Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 12:31

Erməni siyasətçi Moskvanın Kocharian-ı niyə müdafiə etməsindən danışıb


Vladimir Putin (solda) və Robert Kocharian 2007-ci ildə Soçidə
Vladimir Putin (solda) və Robert Kocharian 2007-ci ildə Soçidə

Ermənistanın Respublika Partiyasının sədri Aram Sarkisian AzadlıqRadiosunun Erməni xidməti - Azatutyuna müsahibəsində ölkənin keçmiş prezidenti Robert Kocharian-ı ağır cinayətlərdə ittiham edib.

Konstitusiya Məhkəməsi Robert Kocharian-ın barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsinə dair aşağı instansiya məhkəməsinin qərarını ləğv etdikdən sonra Ermənistanın keçmiş qarabağlı prezidenti yenidən həbsxanaya salınıb.

Azatutyun yazır ki, Kocharian özünü siyasi müxalifət elan etsə də, ötən bir neçə ayda ölkənin heç bir siyasi təşkilatı onunla həmrəylik elan etməyib. Bu barədə suala cavab verərkən Aram Sarkisian deyib ki, Kocharian siyasətdən mühakimə və həbsdən yayınmaq üçün istifadə edir:

“Əgər 1 mart hadisəsinə görə Robert Kocharian məhkum edilməməlidirsə, onda kim məhkum edilməlidir? Gəlin onda bütün həbsxanaların qapılarını açaq”.

Respublika Partiyasının sədri Aram Sarkisian
Respublika Partiyasının sədri Aram Sarkisian

Azatutyuna müsahibəsində partiya sədri Kocharian-ı hələ 2001-ci ildə öldürülmüş Pogos Pogosyan adlı şəxsin qətlində ittiham edib.

Ermənistan və Rusiya mediası o vaxt yazırdı ki, bu şəxs əslən Gürcüstandan idi və Yerevanda çox məşhur olan “Poplavok” restoranına gəlmişdi. O vaxt restoranda prezident Robert Kocharian məşhur Fransa müğənnisi Charles Aznavura qonaqlıq verirdi.

Medianın yazdığına görə Pogosyan Kocharyana yaxınlaşaraq istehza ilə “salam, Robik” deyib. Bunun ardınca prezident mühafizəsinin üzvləri Pogosyanı restoranın ayaqyolunda ölüncə döyüblər.

Erməni mediası belə bir detala da diqqət verir ki, Pogosyan döyülərkən Kocharian-ı “Koçaryanoğlu” adlandırırmış. Respublika Partiyasının sədri Aram Sarkisian deyib ki, bu qətlə görə heç kim məhkum edilməyib:

“Məgər Pogos Pogosyanı bircə “Salam, Rob” ifadəsinə görə öldürmədilərmi? O öldürüb, ya başqası nə fərqi var? Onun mühafizəsi öldürüb də, məgər belə deyil? Bu mühafizəçiləri bir dəqiqəlik olsa da məhkum etməyiblər. Qoy ictimaiyyət nəticə çıxarsın”.

Aram Sarkisian iddia edib ki, bu, keçmiş prezident Robert Kocharian-ın törətdiyi yeganə qanunsuzluq deyil:

“Bütün bunlar bir məqsədlə edilirdi. Şəxsi hakimiyyətin saxlanması və bu məqsədlə Ermənistanın müstəqilliyinin xarici qüvvənin xidmətinə tabe etdirilməsi”.

AzadlıqRadiosunun Kocharian-ın Rusiya prezidenti Putini öz dostu adlandırması barədə sualına cavab verərkən Sarkisian 27 oktyabr 1999-cu ildə Ermənistan parlamentində baş vermiş terror hadisəsini yada salıb:

“Özünüz fikir verin, 27 oktyabr hadisəsindən sonra Robert Kocharian birbaşa demişdi ki, bu işi açmağın öhdəsindən sahə müvəkkili də gələ bilər və bu işin açılmasında heç bir problem yoxdur. O bunu haradan bilirdi? Yəni bu işdə hadisəni törədən 5 nəfərdən başqa heç kim, təşkilatçılar və başqaları olmamışdı? Dövlətin birinci şəxsi hələ bu iş açılmadan, məhkəmə gedə-gedə belə bir bəyanat vermişdi. Bunu da deyim ki, Rusiya xüsusi xidmətlərinin nümayəndəsi Litvinenko öz ölümündən bircə həftə əvvəl 27 oktyabr hadisəsini Rusiyanın, dəqiq desək Rusiya Baş Kəşfiyyat İdarəsinin təşkil etdiyini bildirmişdi”.

​"Aprel müharibəsi Ermənistanın Lavrov planından imtina etməsinə cavab idi"

Azatutyuna müsahibəsində Aram Sarkisian daha sonra hakimiyyətə yaxın “Aykakan jamanak” qəzetinin bu yaxınlarda dərc olunmuş məqaləsini yada salıb. Bu məqalədə deyilirdi ki, istər 27 oktyabr, istərsə də, 1 mart 2008-ci il hadisələri zamanı Ermənistanda xarici müşavirlər olub və hakimiyyətə xarici dildə yazılı təlimatlar verilib:

“Mən əminəm ki, bu sənədlər rus dilində olub və bu məsləhətçilər Moskvadan gəliblər. Mən tam əminliklə deyə bilərəm ki, 27 oktyabr hadisəsi zamanı burada Rusiyadan təlimatçılar olub. Onların adları və soyadlarıdərc edilib. Bu sirr deyil. Və bugün Kocharian-ın məhkəməsinin getdiyi bir vaxtda və erməni xalqının bütün bunlarda təqsirkar olanı tapmaq və layiqincə cəzalandırmaq istədiyi bir vaxtda ortalığa Rusiya çıxır və 27 oktyabr hadisəsini yalnız beş nəfər icraçının törətdiyini deyənləri müdafiə etməyə çalışır…”

