Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:53

11 ilin hakiminə 9 il həbs cəzası kəsildi


İlyas Mahmudov
İlyas Mahmudov

Sumqayıt şəhər Məhkəməsində 11 ilin hakimi çalışmış İlyas Mahmudova 9 il həbs cəzası kəsilib. Dekabrın 18-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Keçmiş hakim bilə-bilə ədalətsiz qərar çıxarmaq, rüşvət almaq kimi əməllərdə təqsirli sayılıb.

İddia olunur ki, İ.Mahmudov Sumqayıtda hakim işlədiyi 2008-2019-cu illərdə mülki mübahisələrə, özəlliklə əmək, pensiya məsələləri ilə bağlı işlərə baxarkən iddiaçı vətəndaşların xeyrinə qərar çıxarmaqdan ötrü yalan bilgilərdən yararlanıb. Söhbət toplam 25 haldan gedir. Keçmiş hakim bu işlərin bir neçəsində xeyrinə qərar verdiyi adamlardan rüşvət almaqda suçlanır.

İ.Mahmudovun işində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi zərərçəkmiş qismində tanınıb. İddia edilir ki, onun çıxardığı qətnamələr sayəsində xeyli adama əsassız pensiya təyin edilib, onlar illərlə təqaüd alıblar. Nəticədə Dövlət Sosial Müdafiə Fonduna 243 min 441 manat ziyan dəyib.

İ.Mahmudov özünü heç təqsirli bilmir. İstər məhkəməyə ifadəsində, istərsə son sözündə onu şərləyərək həbs etdiklərini deyib.

Keçmiş hakim Sumqayıt şəhər İcra Hakimiyyəti ilə münasibətlərinin gərgin olduğunu bildirib və bunu bir çox işdə icra hakimiyyətinin maraqlarına zidd qərarlar verməsi ilə əsaslandırıb. Bu üzdən basqılara da məruz qalıb.

"Bunu katibim edib"

İstintaq dövründə müstəntiqin ona qarşı qərəzli olmasından gileylənən İ.Mahmudov deyir ki, sənədlərdəki imzaları bir neçə dəfə ekspertizaya göndərilib. Hər dəfə də ekspertiza imzanın ona məxsus olmadığına rəy verib: "O imzalar mənim deyil. Sadəcə mənim möhürümdən istifadə edib, saxta qətnamələr düzəldiblər, bundan da xəbərim olmayıb. Bunu katibim edib. Yoxlama vaxtı onun davranışlarını, ürəkkeçməsini də hamı gördü. Sonra da ondan mənə qarşı istifadə edib əleyhimə ifadə aldılar. Məqsəd məni ləkələmək idi deyə, müstəntiq də qərəzli yanaşdı, normal araşdırma aparmadı".

İ.Mahmudov əlavə edib ki, pensiya işlərində onun çıxardığı qərarlar qanunsuz və əsassız idisə, Dövlət Sosial Müdafiə Fondu yuxarı instansiya məhkəməsinə şikayət edə bilərdi. Əgər pozuntu varsa, apellyasiya məhkəməsi və ya Ali Məhkəmə onları aradan qaldırmalı idi.

İ.Mahmudov 1993-cü ildən 2008-ci ilədək Ali Məhkəmədə müxtəlif vəzifələrdə çalışıb. 2008-ci ildə Sumqayıt şəhər Məhkəməsinin hakimi təyin edilib. Onun yetkilərinə 2019-cu ildə - yetki müddəti başa çatmadan xitam verilib.

XS
SM
MD
LG