Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 13:13

Vəkil: 'Dələduzluqda ittiham olunan, axtarışda olanın həyəcan keçirməsi...'


Fuad Əhmədli
Fuad Əhmədli

AXCP Gənclər Komitəsinin üzvü, 2016-cı ilin avqustundan həbsdə olan Fuad Əhmədli operator işlədiyi “Azerfon” şirkətindən (“Nar Mobile”) bir neçə müştərinin şəxsi məlumatlarını başqalarına ötürməkdə suçlanır. Amma gənc fəal bu ittihamla razılaşmır və kimsənin şəxsi məlumatını başqasına vermədiyini deyir. Elə iş yoldaşı Şahin Əfəndiyev də deyir ki, operatorlarda müştərilər haqqında heç bir məxfi məlumat olmur.

Şahin Əfəndiyev mayın 23-də Fuad Əhmədlinin məhkəməsində şahid qismində dindirilib.

Cəbhəçi gəncin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Fikrət Qəribovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Buna da bax:​ 'Fuad Əhmədlinin işində zərərçəkmiş dələduzluğa görə axtarışdadır'

“XAHİŞ ELƏDİM HƏMİN ADAMIN MESAJLARINA BAXSIN”

Şahin Əfəndiyev məhkəmədə deyib ki, operator rəhbər vəzifəli şəxs deyil, onda müştəri haqda məxfi məlumatlar olmur. Şahidin sözlərinə görə, operatorun, ancaq zəngləri qəbul edib, cavablandırmaq səlahiyyəti var.

Başqa bir şahid Vüsal Kazımov da bildirib ki, Fuad Əhmədli ilə dost olduqlarına görə ondan bir nəfərin mesajlarına baxmağı xahiş edib. Amma Fuad ona bunun mümkünsüz olduğunu söyləyib: “Nişanlımın nömrəsinə tanımadığım nömrədən zəng gəldi. Həmin adam dedi ki, səhv düşüb. Mən Fuaddan xahiş elədim ki, həmin adamın mesajlarına baxsın. Cavab verdi ki, mümkün deyil. Amma abunəçinin ad-familiyasını dedi – Samir Xəlilov idi”.

Həmin Samir Xəlilov Fuad Əhmədlinin işində zərərçəkmiş qismində tanınıb. İddia olunur ki, Fuad onun şəxsi məlumatını yaymaqla, ona ziyan vurub. Amma Xəlilov ötən məhkəmə iclasında hakimlərə müraciət edərək, ziyan çəkmədiyini, adının da zərərçəkmişlər siyahısından çıxarılmasını istəmişdi.

Buna da bax:​ Fuad Əhmədli: 'Heç bir cinayət törətməmişəm'

ZƏRƏRÇƏKMİŞİN ŞİKAYƏTİ YOXDUR

Hakim Fikrət Qəribov mayın 23-də məhkəmə iştirakçılarına məlumat verib ki, Samir Xəlilov və digər zərərçəkmiş Məhəmməd Quliyev ərizə göndərib. Ərizədə Fuad Əhmədliyə qarşı heç bir şikayət-tələblərinin olmadığını yazıblar, həmçinin bundan sonrakı məhkəmə iclaslarında iştirak etmək istəmədiklərini bildiriblər.

Fuad Əhmədlinin vəkili Əsabəli Mustafayev S. Xəlilovun zərərçəkmiş statusuna xitam verilməsi haqda vəsatət qaldırıb: “İttihama görə, o, mənəvi zərər çəkib. Lakin mənəvi zərəri yalnız şəxs özü qiymətləndirə bilər. Həmin şəxs isə məhkəmədə iştirak etmək istəmir. Buna görə də onun zərərçəkmiş statusuna xitam verilməlidir”.

Vəkil digər zərərçəkmiş Məhəmməd Quliyevin isə məhkəmədə həqiqəti danışmaq haqda iltizama imza atmasına baxmayaraq, yalan ifadə verdiyini söyləyib. Əsabəli Mustafayevin sözlərinə görə, həmin şəxs dələduzluğa görə axtarışda olub və polislər onu tutub istintaqa təhvil veriblər, ifadəsi alınıb: “Lakin məhkəmədə ona sual verəndə bu faktı təsdiqləmədi. Halbuki, bu baş verib və faktdır. Deyir ki, Fuad Əhmədli onun harada olması haqda məlumatı kiməsə ötürdüyünə görə az qalıb infarkt keçirsin. Dələduzluqda ittiham olunan, axtarışa verilən adamın buna görə həyəcan keçirməsi mümkün deyil. Məhkəmə onun yalan ifadəsinə qiymət verməlidir”.

Buna da bax:​ AXCP fəalına ittihamlar ağırlaşdırılıb

“BALANSINDA KONTUR OLMADIĞINI YOXLAYIB TƏSDİQLƏDİ”

Fuad Əhmədlinin işində üçüncü zərərçəkmiş isə Aynur Əliyevadır. Digər iki zərərçəkən əvvəlki iclaslarda iştirak etsə də, A. Əliyeva ümumiyyətlə, məhkəməyə gəlməyib. İttihama görə, Fuad Əhmədli A. Əliyevanın nömrəsinin balansında kontur olmadığı haqda Elvin Qurbanova məlumat verib.

Elvin Qurbanov Fuad Əhmədli ilə birlikdə işləyən xanımın həyat yoldaşıdır. O da məhkəmədə dindirilib: “Aynur Əliyeva adlı xanımla münasibətim var idi. Mən ona zəng edəndə şübhələndim ki, balansında kontur yoxdur. Fuaddan soruşdum, o da yoxlayıb təsdiqlədi”.

Aynur Əliyeva da məhkəməyə ərizə göndərib. Bildirib ki, Türkiyədə olduğundan prosesdə iştirak edə bilmir. Amma Fuad Əhmədliyə qarşı şikayət və tələbi yoxdur.

Aynur Əliyevanın istintaqa ifadəsi elan olunub. O deyib ki, Fuad Əhmədlini tanımır, onun şəxsi məlumatının tanışı Elvin Qurbanova göndərilməsindən istintaqa çağırılanda xəbər tutub və sarsıntı keçirib.

Buna da bax:​ Fuad Əhmədli yenidən 'kars'a salınıb

Vəkil Əsabəli Mustafayev isə Aynur Əliyevanın bu ifadəsinin sübutlar siyahısından çıxarılmasını istəyib.

Vəkilin vəsatətləri baxılmamış saxlanılıb.

Məhkəmə iyunun 6-da davam edəcək.

XATIRLATMA

Fuad Əhmədli 2016-cı il avqustun 17-də saxlanılıb. İttihama görə, o, işlədiyi «Azerfon» şirkətində texniki vasitələrdən istifadə etməklə, bir sıra müştərilər haqda fərdi məlumatları kənar şəxslərə ötürüb. Həmçinin iddia olunur ki, Fuadın həbsindən sonra onun yaşadığı evdə aparılan axtarış nəticəsində Fethullah Gülen-ə aid materiallar olan disklər, kitablar tapılıb.

Buna da bax:​ Vəkil: Bu istintaq yox, cəzadır

F.Əhmədli isə bütün bunların yalan olduğunu bildirir.

Türkiyə hökuməti F.Gülenin ötənilki iyul çevriliş cəhdi arxasında durduğunu deyir, ABŞ-dan onun ekstradisiyasını istəyir. Gülen isə ittihamları rədd edir.

XS
SM
MD
LG