Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:30

Əsgər maaşına göz dikənlər. 'O puldan əlimizə 2-3 manat gəlirdi'


Müdafiə Nazirliyi əsgər yeməyinə ayrılan pulları necə xərcləyib?
Gözlə

No media source currently available

0:00 0:05:26 0:00

Müdafiə Nazirliyi əsgər yeməyinə ayrılan pulları necə xərcləyib? (2022)

"Döyüş bölgəsində deyilsənsə, maaşın 13 manatdır. Onun da 10 manatını maaş verilən kimi əlimizdən tutub alırdılar. Həmin pula da süpürgə, döşəmə əsgisi, şüşə silən kimi təmizlik vasitələri alacaqlarını deyirdilər", – bunu AzadlıqRadiosuna yenicə hərbi xidmətdən gələn A.Ə. (ad və soyad təhlükəsizliyə görə göstərilmir – red.) söyləyir.

700 manata alınan döşəmə bezi, süpürgə...

A.Ə. Azərbaycanın qanunvericiliyi ilə müddətli həqiqi hərbi xidmət keçib və birillik xidmətdən ötən ilin iyulunda qayıdıb. O, sərhəd bölgəsinə yaxın olmayan ərazidə xidmət çəkdiyi üçün aylıq maaşı 13 AZN təşkil edib. Hərbi qulluqçuların maaşları 12-16 manat aralığında dəyişir. 23 yaşlı gənc gileylənir ki, "maaşın az olması bəs deyilmiş kimi, o puldan əlimizə 2-3 manat gəlirdi, ya yox".

"Maaş hər ayın birinci günündə verilirdi. Hərbi hissənin mühasibləri paylayırdı. Amma maaş paylama bitəndən sonra bölüyün təmizliyinə cavabdeh şəxs hər bir əsgərdən 10 manat alırdı. Bizə deyilirdi ki, bu vəsait hər ay tabor üçün təmizlik vasitələrinin alınmasına sərf olunur. Süpürgə, pol əsgisi, yuyucu vasitə, çöl süpürgəsi və s. Əşyalar köhnəlməsə də, alınırdı, aylıq rutin idi bu. Təkcə bizim tabordan 700 manata qədər toplanırdı. Alınan vəsaitlər ilə biz təmizləyirdik deyə, görürdük nəsə düz getmir", –A.Ə. bildirib.

Onun sözlərinə görə, bir ilin 11 ayında eyni miqdarda – 3 manat maaş alıb. Sonuncu ay isə maaş deyil, tərxis pulu alıblar və həmin ödənişdən tutulma olmayıb.

Dövlətin verdiyi nəyə çarədir guya..!

A.Ə. əsgər maaşı ilə bir ayı dolanmağın onsuz da mümkün olmayacağını dilə gətirir. Deyir ki, hərbi hissədə o pula ümid bağlayan olmayıb, evdən, ya da dostlardan gələn pulla ayı yola veriblər: "Lap bizdən 10 manatı almasalar da, orada hər şey o qədər baha idi ki... Üz qırxmaq üçün ülgücün qiyməti azı iki dəfə baha idi, qazlı sular da eyni qaydada. İndi təsəvvür edin, bu qədər bahalığa baxmayaraq, bizdən 10 manat da alırdılar, qalırdıq dost-tanış ümidinə. Ən maraqlısı da odur ki, dost-tanış əgər bizdən yüksək rütbəli adamların kartına atacaqdısa pulu, oradan da faiz ödəyirdik".

Sərhədə yaxın ərazidə xidmət edib A.Ə.-dən iki dəfə artıq - 26 manat maaş alan Nurlan Qasımov da bahalığın, üstəlik, hərbi hissə yaxınlığında mağazaların azlığının onları çətin duruma saldığını gizlətmir. "Bizə 16 manat qalır, stressli gündə siqaretə, yayda içilən soyuq suya, gündəlik sabuna pul çatdırmaq olmur", – Qasımov əlavə edir.

Müdafiə Nazirliyində 100 milyon manatlıq yeyinti: 'Ölkə rəhbərliyinin bundan xəbəri olub'
Gözlə

