Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:42

'Bandotdel'də işgəncə xəbərləri gəlməkdə davam edir - Dövlət Departamenti


'Oğluma 'Bandotdel'in zirzəmisində işgəncə veriblər'
Gözlə

No media source currently available

0:00 0:05:19 0:00

'Oğluma 'Bandotdel'in zirzəmisində işgəncə veriblər'

ABŞ Dövlət Departamentinin martın 20-də açıqladığı dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatında deyilir ki, ötən 2022-ci ilin sentyabrında Ermənistan və Azərbaycan arasında baş vermiş zorakılıqlar itki və saxlanmalarla nəticələnib.

Qeyd olunur ki, tərəflər buna görə bir-birini ittiham edirlər və Avropada İnsan Haqları Məhkəməsinə müraciət ediblər.

Hesabatda deyilir ki, habelə Azərbaycanın təhlükəsizlik qüvvələri tərəfindən qanunsuz və qəddarlıqla qətllərə, alçaldıcı və pis rəftara dair inandırıcı məlumatlar var.

Sənəddə habelə qeyd olunur ki, Azərbaycanda sərt, bəzən isə həyat üçün təhlükəli həbsxana şəraiti, qanunsuz həbslər, siyasi məhbuslar, ölkə xaricində ayrı-ayrı şəxslərə qarşı siyasi motivlərlə qisasçılıq, ədliyyənin müstəqilliyi ilə bağlı problemlərin olması, şəxsi həyata müdaxilə, ifadə və media azadlığının məhdudlaşdırılması, internet saytlarının bloklanması, sərbəst toplaşmalara faktiki qadağan, hərəkət azadlığının pozulması, sistematik hökumət korrupsiyası, cinsi azlıqlara qarşı cinayətlər, uşaq əməyinin istismarı kimi hallar barədə də məlumatlar daxil olub.

Hesabatda deyilir ki, hökumət insan haqları pozuntularına yol vermiş rəsmilərin əksəriyyətini cəzalandırmayıb.

Yenə də “bandotdel”

Sənəddə ayrıca olaraq qeyd edilir ki, Azərbaycan Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin işgəncələrə yol verdiyinə dair xəbərlər gəlməkdə davam edib.

Bu xəbərlərdən birinə görə Müsəlman Birliyi Hərəkatının (MBH) üzvləri Mail KərimovSüleyman Ələkbərov mayın 20-də məhkəmə dinləməsinə gəldiklərinə görə işgəncəyə məruz qalıblar. Onlar iddia ediblər ki, onları tanımadıqları yerə aparıblar, döyüblər və zorlama ilə hədələyiblər. Bundan sonra onların bir daha məhkəməyə gəlməyəcəklərini bəyan etməsi videoaya çəkilib.

Bildirilir ki, MBH-nin başqa bir üzvü – Elgiz Məmmədov elə məhkəmənin həyətində həbs olunub. O həbsdə olduğu bir ay müddətində işgəncəyə məruz qaldığını və polislər tərəfindən zorlandığını iddia edib.

Hesabatda Tərtər işi ilə bağlı qeydlər də var. Bildirilir ki, bu iş üzrə istintaq bərpa edilsə də, hələlik casusluqda ittiham olunan 12 nəfər həbsxanada qalır.

Sənəddə bir sıra başqa şəxslərin – fəalların, hüquq müdafiəçilərinin, jurnalistlərin qanunsuz saxlanmasından və ya həbs olunmasından bəhs olunur və deyilir ki, Azərbaycanda ümumiyyətlə həbs və saxlanma zamanı qanunsuzluqlara yol verilməsi davam edir.

Vurğulanır ki, ölkədə zaminə buraxma sistemi mövcud olsa da, hakimlər ötən il ərzində bu prosedurdan istifadə etməyiblər.

Məhkəmələr Prezident Aparatından təlimat alır

Hesabatda deyilir ki, vətəndaş cəmiyyəti nümayəndələrini müdafiə edən vəkillər qısnamalara məruz qalırlar.

Hesabatda bu kimi qanunsuzluqlarla üzləşmiş Tofiq Yaqublu, Bəxtiyat Hacıyev, Elçin Sadıqov və bir sıra başqalarının adları çəkilir.

Sənəddə qeyd olunur ki, ədliyyə sisteminin müstəqilliyi təmin edilməyib, hakimlər və prokurorlar xüsusilə də siyasi baxımdan həssas məsələlərdə prezident administrasiyasından təlimat alırlar.

