Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:36

Nazir müavininin oğlu ilə baldızı oğlu arasında qalmaqal


Manat
Manat

Bir neçə milyonluq dələduzluqda suçlanıb hakim önünə çıxarılan Emil Hüseynov nəqliyyat nazirinin müavini və daha öncə də (2004-2015) «Azərbaycan Dəmir Yolları» QSC-nin rəhbəri olmuş Arif Əsgərovun baldızı oğludur. Amma dələduzluqla bağlı bu cinayət işində sabiq nazir müavininin öz oğlu Elnar Əsgərovun da adı hallanır. Zərərçəkmişlərin bir neçəsi pullarının alınıb qaytarılmamasına görə onu günahlandırır. Pulu birbaşa ona verdiyini deyənlər də var. Bu səbəbdən Elnar Əsgərovu bir neçə dəfə istintaqda dindiriblər. Avqustun 25-də keçirilən məhkəmədə onun adı yenə hallanıb.

CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunan Emil Hüseynovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Zeynal Ağayevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

«PROBLEM YARANANDAN SONRA ELNARLA GÖRÜŞDÜM»

Məhkəmədə indi zərərçəkmişlər dindirilir. Avqustun 25-dəki məhkəmədə ifadə verən zərərçəkmiş Şammədzadə Mahmud deyib ki, Emil Hüseynovla birlikdə nəqliyyat şirkətində çalışıb. Sonradan birgə iş görmək – xarici ölkələrdən avadanlıq gətirmək üçün ona 35 min dollar verib. Emil pulu alanda ona deyib ki, bu iş xalası oğlu Elnarındır. Ona görə də pulunun geri qaytarılması məsələsində problem yaranınca, Elnar Əsgərovla görüşüb.

***Buna da bax-Nazirin qardaşı 'Bir də belə işə əl qoymaram' dedi

«Öncə də Emillə bir neçə dəfə kiçik işimiz olmuşdu. O işlər mənə, az da olsa, qazanc gətirmişdi. Amma axırıncı işdən sonra məni elə ziyana saldı ki, indi də altından qalxa bilmirəm. Gürcüstandan mal gətirməliydik. Hətta buna görə birgə Türkiyəyə də getdik. Orada görüşdüyümüz Səməd adlı adamdan gözüm su içmədi. Bunu Emilə də dedim», - zərərçəkmişin sözləridir.

Mahmud Şammədzadə deyir ki, işin alınmadığını görüncə, pulunu geri istəyib və 10 min dollarını alıb. Qalanını ala bilməyəndə ondan şikayət edib. Ardınca Emil Hüseynovun anası və qardaşı ona daha 9 min dollar qaytarıblar. İndi pulun 16 mini qalıb və bu məbləği tələb edir:

«Emil bu işi görəndə demişdi ki, iş xalası oğlu Elnarındır. Problem yaranandan sonra Elnarla görüşdüm, o dedi ki, onluq deyil. Emil də deyir ki, iş Elnarındır».

«PULDAN DANIŞIRDILAR»

Zərərçəkmişlər arasında Tural Hüseynov adlı şəxs də var. İş materiallarına görə, ona 382 min dollar ziyan dəyib. Emil Hüseynovla onun görüşünə şahidlik etmiş taksi sürücüsü Müşfiq Hüseynovu da məhkəmədə dindiriblər.

***Buna da bax-Nazirin qardaşı yenə məhkəmədə dindirildi: 'Qardaşımın adını hallandırmayın'

«Məni maşın lazım olanda çağırırdılar. Turalı, Emili dəfələrlə getdikləri yerə aparmışam. Bəzən olub ki, harasa çatdırmaq üçün pul veriblər, aparıb çatdırmışam. Bir dəfə Emili Turalın yanına apardım. Tanıyırdılar deyə, məni həyətdə dayanmağa qoymadılar. Puldan danışırdılar. Məbləğ dəqiq yadımda qalmayıb, 450 min idi, nə idi, ondan danışırdılar», - Müşfiq Hüseynov ifadəsində belə deyib.

Emil Hüseynovun məhkəməsi sentyabrın 8-də davam edəcək.

XATIRLATMA

Emil Hüseynov ötən ilin dekabrında həbs olunsa da, sonradan Səbail Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb. Keçmiş nazir müavininin oğlu – «Liman Group» şirkətinin rəhbəri Elnar Əsgərovunsa bir müddət əvvəl ölkəni tərk etdiyi bildirilir.

Emil Hüseynov zərərçəkmişlərdən Tural Hüseynovun 382 min dollarını, Namiq Mehdiyevin 80 min manatını, Emil Məmmədovun 2 milyon 500 min dollarını alıb qaytarmamaqda suçlanır. Emil Hüseynovun özü həmin adamlardan pul aldığını danmır.

XS
SM
MD
LG