Azatutyunun “siz 27 oktyabr 1999 və 1 mart 2008-ci il hadisələri arasında bağlılıq görürsünüzmü” sualına cavab olaraq Aram Sarkisian deyib:

“Mən burada Rusiyanın bugünkü hakimiyyətinin Ermənistan Respublikasının siyasi həyatına birbaşa müdaxiləsini görürəm…Mən çox istərdim ki, bizim xalqımız bu barədə düşünsün və nəticə çıxarsın. Kimin dost, kimin rəqib olduğunu bilməyin vaxtı çatıb”.

Aram Sarkisian daha sonra deyib ki, Rusiya kəşfiyyatının “əlaltıları” günü bugün də Ermənistanda fəaliyyətdədir:

“Heç şübhə yoxdur ki, Ermənistanda, xüsusilə də Rusiya “beşinci kolonunun” qıtlığı yoxdur. Özlərini avropayönlü adlandıran və ya Avropa dəyərlərinin daşıyıcısı olduğunu deyən çox sayda partiyalar Rusiyanın Ermənistandakı səfirinin fəaliyyətini birbaşa dəstəkləyirlər.Bugün bu qüvvə (beşinci kolon – red) “Lavrov planını” həyata keçirməyə cəhd göstərir. Zənnimcə aprel müharibəsi də Ermənistan hakimiyyətinin “Lavrov planından” imtina etməsinə cavab idi. Bugün bu beşinci kolondan bu planın həyata keçirilməsi üçün Pashinian-a qarşı istifadə olunur…”

27 Oktyabr 1999-cu il hadisəsi

AzadlıqRadiosu 2009-cu ildə 1999-cu il, oktyabrın 27-də Yerevanda Ermənistanın Milli Məclisinə silahlı basqın haqqında yazmışdı.

Basqın vaxtı məclisin sessiyası gedirdi. Nairi Unanyanın başçılıq etdiyi dəstə iclas salonuna daxil olmuş və dövlət çevrilişi etdiyini bildirmişdi.

Hücum edənlər millət vəkillərinə mobil telefonlarını söndürməyi əmr etmiş və əvvəlcə baş nazir Vazgen Sarkisiana yaxınlaşmışdılar.

Şahid ifadələrinə görə Unanyan əvvəlcə Sarkisianı güllələmişdi. Onun yanında oturan spiker Karen Demirchian da öldürülmüşdü.

Bu hücumda habelə vise-spikerlər Yury Bakhshian və Ruben Miroyan, operativ məsələlər üzrə nazir Leonard Petrosian, deputat Armen Armenakyan və millət vəkili və akademik Mikael Kotanian həlak olmuşdular.

Daha bir millət vəkili – Hayastan qəzetinin baş redaktoru Genrik Abramian hadisə zamanı infarktdan vəfat edib.

Bundan sonra polis və təhlükəsizlik qüvvələri Milli Məclisin binasını mühasirəyə almışdı. Unanyan və yoldaşları 50-dək millət vəkilini girov götürmüşdülər və şəxsən prezident Robert Kocharianın gəlməsini tələb edirdilər.

Nairi Unanyan
Nairi Unanyan

Hücum edənlərin başçısı Nairi Unanyan keçmiş jurnalist, Daşnaksütyun partiyasının üzvü idi və 1988-1990-cı illərdə “Qarabağ hərəkatında” fəal iştirak etmişdi.

Ermənistan mediasının yazdığına görə hadisədən dərhal sonra yenicə baş nazir təyin edilmiş Aram Sarkisian (o hücumda öldürülmüş Vazgen Sarkisianın kiçik qardaşıdır), Vaan Shirkhanian və mərhum Demirchianın oğlu Stepan Demirchian keçirdikləri mətbuat konfranslarında bu hücuma görə prezident Kocharian və onun ətrafını açıq-aşkar ittiham edirdilər.

Nairi Unanianın ifadələri əsasında prezidentin müşaviri Aleksan Arutyunyan və Robert Kocharianın bir sıra tərəfdarları həbs olunmuşdular.

Sonrakı illərdə Robert Kocharian öz mövqelərini və hakimiyyətini möhkəmlədə bilmişdi.

1999-cu ilin 27 oktyabrında qətlə yetirilmiş baş nazir Vazgen Sarkisian (solda) və spiker Karen Demircian
1999-cu ilin 27 oktyabrında qətlə yetirilmiş baş nazir Vazgen Sarkisian (solda) və spiker Karen Demircian

Yerevan məhkəməsi bu hücumla bağlı işə yalnız 5 il sonra baxa bilmişdi. Nairi Unanyan, onun qardaşı Karen Unanyan, Eduard Grigorian, Vram Galstyan, Darenik Bejanian və Ashot Knyazyan ömürlük həbs cəzasına məhkum edilmişdilər.

Hakim Samvel Uzunyan hökmü oxuduqdan sonra bildirmişdi ki, müttəhimlər barədə ölüm hökmünün çıxarılmamasına yeganə səbəb Ermənsitanın Avropa Şurası qarşısında götürdüyü öhdəlik olub.

AzadlıqRadiosu sonrakı illərdə bu iş üzrə məhkum edilənlərdən bəzilərinin həbsxanada müəmmalı şəkildə öldüyünü yazırdı.

XS
SM
MD
LG