No media source currently available

0:00 0:12:04 0:00

Əsgərlər üçün tutulan nisyə dəftəri

"Yaxınlıqdakı mağaza əsgərlər üçün nisyə dəftəri ayırmışdı. Əgər nəsə almağa pulumuz çatmırdısa, nisyə yazdırmalı olurduq. Nisyə yazılan şeyləri də ana-atadan gələn pul ilə ödəməyə məcbur olurduq". Bunu isə Müdafiə Nazirliyinin hərbi hissəsində qumbaraatan köməkçisi kimi xidmət göstərən, əsgərliyini bu il başa vurmuş şəxs AzadlıqRadiosuna deyir. Onun sözlərinə görə, nisyə yazdırmaqları bir yana, onlara verilən maaşdan təmir-tikinti adı ilə vəsait də yığılırmış: "Rəsmi maaşım 13 manat idi, əlimə o qədər gəlsə də, qalmırdı. Deməli, kazarmanın təmiri, təmizlik vəsaitlərinin alınması üçün bizdən pul yığılırdı. Hər ay həm kazarmanın təmizliyi, həm də özümüzlə gəzdirdiyimiz təmizlik vasitələrinin alınması üçün maaşdan verirdik. Əlimizdə ayda 4-5 manat qalırdı. Ümumiyyətlə, hər ay nəsə çıxarırdılar ki, o pul əlimizə gəlib çatmasın".

Ölən hərbi qulluqçuların ailələri üçün tutulduğu deyilən pul…

Həqiqi hərbi xidməti hələ də davam edən gənc isə AzadlıqRadiosuna rəsmi sənədlərdə 15 manat göstərilən maaşdan ona cəmi 3 manat qaldığını söyləyir: "2 manat şəhid ailələri üçün yığılır. Bu, istəyə görə də verilmir ha, məcburi şəkildə verməlisən. 10 manata kimi də təmizlik vasitələri üçün yığılır".

AzadlıqRadiosunun müxbirinin həmin hərbi hissədə ölən hərbi qulluqçuların ailəsi üçün pulun niyə yığıldığını öyrənmək cəhdi uğursuz olub.

Ölən hərbi qulluqçuların ailəsinə pul yığma ənənəsi isə təkcə bir əraziyə xas deyilmiş. AzadlıqRadiosuna danışan, iki il öncə hərbi xidmət keçmiş C.C. eyni miqdarda vəsaitin onlardan da yığıldığını söyləyir. "Yevlaxda bir ay hərbi xidmətdə oldum, onda da 2 manat şəhid ailələrinə vermişdim. Orada 200 əsgərdən, ümumilikdə, 400 manat yığılmışdı. "Şəhid ailələrinə dövlət yardım edir axı" deyəndə isə "tabor komandirinin silahdaşı idi, ona vəfa borcunu ödəyir" cavabını aldıq. Etiraz edən bir-iki nəfərin isə şikayəti heç nəyi dəyişmək gücünə malik deyildi", – C.C. danışır.

Elə əsgərlərin maaşlarından təmizlik adı ilə hər ay pul toplanması da yeni deyil. 2018-ci ildə hərbi xidmətdən gəlmiş Ağa Rzazadə də aldıqları maaşın yarıdan çoxunun təmizlik vasitələri adı ilə komandir tərəfindən yığıldığını söyləyir.

Azərbaycan əsgəri nə yeyib-içir?
Gözlə

No media source currently available

0:00 0:03:23 0:00

Müdafiə Nazirliyi isə cavablamır

AzadlıqRadiosunun söhbətləşdiyi, müxtəlif illərdə və ərazilərdə hərbi xidmət keçən onlarla gənc eyni şikayəti dilə gətirib. Beş ay öncə ehtiyata buraxılan A.Ə. deyir ki, özü təmizlik vasitələrinin haradan alındığını, nə qədər tutduğunu öyrənməyə çalışıb. Bircə onu öyrənə bilib ki, həmin məhsullar öncədən sövdələşmiş mağazalardan alınırmış.

AzadlıqRadiosunun bu ilin oktyabrında Müdafiə Nazirliyinə əsgərlərin maaş azlığından narazılığı, təmizlik vasitələri və vəfat edən hərbçilərin ailəsinə pul toplanması iddiası ilə bağlı göndərdiyi sorğusuna cavab verilməyib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə də eyni sorğu göndərilib. Bu qurum həmin sualların cavabının Müdafiə Nazirliyində olduğunu bildirib.

Qanun nə deyir

Həqiqi hərbi xidmət ilə bağlı qanuna görə, əsgərlər şəxsi gigiyena və təmizliyə nəzarətə özləri cavabdehdir. Onlara verilən təmizlik vasitələrinin siyahısı, onlar üçün yığılmalı vəsait rəsmi mənbələrdə göstərilməyib. Silahlı Qüvvələrin şəxsi heyətinin əşya təminatı haqqında Əsasnaməni açıq mənbələr, Müdafiə Nazirliyinin rəsmi saytından tapmaq müşkül məsələdir. Eynilə, Silahlı Qüvvələrin dinc dövrdə əşya təminatı haqqında Əsasnamə də əlçatan deyil. 2018-ci ildəki məlumatlarda əsgərlərə hər ay verilən təmizlik əşyalarına bir aylıq 150 qram gigiyenik sabun və 150 qram maye sabunun daxil olduğu göstərilib. Başqa məlumat yoxdur, Müdafiə Nazirliyi isə susur.

