Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:24

“Bir təkan bəsdi ki, bu bina çöksün”


İllüstrasiya fotosu
İllüstrasiya fotosu

-

Söhbət Yasamal rayonu, Şərifzadə küçəsindəki 122 saylı binadan gedir.

Həmin ünvanda yaşayanlar AzadlıqRadiosunun “Qaynar xətt”inə danışırlar ki, bina uzun illərdir qəzalı vəziyyətdədir.

Bir az imkanlılar qapı-bacalarını qıfıllayıb başqa yerdə kirayədə yaşayırlar.

Buna imkanı çatmayanlarsa necə deyərlər, taleləri ilə barışıb təhlükəylə baş-başa qalıblar.

GÖZDƏN PƏRDƏ SUVAQ

Sakin Fatma Osmanova:

“Bu binadan hamının xəbəri var – Fövqəladə Hallar Nazirliyinin də, Bakı Şəhər İcra Hakimiyyətinin də... Bina dağılır, pilləkənlər adamın ayağının altında oynayır. Kommunikasiya xətləri bərbad vəziyyətdədir. Divarlar o dərəcədə çat verir ki, deşikləri əski parçalarıyla ört-basdır etməli oluruq”.

Yuxarı mərtəbələrdəki mənzillər gecə-gündüz aşağıdakıları “sulayır”. Elə mənzil yoxdur ki, üstündəki mənzildən başına su axmasın. Sakinlərin deməsinə görə, hər dəfə səs-küy salanda yerli “JEK”dən gəlib binanın ora-burasını suvaqlayıb gedirlər. Fatma Osmanova deyir, bu suvaq da gözdən pərdə asmaq üçündür:

“Şəxsən mənim evlərimin divarları partlayıb, ikiyə bölünüb. Divarların arasından çöl görünür. Mətbəx dağılıb, tavan uçub”.

DÖŞƏMƏLƏR ÇİRKAB SUYLA DOLMUŞDU

Sakin Mirzə Xankişiyev:

“Bir dəfə istirahətə getdik, evə dönəndə burnumuzdan gəldi. Kanalizasiya xətləri köhnə, sıradan çıxmış olduğuna görə tualet daşmışdı, evin döşəmələri çirkab suyla, nəcislə dolmuşdu. Halbuki, kanalizasiya xətlərinin təzələnməsi üçün dəfələrlə müraciət etmişdik. Elə bircə onu deyirlər ki, qəzalı binadır, onsuz da gec-tez ya köçürüləcəksiz, ya da təmir olunacaq. Axı nə vaxt?”

Sonuncu mərtəbənin sakinləri üz tutduqları aidiyyəti qurumlardan səs çıxmadığını görüb özləri bir araya gəliblər. Binanın damını düzəltdiriblər ki, qışda başlarına su axmasın:

Mirzə Xankişiyev deyir ki, sonuncu mərtəbənin sakinləri üz tutduqları aidiyyəti qurumlardan səs çıxmadığını görüb özləri bir araya gəliblər. Binanın damını düzəltdiriblər ki, qışda başlarına su axmasın:

“Ancaq onun da xeyri yoxdur. Çünki bu boyda binanın damını keyfiyyətli təmir etdirmək bizim imkanımız daxilində deyil. Buna gərək vəsait ayrılsın, əməlli-başlı iş görülsün. Bizim qır tökdürməyimizlə iş bitmir”.

Binada çatların gündən-günə dərinləşməsi və çoxalması, çökmə təhlükəsinin artması sakinləri rahat buraxmır.

MƏNZİL FONDU BOŞDUR

Yasamal rayon İcra Hakimiyyətindən bildiriblər ki, binanın vəziyyətindən məlumatlıdırlar. Ancaq indi sakinlərin dərdinə çarə edə bilmirlər.

Fövqəladə Hallar Nazirliyinin nümayəndələri bir neçə dəfə binaya baxış keçiriblər.

Binanın qəzalı olması barədə rəy də verilib. Sakinlərə tezliklə ərazidən köçürüləcəkləri vəd olunub. Bina sakinləri deyirlər, artıq binanın daşları da bir-bir qopub tökülür. Onlar əvvəlkitək daha mənzillərində təmir işləri aparmağa da ehtiyat edirlər.

Yasamal rayon İcra Hakimiyyətindən bildiriblər ki, binanın vəziyyətindən məlumatlıdırlar. Ancaq indi sakinlərin dərdinə çarə edə bilmirlər. Səbəb də odur ki, mənzil fondu boşdur. Ancaq binanı əsaslı təmir etməli olan qurumlara müraciət olunub. Əgər həmin qurumlar təmirə başlamaq barədə qərarlarını bildirsələr, o zaman onlar da sakinlərin kirayədə qalması üçün müvafiq tədbirlər görəcəklər...

XS
SM
MD
LG