Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:25

'Güzəştli Mənzil' satışından narazılar nəticələrin ləgvini istəyirlər


"Güzəştli mənzil" satışından narazı qalanlar, Bakı, 5sentyabr 2018
"Güzəştli mənzil" satışından narazı qalanlar, Bakı, 5sentyabr 2018

““Güzəştli mənzillər”in bu dəfəki seçimi əvvəlki kimi ədalətsiz olub, nəticələri ləgv edilməlidir”

Mənzil İnşaatı Dövlət Agentliyi-nin (MİDA) Yasamal Yaşayış Kompleksindəki sosial mənzillərin bu gün, sentyabrın 5-də keçirdiyi seçim prosesindən narazı qalan iddiaçılar belə deyir. Onlar MİDA-nın seçim prosesinin ugurla başa çatmasını elan etməsindən sonra agentliyin qarşısına toplaşıb etirazlarını bildiriblər.

Seçimdən narazı qalan onlarla vətəndaş deyir ki, onlar ümumiyyətlə elektron sistemə daxil ola bilməyiblər. Narazıların vurğulamasına görə, sistem onların üzünə seçimin başa çatması elan edildikdən sonra açılıb.

“MİDA rəhbərliyi ikinci dəfədir ki, saxtakarlığa yol verir. Bunlar camaatı dövlətin əlehinə qaldırırlar”, narazılardan Səttar Əhmədov bildirib. O, nəticələri ləğv edilmiş ilk satışda da iştirak edənlərdəndir.

“Keçən dəfə bizə dedilər ki, sistem çöküb, ona görə mümkün olmayıb. Narazılığımızı bildirdik, nəticələri ləğv etdilər, təkrar satış təyin etdilər. Mən dünən axşam elektron sistemdən istifadə üzrə ən peşəkar mütəxəssislərdən birini evə dəvət etdim ki, problem yaransa yardım etsin. Ancaq yenə eyni şeylər təkrarlandı, birinci dəfə olduğu kimi sistem çökdü, seçim etmək mümkün olmadı. Saat 15:50-yə qədər sistem tam çökmüşdü, daxil olmaq mümkün olmurdu. Sistemə giriş də elə həmin vaxt mümkün oldu. Ancaq dərhal da elan edildi ki, artıq seçim başa çatıb. MİDA ya işlərinin öhdəsindən gələ bilmir, ya da saxtakarlıq ediblər. Nəticələr ləğv edilməlidir”, S.Əhmədov deyib.

Mənzil İnşaatı Dövlət Agentliyi, 5 sentyabr 2018
Mənzil İnşaatı Dövlət Agentliyi, 5 sentyabr 2018

Buna da bax: 'Güzəştli mənzil' sistemində yenə problem yarandı

Ehtiyatda olan polkovnik - leytenant Saməddin Əzizov da eyni problemlərin yaşanmasından danışıb.

“Sitem çökdü, giriş mümkün olmadı. Giriş mümkün olanda isə dedilər ki, mənizllər seçilib, qurtarıb. İndi də deyirlər ki, növbəti dəfə gəl, ondan seçim edərsən. Axı, mənim ömrüm çatmayacaq növbəti dəfəyə!. İl yarımdır bu işin içindəyəm, kökündən yalnış qurulub. İtirəcəyim heç nə yoxdur, hüquqi yollara baş vuracagam. Dərdimizi kimə deyək?... Ölkəmizin gözəl başçısı var, amma çox təəssüf...”, H.Əzizov bildirib.

“Saat 11-də alınmadı, dedilər saat 15:00-da seçim olacaq. Ancaq sistemə daxil olmaq ümumiyyətlə mümkün olmadı”, başqa bir narazı Asim Astanov belə deyib.

“Deyirlər ki, seçim olub, niyə yalan danışırlar? Saat 3-dən burda gözlədik, sistemə daxil ola bilmədik. Yarım saat sonra dedilər ki, artıq mənzillərin hamısı seçilib. Səhifə o zaman açıldı ki, artıq seçim qurtarmışdı. Deməli, problemi də özləri yaradıblar, satıb, sonra açdılar. Belə də şey olar? Axı, seçim olmayıb. İnsanların hisləri ilə oynamasınlar. Millətə yazıq oldu”, o, əlavə edib.

Yolu bağlamaq istədilər və...

Narazılar bir neçə dəfə MİDA-nin ofisinin yerləşdiyi “İnqilab” keçəsində yolu bağlamaga da cəhd göstəriblər. Axşam saatlarınadək MİDA-nin ofisini tərk etməyən narazıların bir qrupunu agentliyin rəsmiləri qəbul ediblər. Qəbul qapalı olub.

