Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 21:25

G7 Navalnının dərhal azad olunmasını tələb edir


Navalnı tərəfdarlarının etiraz aksiyası
Navalnı tərəfdarlarının etiraz aksiyası

Sənayecə inkişaf etmiş ölkələrin G7 qrupu Rusiyada Kreml tənqidçisi Aleksey Navalnının “siyasi motivlə” saxlanmasını və onun azadlığa buraxılmasını tələb edən etirazçılara qarşı “zorakı hücumu” qətiyyətlə pisləyən bəyanat yayıb.

Böyük yeddilərin xarici işlər nazirlərinin yanvarın 26-da açıqlanmış birgə bəyanatında Navalnının “dərhal və qeyd-şərtsiz” azad edilməsi tələb olunur.

Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Birləşmiş Krallıq və Birləşmiş Ştatlardan ibarət G7 qrupunun bəyanatında deyilir ki, Rusiya özünün milli və beynəlxalq öhdəliklərinə görə insan haqlarına hörmət göstərməyə borcludur.

Navalnı yanvarın 17-də Almaniyadan Rusiyaya qayıdarkən Moskva hava limanında saxlanıb.

O Rusiyada hərbi təyinatlı kimyəvi agentlə zəhərləndikdən sonra müalicə üçün təcili qaydada Almaniyaya aparılmışdı.

Hazırda Navalnını fevral ayında keçiriləcək məhkəmə gözləyir.

O şərti cəzanın şərtlərini pozmaqda ittiham edilir. Əgər təqsirli bilinərsə, onun 3 il yarımlıq şərti cəzası həbsxana cəzası ilə əvəzlənə bilər.

Söhbət Navalnı barəsində 2014-cü ildə çıxarılmış məhkəmə hökmündən gedir.

Bir vaxtlar G8 olan G7

G7 qrupunun bəyanatında deyilir ki, Aleksey Navalnının həmin məhkəmə hökmünə görə yenidən mühakimə olunması insan haqlarının kobud şəkildə pozulmasıdır.

Beləki Avropa İnsan Haqları Məhkəməsi 2017-ci ildə Navalnıya qarşı ittihamların qanunsuz olması barədə qətnamə qəbul edib.

Bəyanatda deyilir ki, siyasi opponentə qarşı kimyəvi silahdan istifadə olunması və Navalnının saxlanması Rusiyada demokratiyanın, müstəqil səslərin və siyasi plüralizmin daha da sarsıdılması deməkdir.

Rusiya ovaxtlar G8 adlanan qrupdan 2014-cü ildə Moskva Krımı ilhaq etdikdən dərhal sonra çıxaırlıb və qrup G7-yə çevrilib.

Etirazlar davam edəcək

Ötən həftəsonu bütün ölkə boyunca keçirilən kütləvi etiraz aksiyalarında 3700 nəfərin saxlanmasına baxmayaraq, Navalnının tərəfdarları onun azad edilməsini tələb edirlər.

G7 nazirləri bidliriblər ki, onlar dinc nümayişlərin “zorakı şəkildə” yatırılmasından və minlərlə etirazçının saxlanmasından dərin narahatlıq keçirirlər.

Navalnının komandası tərəfdarları yanvarın 31-də və fevralın 2-də yenə də küçələrə çıxmağa çağırıb.

Navalnının məhkəməsi məhz fevralın 2-də keçirilməlidir.

Dünya boyunca insan haqları təşkilatları da Moskvadan Navalnının və başqa saxlananların azadlığa buraxılmasını tələb edirlər.

“Bu fiqur”

Sərhədsiz müxbirlər təşkilatı yanvarın 26-da Rusiya etirazları zamanı 50-dən çox jurnalistin saxlanmasına görə Avropa İttifaqını Moskva üzərinə sanksiyalar qoymağa çağırıb.

Bəyanatda deyilir ki, polis məqsədli şəkildə bir sıra mediaları hədəfləyib. Polisin məqsədi etirazlar barədə reportajların yayılmasının qarşısını almaq idi.

Bu arada Rusiya prezidenti Vladimir Putinin sərt xətt-hərəkət tərəfdarı olan ən yaxın müttəfiqlərindən Nikolay Patruşev Navalnını Rusiyanı stabilsizləşdirməkdə ittiham edib və deyib ki, o ölkə qanunvericiliyini dəfələrlə pozlduğuna görə məsuliyyətə cəlb olunmalıdır.

Navalnını “bu fiqur” adlandıran Milli Təhlükəsizlik Şurası katibi “Arqumentı i faktı” qəzetinə müsahibəsindıə iddia edib ki, Navalnı külli miqdarda vəsaitlə bağlı fırıldağa əl atıb.

O bildirib ki, “Qərbin Rusiyanı qarışdırmaq üçün belə bir fiqura ehtiyacı var”.

XS
SM
MD
LG