Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 13:30

Erdoğan Putinə Türkiyənin ‘qırmızı xətlərini’ anlatdığını deyib


Vladimir Putin (solda) və Recep Tayyip Erdoğan
Vladimir Putin (solda) və Recep Tayyip Erdoğan

Oktyabrın 27-də Rusiya və Türkiyə prezidentləri Vladimir PutinRecep Tayyip Erdoğan arasında telefon söhbəti olduğu barədə xəbər verilmişdi.

Kremlin saytında dərc edilmiş məlumatda Erdoğanın Putinə zəng etdiyi qeyd olunurdu.

Kremlin məlumatında deyilirdi ki, Dağlıq Qarabağdakı vəziyyətin müzakirəsi zamanı Rusiya tərəfi Qarabağda davam etməkdə olan hərbi əməliyyatlardan dərin narahatlıq ifadə edib.

Bu da qeyd olunurdu ki, Moskva bu münaqişəyə “Yaxın Şərqdən olan terrorçuların” cəlb edilməsindən narahatdır.

Söhbət zamanı Vladimir Putinin türkiyəli həmkarını Azərbaycan və Ermənistan rəhbərliyi ilə təmasları barədə məlumatlandırdığı da qeyd olunurdu.

Rusiyanın rəsmi mənbələri Erdoğanın bu söhbət zamanı dediklərinə yer verməmişdilər.

“İstəsən bu işi birlikdə çözərik”

Bugün oktyabrın 28-də Türkiyə prezidenti Recep Tayyip Erdoğan Putinlə danışığının təfərrüatları barədə məlumat verib.

Türkiyə parlamentində hakim Ədalət və İnkişaf Partiyası fraksiyasının qarşısında çıxış edən prezident deyib ki, Rusiya lideri ilə söhbətində Türkiyənin “qırmızı xətlərini” də bildirib.

Yeni Şafak qəzetinin dərc etdiyi xəbərdə deyilir ki, Erdoğan parlamentdəki çıxışında Putinə söylədikləri barədə məlumat verib:

“Artıq Qafqazlarda bu işə son qoymaq lazımdır. İstəsən bu işi birlikdə çözərik. Siz Paşinyanla danışın, mən İlham qardaşımla danışım. Bu işi artıq yaxşı bir məqama yetirək. Təbii ki, qırmızı xətlərimizi də dilə gətirdik. Bu qırmızı xətlərimiz keçilərsə, heç atamızın oğlunu da tanımarıq”.

PKK yaraqlıları barədə

Qarabağ münaqişəsinin Türkiyə üçün həssas məsələ olduğunu bildirən Erdoğan Rusiyanın Azərbaycana guya Suriyadan yaraqlılar gətirilməsi barədə iddialarına da toxunub:

“Bizə “siz Suriyadan Azərbaycana xarici qüvvələr göndərirsiniz” deyirlər. Mən də hörmətli prezidentə (Putinə - red) 2000 civarında PKK-YPG döyüşçülərinin Ermənistan tərəfində 600 dollara vuruşduqlarını dedim. “Mənim bundan xəbərim yoxdur” dedi”.

Erdoğan Putinin belə bir məsələdən məmnun olacağını düşünmədiyini, lakin bu məsələni Paşinyanla danışmalı olduğunu söylədiyini deyib.

Türkiyə prezidenti ATƏT-in Mİnsk qrupunun fəaliyyətinə də toxunub:

"Bu Azərbaycan, bu da Ermənistan. Üstündən 30 il keçdi. Ermənistan azərbaycanlı qardaşlarımızın torpaqlarını işğal etdi. Oradan azərbaycanlı qardaşlarımızın qovulmasının üstündən 30 il keçdi. Minsk üçlüyü bu məsələni çözmədi. Ələklə su daşıdılar. Hey yığışdılar, danışdılar, dağılışdılar…”

Erdoğan deyib ki, indi Azərbaycan özünü Ermənistanın hücumlarından müdafiə edir.

XS
SM
MD
LG