Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:31

Finlandiya NATO üzvü oldu, Rusiya ‘və başqa tədbirlərlə’ hədələyir


Finlandiya DİN-in binası qarşısında ölkənin və NATO-nun bayraqları
Finlandiya DİN-in binası qarşısında ölkənin və NATO-nun bayraqları

Finlandiya aprelin 4-də NATO alyansının tamhüquqlu üzvü, bu hərbi bloka daxil 31-ci ölkə oldu.

Bu barədə özünün Twitter hesabından Polşanın prezidenti Mateuş Moravetski yazıb:

"Finlandiya artıq NATO-dadır! Təbrik edirəm! İndi alyansın 31 üzvü var. Güclü partnyorlar Polşanın, regionun və bütün dünyanın təhlükəsizliyinə qarantiyadır”.

Finlandiyanın NATO üzvlüyü mərasimi aprelin 4-də keçirilib.

Finlandiyanın müdafiə naziri Antti Kaykkonnen bəyan edib ki, onun ölkəsinin alyansdakı üzvlüyü müdafiə qərarıdır:

"İstisna etmirəm ki, Rusiya bizim NATO üzvlüyümüzə ən yaxın zamanlarda necəsə reaksiya verəcək. Amma düşünürəm ki, Rusiyanın narahatlığına heç bir səbəb yoxdur. Buna görə də bir daha bəyan edirəm ki, alyansa daxil olmaq qərarı müstəsna olaraq müdafiə mülahizələri ilə qəbul edilib”.

Öz növbəsində Rusiya XİN Finlandiyanın NATO-ya daxil olmasını “düşünülməmiş addım” adlandırıb və bildirilib ki, Rusiya öz milli təhlükəsizliyinin təmin olunması üçün “həm hərbi-texniki, həm də başqa xarakterli” cavab tədbirləri görəcək.

Rusiya XİN bildirir ki, ölkənin şimal-qərb ərazilərində müdafiə tikintisi alyansın Finlandiya ərazisində hansı infrastrukturu və zərbə silahlarını yerləşdirməsindən asılı olacaq.

Rusiya XİN bunu da iddia edir ki, “Finlandiya NATO-ya daxil olmaqla milli kimliyindən və hər hansı müstəqilliyindən imtina edir”.

Moskvanın fikrincə Helsinkinin bu vaxtadək yürütdüyü bloklara qoşulmamaq siyasəti onun həqiqi milli maraqlarına cavab verirdi.

Bəyanatın sonunda bildirilir ki, Finlandiyanın Şimal alyansına qoşulması “Moskva-Helsinki münasibətlərində öz neqativ əksini tapmaya bilməz”.

Qarşıda İsveçin NATO üzvlüyü var

Finlandiya bundan əvvəl NATO-ya daxil olmaq üçün lazım olan ratifikasiya prosesini başa çatdırıb.

Finlandiya və İsveç 2022-ci ildə Rusiyanın Ukraynaya əsassız və səbəbsiz təcavüzünün dərhal ardınca NATO-ya üzvlük üçün müraciət ediblər.

Macarıstan və Türkiyə hələ ki, İsveçin üzvlüyü üçün lazım olan ratifikasiya prosesini ləngidirlər.

Türkiyə İsveçi onun “terrorçu” hesab etdiyi şəxs və qruplara hamilik etməkdə ittiham edir.

Macarıstan isə İsveç siyasətçilərinin onun insan haqlarını tənqid etməsindən narazıdır.

Amma ümumi gözlənti belədir ki, Ankara və Budapeşt sonunda alyansın 11-12 iyulda Vilnüsdə keçiriləcək sammitindən əvvəl İsveçin də NATO üzvlüyünə yaşıl işıq yandıracaqlar.

Lakin bunun 14 may - Türkiyə seçkilərinədək baş verəcəyi gözlənilmir.

XS
SM
MD
LG