeni binanın tikilməsinə toplam 42 milyon 434 min manat xərclənib. Hesablama Palatası bu layihənin icrası zamanı çatışmazlıqlara diqqət yönəldib. "Layihə tapşırığı"na bir neçə dəfə dəyişik edildiyindən layihə-smeta sənədlərinin hazırlanmasına 197 min manat və yenidən ekspertizadan keçirilməsinə 26 min manat (toplam 223 min manat) xərclənib. İki halda satınalma müqavilələrinin şərtləri dəqiqləşdirilməyib.

Smeta sənədlərində tikinti materiallarının fiziki göstəricilərinin mövcud normativlərdən fərqli tətbiqi nəticəsində 130 min manat kənarlaşmaya yol verilib. Binanın tikintisi zamanı hesablama səhvi podratçıya 33 min manat artıq ödəniş edilməsinə gətirib çıxarıb. Obyektə fiziki baxış zamanı 227 min manatlıq işin görülmədiyi, eləcə də 125 min manat dəyərində mebel və inventarın yerində olmadığı müəyyənləşdirilib. Palata sadalanan çatışmazlıqların yoxlama dövründə aradan qaldırıldığını da qeyd edib.

XS
SM
MD
LG