Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 13:16

Ruhani Hacı Əli Behiştiyə 15 il həbs cəzası kəsildi


Hacı Əli Behişti
Hacı Əli Behişti

Yanvarın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində Hacı Əli Behişti kimi tanınan ruhani Hacı Əli Əliyevə hökm oxunub. Ona 15 il həbs cəzası kəsilib. Ruhani dövlətə xəyanətdə suçlu sayılıb.

İddia olunur ki, Hacı Əli Behişti 2007-ci ildən İranın xüsusi xidmət orqanı ilə əməkdaşlıq edib, onlara məlumat ötürüb. Həmin bilgilərdə Bakıətrafı qəsəbələrdə məscid sayından, dini inanclı şəxslərdən və s.-dən bəhs edilib.

İttihama görə, təqsirləndirilən ruhani Behişti təxəllüsünü də İranda götürüb, İranın xüsusi xidmət orqanlarından pul alıb.

Behişti dövlətə xəyanət ittihamını qəbul etmir. Özünü təqsirli bilmədiyini deyən ruhaninin sözlərinə görə, İranın Qum şəhərində təhsil alıb, bir müddət ailəsi ilə orada yaşayıb. O vurğulayıb ki, hər hansı dövlətin xüsusi xidmət orqanı ilə nə əlaqəsi olub, nə də pul alıb.

Təqsirləndirilən ruhani istintaqdakı ifadəsini də təsdiqləməyib və həmin ifadəni psixoloji təzyiq altında verdiyini söyləyib: "Mənim casusluq elədiyimi təsdiqləyən heç bir sübut yoxdur. Məndə dövlət sirri sayılan məlumatlar olmayıb ki, onları kiməsə də ötürüm".

Behişti əlavə edib ki, İranın xüsusi xidmət orqanlarına ötürdüyü iddia olunan bilgilər, məsələn, məscidlərin sayı açıq məlumatdır, internetdə də var.

Onun sözlərinə görə, Azərbaycan Ruhanilər Məclisi adlı icmaları vardı və Məclis üzvləri toplaşanda gündəlik məsələləri müzakirəyə çıxarıb dini mövzuda söhbət edirdilər.

Məhkəmədə prokuror Hacı Əli Behiştiyə 17 il cəza verilməsini təklif edib, özü və vəkili isə bəraət istəyib.

Bakının Binə qəsəbəsinin sakini olan 62 yaşlı Hacı Əli Behişti ötən il aprelin 26-da yaşadığı evdə saxlanılıb.

XS
SM
MD
LG