Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:22

Freedom House: «Avrasiyada diktaturalar laxlayır»


Nursultan Nazarbaev, İlham Əliyev və Vladimir Putin.
Nursultan Nazarbaev, İlham Əliyev və Vladimir Putin.

-

Neftin ucuzlaşması Avrasiyanın keçid ölkələrində ciddi iqtisadi problemlər yaradıb. Rusiya geriləyib, Azərbaycan, Türkmənistan və Qazaxıstan kimi neft dövlətlərində isə valyuta böhranı, büdcə kəsiri yaranıb. Böhran Avrasiyanın qeyri-enerji iqtisadiyyatlarına da yayılıb. Çünki Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan kimi ölkələr pul göndərişləri və miqrant əməyi baxımından Rusiyadan asılıdır.

ABŞ-da mənzillənən «Freedom House» hüquq-müdafiə təşkilatı keçid dövrü ölkələrinə dair açıqladığı illik «Nations in Transit» hesabatında belə yazır.

Bu hesabatda Mərkəzi və Şərqi Avropa, Balkanlar, Avrasiyada demokratiyanın durumunda dəyişikliklər dəyərləndirilir.

Hesabatda deyilir ki, miqrasiya böhranı və iqtisadi problemlər Avropa Birliyinin varlığına, Avrasiyada kök salmış diktaturalarda sabitliyə təhlükə yaradır.

VAXTINDA SÖZƏ QULAQ ASSAYDILAR...

«Nə vaxtsa Balkan ölkələri Avropada islahatların parlaq nöqtəsi sayılırdı. Ancaq bəzi ölkələrin Avropa Birliyinə üzvlük yönündə tərəqqi etməsinə baxmayaraq, 2010-cu ildən bəri regionda geriləmə baş verir. Serbiya və Monteneqroda ölkə liderləri dövlət müəssisələrinə nəzarəti ələ alıb. Makedoniyada hakim partiyanın aşırı idarəçiliyi kütləvi korrupsiyaya və 2015-ci ildə seçki saxtakarlığı qalmaqallarına yol açıb…».

«Keçmiş Sovet İttifaqı ərazisində demokratiyanı gerilədən ön böyük səbəb Rusiyada Vladimir Putin avtoritarizminin qayıdışı oldu. Keçmiş sovet məkanındakı 15 ölkədən 7-sinə diktatorlar rəhbərlik edir, onlar 10 il və daha çox hakimiyyətdə qalıblar. Neftin qiymətlərinin düşməsi indi bu rejimlərin sabitliyini laxladır».

«Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycan illər boyu iqtisadiyyatlarını şaxələndirə bilmədilər, şəffaf və hesabatlı idarəçilik sistemi yaratmadılar. İndi də bunun fəsadları ilə üzləşirlər», - «Nations in Transit» hesabatının layihə direktoru Nate Schenkkan deyib.

AZƏRBAYCAN – 6.86

Builki hesabatda 11 ölkənin göstəriciləri düşüb, 9 ölkədə yaxşılaşma qeydə alınıb.

Reytinqlər 1–7 balla göstərilib. 1 – demokratik inkişafın ən yüksək, 7 – ən aşağı həddini göstərir. Bu reytinq seçki prosesi, vətəndaş cəmiyyətinin durumu, müstəqil media, demokratik idarəçilik, məhkəmənin müstəqilliyi, korrupsiya kateqoriyalarına əsasən hazırlanır.

Azərbaycanın balı 6.86-dır. Gürcüstanda demokratiyanın durumuna 4.61, Ermənistanda 5.36, Rusiyada 6.50 bal verilib.

Hesabatda ötən il Azərbaycanda vətəndaş cəmiyyətinə 2014-cü ilin yayından başlanmış hücum kampaniyasının davam etdiyi vurğulanır. «Ölkənin ən tanınmış araşdırmaçı jurnalisti Xədicə İsmayıl yeddi il yarım həbs cəzasına məhkum edildi», - deyə qeyd olunur.

PREZİDENT AİLƏSİNİN SƏRVƏTİ

Hesabata prezident İlham Əliyev və ailə üzvləri barədə qısa arayış da salınıb. Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanın Araşdırılması Layihəsinin (OCCRP) məlumatına əsasən qeyd olunur ki, prezidentin üç övladı Dubayda 75 milyon dollarlıq mülkiyyətə sahiblənib. Təkcə oğlu Heydər 11 yaşında Dubayda 44 milyon dollarlıq villa əldə edib. «OCCRP onu da aşkarlayıb ki, Leyla və Arzu Əliyevalar Bakıda, azı, altı beşulduzlu otelə sahibdir, yaxud onların idarəçiliyinə sıx bağlıdır. Əliyevlər ailəsinin Azərbaycanın, azı, 8 bankında 3 milyard dollarlıq payı var. Birinci ailə telekommunikasiya, tikinti, nəqliyyat, mədənçıxarma, neft və qaz sektorlarında da paylara malikdir», - hesabatda oxuyuruq.

Hələlik, bu hesabata rəsmi münasibət açıqlanmayıb. Ancaq hakimiyyət təmsilçiləri ölkədə vətəndaş cəmiyyətinə təzyiqlərlə bağlı tənqidləri, adətən, qəbul etmirlər. «Freedom House» kimi beynəlxalq hüquq-müdafiə təşkilatları isə ölkəyə qarşı məqsədyönlü qarayaxma kampaniyası aparmaqda suçlanır. Ötən ay 10-dan çox «siyasi məhbus»un azadlığa buraxılması beynəlxalq ictimaiyyət tərəfindən alqışlanıb, ancaq hökuməti dərin demokratik islahatlar həyata keçirməyə səsləyən çağırışlar da artıb.

XS
SM
MD
LG