Qəbuldan çıxan narazılar istədikləri cavabı ala bilmədiklərini deyiblər.

“Dedilər ki, hər şey şəffaf olub. Müşahidəçilər də prosesi izləyiblər. Daha deməyə sözümüz yoxdur”, görüşdə iştirak edənlərdən Asim Astanov AzadlıqRadiosuna bildirib.

Narazılar həmçinin, seçimin nəticələrinin ləğv edilməsindən ötrü hüquqi yollara baş vuracaqlarını qeyd ediblər.

MİDA etirazları əsassız sayır

MİDA sözçüsü Diana Dadaşova isə kütləvi informasiya vasitələrinə açıqlamasında etirazları əsassız sayıb. O deyib ki, satışa çıxarılan mənzillərdən ötrü 9 min 500-dən çox şəxs qeydiyyatdan keçib.Onlardan 4 min 800-dən çox şəxs bu prosesində iştirak ediblər:

“ İstənilən halda burada rəqəbət böyük idi. Ancaq vətəndaşlar narahat olmasınlar mənzil seçimi ilə bağlı növbəti elanlar olacaq.Onsuzda mənzillər mərhələli şəkildə satışa çıxarılır”, deyə o vurğulayıb.
“Güzəştli mənzillər”in satışının baş tutdugu bildirilib.

Narazılıqlardan bir qədər öncə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) ayrıca açıqlama yayaraq Yasamal Yaşayış Kompleksi-ndə sosial mənzillərin seçiminin uğurla başa çatdığını bildirmişdi.

Açıqlamada vurğulanırdı ki, MİDA-nın ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında güzəştli mənzillərin satışı prosesinə bu gün, sentyabrın 5-də saat 15:00-da başlayıb və uğurla başa çatdırılıb.

“...Satışa çıxarılan 324 mənzilin seçimi “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib. Bu saata olan məlumata görə, satışa çıxarılmış 324 mənzilin hamısı artıq seçilib. Seçilmiş mənzillərin 70 faizindən çox hissəsi artıq vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib”, məlumatda vurğulanırdı.

Mənzillərin seçimi prosesinin əlaqəli dövlət qurumlarının iştirakı ilə müşahidə edildiyi bildirilirdi.

Söz ardı...

Güzəştli mənzillərin satışı ikinci dəfə təşkil olunurdu. İlk satış mayın 7-də başlanmış, ancaq nəticələri ləğv edilmişdi. Həmin vaxt bəzi insanlar prosesdə şəffaflığın olmadığını, mənzillərin əvvəlcədən satılıb qurtardığını bəyan etmişdilər. Ancaq MİDA açıqlamışdı ki, vətəndaşların satış prosesinin aparıldığı «Elektron hökumət» portalına daxil olmasında ciddi problemlər yaranıb.

Sentyabrın 5-i, saat 11:00-a təyin edilmiş təkrar satışda da ilk saatlarda problem yaranmışdı.

Buna görə, satış saat 15:00-a ertələnmişdi.

MİDA 5 binada 324 hazır, tam təmirli, mətbəx mebeli və isitmə sistemi olan 1-3 otaqlı mənzilləri satışa çıxarmışdı. Yalnız «Güzəştli mənzil» sistemində elektron kabinetə sahib olan vətəndaşlar mənzil almaq hüququna malikdir.

MİDA-nın təklif etdiyi 1-otaqlı mənzillərin qiyməti 29 min 925, 2-otaqlılar 47 min 282, 3-otaqlıların qiyməti isə 65 min 626 manatdan başlayırdı.

Mənzillərin satışının dekabrın 5-də başa çatacağı açıqlanmışdı.

Xatırlatma

Sosial evlərin tikintisi ilə məşğul olan Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) prezident İlham Əliyevin 2016-cı ilin aprelində imzaladığı sərəncamla yaradılıb.

Həmin agentliyin əsasnaməsinə görə, başlıca hədəflərdən biri vətəndaşların güzəştli mənzil əldə etmələrinə şərait yaratmaqdır. Yasamal Yaşayış Kompleksi 29 yaşayış binasından ibarətdir. Kompleksin bütün mühəndislik infrastrukturu dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına qurulub.

Ötən il dekabrın 24-də isə prezident İ.Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi çərçivəsində Hövsanda inşa ediləcək 11 binadan birincisinin təməlini qoyub.

XS
SM
MD
LG