Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:38

Əvəz Zeynallı iştirak edə bilmədiyi məhkəmədə vəkillərdən də imtina edir


Əvəz Zeynallı
Əvəz Zeynallı

“Xural TV” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallı vəkilsiz qalıb. Noyabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun işinə baxan hakimlər Ə.Zeynallının vəkillərinin prosesə müdafiəçi kimi qatılmalarına xitam verib.

Bir gün öncə - noyabrın 3-də məhkəmədə “Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədov şahid kimi dindirilərkən, Ə.Zeynallı ilə onun, eləcə də prokurorun arasında kəskin mübahisələr yaşanmışdı. Prokuror Ə.Zeynallının “özünü məhkəmədə apara bilmədiyini” deyərək, onun zaldan çıxarılmasını, məhkəmə prosesinin onsuz keçirilməsini istəmişdi. Əli Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası da indən belə Ə.Zeynallının işi üzrə məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsinə qərar vermişdi.

Noyabrın 4-də keçirilən məhkəmədə Ə.Zeynallının vəkilləri prosesin onun iştirakıyla keçirilməsi barədə vəsatət qaldırsa da, məhkəmə vəsatəti təmin etməyib. Hakim artıq qərar verildiyini, məhkəmənin onsuz davam edəcəyini söyləyib.

Vəkillər bildiriblər ki, Ə.Zeynallı özünün iştirak etmədiyi məhkəmə iclaslarında müdafiəçilərinin də iştirakını istəmir və onlar məhkəməyə qatılarsa, bu halda, onlardan imtina edir. Təbii ki, hüquqlarını qoruduqları şəxs onlardan imtina edirsə, prosesə qatılmaları da doğru deyil, axı müdafiəçinin mövqeyi müvəkkilinin istəyinə bağlıdır.

Vəkillərlə bağlı məsələnin müzakirəsindən ötrü “Xural TV” rəhbəri məhkəmə zalına gətirilib.

“Keçmişə qayıdırsınız?”

Ə.Zeynallı deyib ki, məhkəmədə onun hüquqları pozulur, bu üzdən, ondan üzr istənməlidir:

“Mənim iştirakım olmadan məhkəməmi necə keçirə bilərsiniz? Keçmişə qayıdırsınız? Prokuror məni təhqir etdi, mən də cavabını verdim. Siz Rasim Məmmədovu burada müdafiə edirsiniz”.

Hakimlə prokurorun öz vəzifələrinə uyğun yox, inkvizitor kimi davrandığını vurğulayan Ə.Zeynallı məhkəməsinin əvvəlki qaydada keçirilməsini istəsə də, hakimlər razılaşmayıblar.

Hakim Əli Məmmədov bildirib ki, Ə.Zeynallı yalnız vəkillərdən imtina məsələsinin müzakirəsindən ötrü zala gətirilib. O, “Xural TV” rəhbərindən vəkillərdən imtina ərizəsini istəyib. Ərizə məhkəməyə təqdim edilib:

“Özümün olmadığım məhkəmədə vəkillərimin də iştirak etməsini istəmirəm. Xahiş edirəm, vəkillərim Aqil Layıc, Fəxrəddin Mehdiyev və Rəşad Əliyevin bu prosesdə müdafiəçi kimi iştirakına xitam verilsin”.

Hakimlər də ərizəni qəbul edərək, vəkillərin iştirakına xitam veriblər.

“Artıq sifariş gəlib, ona görə belə davranırlar”, - “Xural TV” rəhbəri məhkəmənin qərarına belə reaksiya verib.

Bu iş üzrə növbəti məhkəmə iclası noyabrın 24-nə təyin edilib.

Xatırlatma

Əvəz Zeynallı ötən il sentyabrın 9-da həbs edilib. Ona qarşı ilk ittiham “Baku Steel Company” MMC – poladəritmə zavodunun keçmiş rəhbəri, hazırda həbsdə olan Rasim Məmmədovun həyat yoldaşından 20 min manat alınmasıyla bağlı olsa da, sonradan yeni ittihamlar da irəli sürülüb.

O özünü təqsirli bilmir, susdurulması üçün siyasi sifarişlə həbs olunduğunu deyir.

XS
SM
MD
LG