Xərclənən pul, tender, bahalıq və daha nələr

Müdafiə Nazirliyi hansı şirkətlərdən məhsul aldığını nəinki ictimaiyyətə, heç hərbi xidmətdə olanlara da bildirmir. MN-in təmizlik məhsulları almaq üçün keçirdiyi yalnız 10 tender barədə elektron portalda məlumat var. Son tender çərçivəsində Müdafiə Nazirliyi hərbi hissələr üçün dəftərxana, təmizlik ləvazimatları və katriclərin satın alınması üçün "Vnm İnvest" MMC-yə 818 min 182 manat ödəyib. Bu il daha öncə də iki tenderə qatılmış bu şirkət haqda əlavə məlumat əldə edə bilmədik.

Hərbi hissələrə yaxın və onların daxilindəki mağazalardakı qiymət fərqi gözlə görünür. Bakıda 3 manata satılan siqaret həmin mağazaların birində 5 manata idi. Qazlı sular 100 faizə kimi daha baha satılırdı.

Əsgərlərin bir aylıq təmizlik və qida ehtiyaclarını özlərindən sorğulayaraq hesablayanda bir nəfərə ortalama 70 manat edir. Bu da aldıqları maaşdan dəfələrlə çoxdur.

Cəsur Sümərinli
Cəsur Sümərinli

Ekspertdən irad və təklif

Hərbi ekspert Cəsur Sümərinli təmizlik vəsaitinin qanunla tənzimləndiyini bildirir. Ekspert ölən hərbi qulluqçuların ailələri üçün yığılan vəsaitin isə əsassız olduğunu deyir, bu məsələnin araşdırılmasının tərəfdarıdır: "Hərbi sahədə ən az maaş müddətli həqiqi hərbi xidmətə yollananlardadır. Ötən illərdə digər hərbi qulluqçulara mütəmadi artım olurdusa, bundan əsgərlər yararlana bilmirdi. Maaş azlığı ilə bağlı parlamentdə müzakirə, konkret addımlar da görmürük. Rütbəsi yüksək, bir il və ilyarım xidmət edən əsgərlər belə maksimum 60 manata kimi maaş alır ki, bu da hazırki göstəricilər fonunda çox aşağı məbləğdir".

Sümərinli deyir ki, əsgərlərin təmizlik vasitələri ilə təminatı qanunla dəyişməli, onlara aylıq ehtiyacını qarşılayacaq qədər ləvazimatı dövlət verməlidir. O, gizirin, ya da digər rütbəsi yuxarı qulluqçunun əsgərlərdən pul yığıb topdan ləvazimat alması və sonra baha satması ənənəsinin hələ sovetdən qaldığını deyir, bunun "qeyri-qanuni biznes maraqları, pul qazanmaq yöntəmi" olduğunu vurğulayır.

Prezident maaşı artırdı, amma..

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsindən AzadlıqRadiosunun suallarını cavablandıran deputat tapılmayıb. Bu komitənin üzvü Arzu Nağıyev ötən il mediaya açıqlamasında əsgər maaşlarının artırılmasının dəstəklədiyini, bu məsələni maliyyə və müdafiə nazirliklərinin tənzimləməli olduğunu demişdi. Amma görünən odur ki, nazirliklərin heç biri, hələlik, bu məsələyə diqqət ayırmağı düşünmür.

Prezident İlham Əliyev bu il həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında fərmanlar imzalayıb. Bu fərman ilə 2024-cü ildən əsgər maaşları 20 faiz artacaq.

Amma AzadlıqRadiosunun söhbətləşdiyi, ehtiyatda olan və hazırda xidmət edən əsgərlər deyir ki, təmizlik vasitələri dövlət tərəfindən alınmadıqca, mağazalardakı qiymətlər endirilmədikcə bu artımın da heç bir xeyri olmayacaq: "Mən artıq əsgər deyiləm, amma qardaşım gələn il hərbi xidmətə yollanacaq. Prezidentin bu artımı mənim hər ay qardaşıma azı 50 manat göndərməli olduğum həqiqətini dəyişmir. Öz xidmətim zamanı adımın düşdüyü nisyə dəftərində qardaşımın olmasını istəmirəm".

Azərbaycanda hər il dörd dəfə - yanvar, aprel, iyul və oktyabrda müddətli həqiqi hərbi xidmətə çağırış gerçəkləşdirilir və minlərlə gənc hərbi xidmətə cəlb olunur.

XS
SM
MD
LG