Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 08:43

Məhkəmədə Əvəz Zeynallı ilə prokuror arasında qalmaqal


Əvəz Zeynallı
Əvəz Zeynallı

"Xural TV" internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının məhkəməsində onunla prokuror arasında qalmaqal yaşanıb. Elə qalmaqal üzündən də məhkəmə iclası yarımçıq dayandırılıb. Bütün bunlar aprelin 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində yaşanıb.

Zeynallı "Səda TV" adlı Youtube kanalının idarəedicisi Elnur Şükürovla birlikdə mühakimə olunur.

"Bu adamın şəkəri, qan təzyiqi də var"

"Xural TV" rəhbərinin vəkilləri onun ev dustaqlığına buraxılması haqda vəsatət qaldırıb. Vəsatəti əsaslandırarkən vurğulayıblar ki, onun səhhətində, özəlliklə gözlərində ciddi problemlər var. Məhkəməyə tibbi sənədləri də təqdim ediblər.

"Bu adamın şəkəri, qan təzyiqi də var. Bu xəstəliklərin göz probleminə təsiri nəticəsində gözləri tamamilə tutula bilər", – vəkil Fəxrəddin Mehdiyev bildirib.

Məhkəmə vəsatəti təmin etməyib.

Qalmaqal isə prokurorun ittiham aktını elan etməsi ilə başlayıb. Orada yer alan "qabaqcadan əlbir olan bir qrup şəxs", "Əvəz Zeynalovun verdiyi tapşırıq əsasında", "rüşvət alma" kimi ifadələrə sərt şəkildə etiraz edən Zeynallı yazılanların yalan olduğunu bildirib: "Başdan-ayağa şər-böhtandır. Oxumasın bunları. Mən bu yalanlara qulaq asmaq istəmirəm. Rüşvətxor Baş Prokurorluqdakılardır. Çıxarın məni bu zaldan. Yeri gələndə mən deyəcəm, bu baş verənlərin arxasında hansı dövlət məmurları dayanır…".

Proses təxirə salınıb

Hakim Əli Məmmədov izah edib ki, ittiham aktının elanı prosedur qaydadır və oxunmalıdır. Prosesin davamında yenə mətndə həmin ifadələr səslənəndə "Xural TV" rəhbəri kəskin ifadələr səsləndirib. Bu dəfə prokuror onun məhkəmə zalından çıxarılmasını tələb edib. Hakim yenə onu çıxarmaqdan imtina edib.

Prosesin davamında vəziyyət daha da gərginləşib və nəticədə hakim məhkəməni yarımçıq dayandırıb. Məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Əvəz Zeynallı sentyabrın 9-dan, Elnur Şükürov isə sentyabrın 13-dən həbsdədir. Onlar rüşvət, dələduzluq, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə və başqa əməllərdə suçlanır. Lakin heç biri özlərini təqsirli bilmir.

Zeynallı məhkəmədə sifarişlə həbs olunduğunu bildirib. O vurğulayıb ki, məqsəd onu susdurmaqdır.

XS
SM
MD
LG