Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:17

Mişel elə bu ay Əliyev-Paşinyan görüşü keçirmək istəyir


Soldan sağa: İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan (Arxiv fotosu)
Soldan sağa: İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan (Arxiv fotosu)

Avropa İttifaqı Azərbaycan və Ermənistan liderləri arasında növbəti görüşü elə bu ay keçirmək niyyətindədir.

Bunu AFP xəbər agentliyinə Avropa Şurasının prezidenti Şarl Mişel deyib:

"Məqsəd bu görüşün oktyabrın sonuna qədər keçirilməsdir və biz görüş tarixini baş nazir Nikol Paşinyan və prezident İlham Əliyevlə müəyyənləşdirəcəyik”.

Interfax agentliyinin yazdığına görə Əliyev və Paşinyan belə bir görüşə artıq razılıq veriblər.

İlham Əliyev dünən, oktyabrın 5-də Qranadada keçirilməsi planlaşdırılan beştərəfli danışıqlara qatılmaqdan imtina etmişdi.

AFP yazır ki, Azərbaycan Fransanın Ermənistanı silahlandırmaq planlarından narazıdır.

Bəzi xəbərlərə görə Bakı Qranada görüşündə Türkiyənin də iştirakını istəmişdi. Bu təklifi Almaniya və Fransanın qəbul etmədiyi xəbər verilirdi.

Buna baxmayaraq Azərbaycan prezidentinin xarici siyasət müşaviri Hikmət Hacıyev bildirmişdi ki, Bakı danışıqların üçtərəfli formatda – Avropa İttifaqının vasitəçiliyi ilə davam etdirilməsinə tərəfdardır.

AFP yazır ki, Fransa Ermənistana hərbi sahədə kömək göstərməyi planlaşdırdığını bəyan etsə də detalları açmayıb.

Lakin Fransa prezidenti Emmanuel Makron oktybarın 5-də deyib ki, Avropa liderləri Qarabağ böhranını Azərbaycanla müzakirə etməlidirlər və məqsəd Bakının üzərinə sanksiyalar qoymaq yox, Ermənistanın təhlükəsizliyinin təmin edilməsi olmalıdır.

Qranadada Azərbaycansız bəyanat qəbul olundu

Ermənistan baş naziri Nikol Paşinyan, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və Avropa Şurasının prezidenti Şarl Mişel Qranada görüşündə
Ermənistan baş naziri Nikol Paşinyan, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və Avropa Şurasının prezidenti Şarl Mişel Qranada görüşündə

Avropa İttifaqı Siyasi İcmasının İspaniyanın Qranada şəhərində keçirilən 3-cü sammitinin əsnasında Ermənistan baş naziri Nikol Paşinyan, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və Avropa Şurasının prezidenti Şarl Mişel bir araya gəliblər.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun Ermənistan baş nazirinin ofisinə istinadla yazır ki, bu görüşdə birgə bəyanat qəbul olunub.

Bəyanatı imzalayanlar Ermənistan sərhədlərinin, suverenliyinin və ərazi bütövlüyünün toxunulmazlığına qətiyyətli dəstək ifadə ediblər.

Onlar habelə Aİ-Ermənistan ikitərəfli münasibətlərinə bütün aspektlərdə dəstək bildiriblər.

Qaçqınların hüquqları

Görüş iştirakçıları razılığa gəliblər ki, bugünlərdə Qarabağdan böyük köçkün axını ilə üzləşən Ermənistana əlavə humanitar yardım göstərilməlidir.

Bəyanatda deyilir ki, qaçqınların, onlara hər hansı qeyd-şərt qoyulmadan, beynəlxalq nəzarət altında öz evlərinə qayıtmaq hüququndan istifadə etməsinə imkan yaradılmalı və bu zaman onların tarixi və mədəni irsinə, habelə insan haqlarına ehtiram nümayiş etdirilməlidir.

Görüş iştirakçıları bildiriblər ki, Avropa Şurasının rəhbəri Şarl Mişelin 14 may və 15 iyul bəyanatlarında qeyd olunduğu kimi suverenlik, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün səylərini davam etdirəcəklər.

Mişelin həmin bəyanatlarında Azərbaycan və Ermənistanın əraziləri müvafiq olaraq 86,600 km2 və 29,800 km2 şəklində qeyd olunmuşdu.

Sərhədlərin açılması, saxlanılanların buraxılması

Bəyanatda gücdən və ya güc tətbiqi ilə hədədən çəkinmə prinsipinin ciddi gözlənilməsinə çağırış edilir.

Sənəddə qeyd olunur ki, iki ölkə arasında sərhədlərin SSRİ baş qərargahının ən son xəritələri əsasında delimitasiyası, qoşunların aralanması, sülh müqaviləsinin yekunlaşdırılması və bütün humanitar problemlərin həll edilməsi zəruridir.

