Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:20

Hakimin MTN generalına ‘müəllim’ deməsi qalmaqal yaratdı


Zərərçəkənlərin hamısı keçmiş MTN-çilərin işinə baxan hakimlərdən narazıdır

Həbsdə olan MTN generalı, uzun illər nazirliyin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Mövlam Şıxəliyev və onun tabeliyində çalışmış daha üç nəfərin işi üzrə 32 nəfər zərərçəkmiş qismində tanınıb.

Zərərçəkənlərin hamısı keçmiş MTN-çilərin işinə baxan hakimlərdən narazıdır. Onlar hesab edirlər ki, Bakı Hərbi Məhkəməsində hakimlər bu cinayət işinə obyektiv baxmır.

Zərərçəkənlər oktyabrın 26-da keçirilən məhkəmə iclasında Elbəy Allahverdiyevin sədrlik etdiyi hakimlər kollegiyasına yazılı şəkildə etiraz veriblər. Özəlliklə Allahverdiyevin təqsirləndirilən MTN generalına “müəllim” xitabı onların narazılığına səbəb olub.

Zərərçəkmiş Zaur Əliyev vəsatətində vurğulayıb ki, Allahverdiyev hakimlikdən öncə Hərbi Prokurorluqda çalışdığı zamanlarda bir müddət MTN-ə ezam olunub. Həmin müddətdə İstintaq Baş İdarəsində Şıxəliyevin nəzarəti altında fəaliyyət göstərib:

“Belə görünür ki, o vaxtdan formalaşmış isti münasibətlər hələ də davam edir”.

“Nəyi gizlətməyə çalışırsız?”

Hakimlər keçmiş MTN-çilərin məhkəməsinə jurnalistləri buraxmır. Bu da zərərçəkənləri narazı salan daha bir məqam olub. Zərərçəkənlər vəsatət qaldıraraq, media nümayəndələrinin məhkəmə zalına buraxılmasını istəyiblər. Lakin heç bir əsaslandırma olmadan vəsatət təmin edilməyib.

“Siz nəyi gizlətməyə çalışırsız? Niyə jurnalistləri buraxmırsız? Niyə imkan vermək istəmirsiz ki, bunların insanların başına açdıqları oyunları ictimaiyyət bilsin? Deməli, onları qoruyursunuz...” – zərərçəkənlər etiraz edib.

Hakim Allahverdiyevə verilən etiraz da təmin olunmayıb. Zərərçəkənlərdən Hüseyn Səfərov narazılığını sərt şəkildə ifadə edib:

“Bu necə hakimlikdir? Yüzlərlə insanın həyatını qaraldanları müdafiə etməyi özünüzə necə sığışdırırsınız?”

Məhkəmə iclasında gərginlik yaranıb, hakim zərərçəkmiş Səfərovun məhkəmə zalından çıxarılmasına göstəriş verib.

Hakimin bu cür davranışı digər zərərçəkənləri hiddətləndirib. Onların hamısı etiraz olaraq, məhkəmə zalından çıxıblar:

“Onsuz da siz hakimlik eləmirsiz, Mövlam Şıxəliyevə vəkillik eləyirsiz. Özünüz məhkəmə adıyla onu müdafiə eləyin...”

Qalmaqala görə məhkəmə prosesi yarımçıq qalıb. Proses noyabrın 2-də davam edəcək.

Xatırlatma

General Şıxəliyev 2021-ci ilin aprelində həbs olunub. Sabiq MTN-çilər haqqında cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən və hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pulunu, əmlakını ələ keçirməkdən bəhs olunur.

Hələ 2015-ci ilin oktyabrında MTN-də nazir Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılması, 20-dən artıq vəzifəli şəxsin, o cümlədən generalların həbsilə nəticələnən əməliyyatdan sonra aparılan istintaqda Şıxəliyev və digərlərinin adları hallanırdı.

Onlardan Şıxəliyev və Məmmədov şahid qismində də dindirilmişdilər. Vüsal Ələkbərov isə hədə-qorxu ilə tələb etmə, rüşvət alma və başqa əməllərdə suçlanaraq, Bakı Hərbi Məhkəməsinin hökmüylə 12 il azadlıqdan məhrum edilmişdi. Sonradan apellyasiya məhkəməsi onun cəzasını 5 ilə endirdi. O, bir müddət həbsdə saxlandıqdan sonra şərti azadlığa buraxılmışdı.

Sabiq MTN-çilərə CM-in 182 (hədə-qorxu ilə tələb etmə), 294 (sübutları saxtalaşdırma), 311 (rüşvət alma) və 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrilə ittiham verilib. Bu maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Təqsirləndirilən Yasin Məmmədov uzun illər MSK-nın katibi, daha sonra sədr müavini işləmiş Natiq Məmmədovun qardaşıdır.

Zərərçəkmişlər arasında “Texnikabank”ın keçmiş sahibi, “Muğanbank”ın filial müdiri, bir sıra sahibkarlar da var.

2015-ci ilin oktyabrında MTN-dəki əməliyyat nəticəsində nazirliyin 21 vəzifəlisi cinayət məsuliyyətinə cəlb olunub. Onların arasında 5 general da vardı. Onların işi bir neçə qrupa bölünüb və ayrılıqda məhkəməyə göndərilib.

Sabiq MTN-çilərə 3 ildən 14 ilə qədər həbs, üç nəfərə isə şərti cəza verilib. Generallardan hazırda yalnız ikisi - Elçin QuliyevTeymur Quliyev həbsdədir. Akif ÇovdarovSübahir Qurbanov 2020-ci ilin aprelində əfv sərəncamı ilə azadlığa buraxılıb. Natəvan Mürvətovaya isə şərti cəza təyin edilib.

Ümumiyyətlə, 2015-ci ildə həbs olunanlardan həbsdə qalanların sayı cəmi 5 nəfərdir.

Sabiq MTN-çilər qanunsuz dinləmələrdə, iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda və başqa əməllərdə ittiham olunurdular.

2015-ci ilin oktyabrında MTN-də baş verənlərdən sonra bu qurum ləğv edilib və onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yaradılıb.

XS
SM
MD
LG