Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:18

ABŞ səfirliyi: 'Gürcüstan demokratiyasının qara günü' (Video)


Martın 7-də Tbilisidə
Martın 7-də Tbilisidə

Gürcüstan parlamenti martın 7-də ziddiyyətli “xarici agent” qanununu birinci oxunuşda qəbul edib.

Tənqidçilər bildirirlər ki, bu qanun ölkədə insan haqları və azadlıqlarını əsaslı şəkildə əngəlləyə bilər. Birləşmiş Ştatların Tbilisidəki səfirliyi qanunun qəbulunu “Gürcüstan demokratiyasının qara günü” adlandırıb.

Sözü gedən qanun 150 mandatlı parlamentdə 76 leyhinə, 13 əleyhinə və 61 səs bitərəf olmaqla qəbul edilib.

Bu nisbət qanunun ikinci və üçüncü oxunuşlardan da keçəcəyini göstərir.

Səsvermə əvvəlcə martın 9-a təyin edilsə də, sonradan bu tədbir izah olunmayan səbəblərə görə irəli çəkilib.

Səsvermənin keçirildiyi vaxtlarda parlamentin qarşısında yüzlərlə etirazçı toplaşmışdı.

Qanunun qəbuluna etiraz edənlər şəhərin əsas küçəsi olan Rustaveli prospektini bağlamışdılar.

Onlar “Rədd olsun Rusiya qanunu” şüarını səsləndirirdilər.

Etirazçılarla üzbəüz qalan iğtişaş polisi onlara qarşı istiot üfürənlərdən istifadə edirdi.

Bundan bir gün əvvəl sözü gedən qanun parlament komitəsində müzakirə olunarkən etirazçılar və parlamentin mühafizəsi arasında toqquşmalar, deputatlar arasında isə dava-dalaş düşmüşdü.

Etirazçılar və müxalifət deputatları bu qanun layihəsinin səsə qoyulmamasını tələb edirdilər.

ABŞ səfirliyinin sərt bəyanatı

ABŞ-ın Tbilisidəki səfirliyi martın 7-də yaydığı bəyanatda qanunun qəbulunu “Gürcüstan demokratiyasının qara günü” adlandırıb:

"Parlamentin Kremldən ilhamlanan belə qanunları qəbul etməsi Gürcüstan xalqının Avropa inteqrasiyası və demokratik inkişaf arzuları ilə ziddiyyət təşkil edir”.

Bəyanatda daha sonra deyilir:

"Bu qanunların qəbulu Gürcüstanın strateji partnyorları ilə münasibətlərinə ziyan vuracaq və çox sayda Gürcüstan təşkilatlarının soydaşlar üçün gördüyü işə xələl gətirəcək. Bütün bu proses və qanun layihəsi hakim partiyanın Avroatlantika inteqrasiyası öhdəliyinə sadiq olması barədə real suallar doğurur”.

Gürcüstanın hakim “Gürcü arzusu” partiyası tərəfindən dəstəklənən bu qanun maliyyələşməsinin 20 faizini xaricdən alan təşkilatlardan hesabat verilməsini tələb edir.

Qanun onu pozanlara qarşı ağır cərimələr nəzərdə tutur.

“Rusiya qanunu”

Tənqidçilər bildirirlər ki, sözü gedən qanun Rusiyanın “xarici agent” qanununa çox bənzəyir. Rusiya qanunu bir çox müstəqil jurnalistlərin və demokratik təsisatların fəaliyyətini məhdudlaşdırıb.

Rusiya təsiri Gürcüstanda həssas mövzudur. Rusiya 2008-ci ildə separatçı Abxaziya və Cənubi Osetiya bölgələri üzərində nəzarətini bərpa etmək istəyən Gürcüstanın ərazisinə hərbi müdaxilə edib.

Qısa, amma qanlı müharibənin ardınca Rusiya Gürcüstandan qopmuş separatçı bölgələrin müstəqilliyini tanıyıb, amma orada özünün minlərlə əsgərini yerləşdirməklə bu əraziləri faktiki olaraq ilhaq edib.

Qanun layihəsinin Venesiya Komissiyasına göndəriləcəyi bildirilib. Bu qurum layihə barədə tövsiyələrini versə də, onun qanunu dəyişmək və ya ləğv etmək səlahiyyəti yoxdur.

Hərçənd parlamentin spikeri Şalva Papuaşvili cəmiyyəti sakitləşdirmək üçün vəd edib ki, Venesiya Komissiyasının tövsiyələri 2-ci və 3-cü oxunuşlarda nəzərə alınacaq.

Səsvermədən əvvəl Human Rights Watch və Amnesty International insan haqları təşkilatları Gürcüstan parlamentini qanunun qəbulundan imtina etməyə çağırmışdılar.

XS
SM
MD
LG