Bu da qeyd olunur ki, məhkəmələr bir çox hallarda qanunsuz yolla – işgəncə və təzyiqlə alınmış ifadələr əsasında hərəkət edirlər və əksinə işgəncələr barədə sübut və materialları qəbul etmir, vəsatətləri rədd edirlər.

Hesabatda QHT-lərin məlumatına əsasən ölkədə hələ də 100-dək siyasi məhbusun olduğu deyilir.

Bunların arasında müxalif siyasi fiqurların, jurnalistlərin, dindar fəalların və hətta siyasi partiya liderinin (Əli Əliyev) olduğu qeyd olunur.

Xaricdəki fəallar, şəxsi həyata müdaxilə

Sənəddə deyilir ki, ölkə xaricindəki siyasi fəallara, jurnalistlərə və başqa şəxslərə qarşı zorakılıqlar barədə iddia və xəbərlər var. Bunların sırasında Almaniyadakı bloger Orxan Ağayevin, fəal Tural Sadıqlının, Fransada yaşayan Məhəmməd Mirzəlinin, Vidadi İskəndərovun, Manaf Cəlilzədənin adları çəkilir.

Qeyd olunur ki, Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycana dair 56 hökmünün 16-sı siyasi motivli işlərlə bağlıdır.

Hesabatda habelə insanların şəxsi həyatlarına müdaxilələrdən söz açılır və deyilir ki, ötən il ərzində bir sıra internet saytları və sosial medialar şəxsi həyatla bağlı sızdırılmış foto, video və səs yazılarını yayıblar.

Bu da bildirilir ki, bu sızmaların bir çoxu ilə hakimiyyətin və təhlükəsizlik xidmətlərinin əlaqəsi olduğuna inanılır.

Qaz ola-ola odun yandıran kənd - Xaçmazdan REPORTAJ
Gözlə

No media source currently available

0:00 0:04:30 0:00

Media üzərində nəzarət

Hesabatda deyilir ki, Media İnkişafı Agentliyi də daxil hakimiyyət media üzərində nəzarət həyata keçirir.

Qeyd olunur ki, ötən ilin fevralında qəbul edilmiş yeni media qanunu belə nəzarətin daha da gücləndirilməsinə rəvac verir.

Sənəddə bildirilir ki, ötən il ərzində Baş Prokurorluq və Müdafiə Nazirliyi “saxta informasiyaların yayılmasına” görə jurnalistlərə, blogerlərə və sosial media istifadəçilərinə xəbərdarlıqlar edib. Onlardan bir neçəsi inzibati qaydada cəzalandırılıb.

Ölkədə Amerikanın səsi və AzadlıqRadioiları da daxil xarici yayımçılar üzərində qadağan 2009-cu ildən bəri qüvvədədir.

Hesabatda habelə ötən ilin mayında jurnalist Aytən Məmmədovanın liftdə boğazına bıçaq dirəyərək, hədələndiyi qeyd olunur. Məmmədova bildirirdi ki, o bu hücumların “Nərmin işi” barədə yazıları ilə bağlı olduğunu düşünür.

Hesabatda qeyd olunur ki, hakimiyyətə bağlı olmayan medialar maddi ehtiyac içərisində fəaliyyət göstərir.

Siyasi partiyalar haqqında qanun

Hesabatda qeyd olunur ki, ölkənin siyasi həyatında hakim Yeni Azərbaycan Partiyasının hegemonluğu davam edir, başqa siyasi partiyalar qeydiyyat, maliyyələşmə, sərbəst toplaşma və təşkilatlanma kimi məsələlərdə çətinliklərlə üzləşirlər.

Sənəddə qeyd olunur ki, ötən ilin dekabrında qeyri-şəffaf şəkildə qəbul olunmuş Siyasi Partiyalar Haqqında qanun siyasi partiyaların fəaliyyət meydanını daha da məhdudlaşdırıb.

Bu da deyilir ki, hökumət qanunla bağlı demokratik təsisatların, o cümlədən Venesiya komissiyasının tövsiyələrini nəzərə almayıb.

Hesabatda habelə əmək hüquqları, həmkarlar ittifaqları, gender bərabərliyi, azlıqların və uşaqların müdafiəsi sahəsindəki bir sıra qüsurlardan və qanun pozuntularından bəhs olunur.

Azərbaycan hökuməti bu hesabatla bağlı hələ ki, heç bir şərh verməyib. Amma hökumət adətən beynəlxalq qurumların hesabatlarındakı tənqidləri qəbul etmir, bu tənqidlərin qərəzli və ədalətsiz olduğunu, ölkədə insan haqlarının və azadlıqlarının pozulmadığını, siyasi məhbusların olmadığını bildirir.

XS
SM
MD
LG