Bəyanatda habelə regional əməkdaşlığın genişləndirilməsinə, Ermənistan və Türkiyə arasında sərhəd də daxil, bütün sərhədlərin açılmasına, ölkələrin suverenlik və yurisdiksiyasına ehtiram əsasında kommunikasiyaların açılmasına çağırış edilir.

Azatutyun yazır ki, Avropa liderləri Ermənistanı və Azərbaycanı bütün saxlanılmış şəxslərin azad olunmasına, itkinlərin taleyinin müəyyənləşdirilməsi və minaların təmizlənməsi sahəsində əməkdaşlığa çağırıblar.

Avropa Parlamenti Azərbaycana qarşı sanksiyaya çağıran qətnamə qəbul etdi
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

Hikmət Hacıyev Qranadaya getməməkdən yazdı

Prezidentin köməkçisi Hikmət Hacıyev Azərbaycanın Qranada görüşündən imtina etməsindən bəhs edib.

O, X platformasında bunu belə izah edib: "Fransanın regionda qərəzli ... siyasətinə, ...rəsmi Bakının israrına baxmayaraq, region ölkəsi olaraq qardaş Türkiyənin beşli formatda (Azərbaycan, Ermənistan, Avropa İttifaqı, Fransa və Almaniya) olan görüşdə iştirakına imkan verilməməsinə görə Azərbaycan Qranada da iştirak etməməyə qərar verib".

Bununla belə, o vurğulayıb ki, Azərbaycan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelinin iştirakı ilə aparılan Avropa İttifaqı- Azərbaycan-Ermənistan formatında Brüssel prosesini dəstəkləyir: "Azərbaycan Avropa İttifaqı, Azərbaycan və Ermənistan formatında Brüsseldə tezliklə üçtərəfli görüşlərə hazırdır".

Bu açıqlamaya, hələlik, Fransanın Azərbaycandakı səfirliyi və başqa maraqlı tərəflərdən münasibət almaq mümkün olmayıb.

Şolts Əliyevə zəng edib

Almaniya Kansleri Olaf Şolts (Olaf Scholz) prezident Əliyevə telefon zəngində deyib ki, Berlin Azərbaycanla Ermənistan arasında münaqişənin danışıqlar yolu ilə həllində israrlıdır.

"Kansler hərbi gücdən istifadəni qətiyyətlə rədd etdiyini bildirib", – Almaniya liderinin sözçüsü bəyanatında bildirib.

"Kansler Dağlıq Qarabağdakı vəziyyət və inkişafla bağlı mümkün qədər böyük şəffaflığın vacibliyini önə çəkib", – bəyanatda vurğulanır.

AZƏRTAC-ın xəbərinə görə, İ.Əliyev də söhbət zamanı bildirib ki, Azərbaycan regional sülh gündəliyinə sadiqdir və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə aparılan Brüssel prosesini (Azərbaycan və Ermənistan arasında sülh danışıqları) dəstəkləyir.

+++

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hakim AK partiyasının sözçüsü Ömer Çelik deyib ki, Əliyevin danışıqlara qatılmamaqla bağlı qərarını dəstəkləyir, çünki Türkiyənin iştirakı şərti qəbul olunmayıb: "Əliyevin bu qərarından məftun olduq".

Paşinyan Qranadaya gedəcək

Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, Azərbaycan prezidenti İlham Əliyevin oktyabrın 5-də sülh müqaviləsinə dair danışıqlara qatılmayacağı barədə xəbərlərə baxmayaraq, o, Avropa İttifaqının Qranadada keçiriləcək sammitinə getməyi planlaşdırır.

Paşinyan oktyabrın 4-də hökumət müşavirəsində deyib ki, Ermənistan tərəfi Azərbaycanla sülh müqaviləsinin imzalanmasına "çox konstruktiv və nikbin" baxırdı: "Biz düşünürdük ki, bu taleyüklü sənədin imzalanması üçün imkan var. Əslində bu gün səhərə qədər biz bu ehtimalı çox yüksək qiymətləndirirdik".

Ermənistan baş naziri vurğulayıb ki, Ermənistan nümayəndə heyəti Qranadada məsələyə öz baxışlarını təqdim edəcək: "Əlbəttə, təəssüf ki, görüş olmayacaq, amma biz ümid edirik ki, hazırda masa üzərində olan konseptual sənəd münasib vaxtda imzalanacaq. Biz gedəcəyik və baxışlarımızı bildirəcəyik".

Azərbaycanın Qranada görüşündən imtina etdiyi bildirilir

Azərbaycanın İspaniyanın Qranada şəhərində oktyabrın 5-nə planlaşdırılan beştərəfli görüşdən imtina etdiyi bildirilir.

Bu barədə Azərbaycanın bir sıra media orqanları "özəl" mənbələrə istinadla məlumat yayıblar. Məlumata görə, Azərbaycan görüşdə Türkiyənin iştirakında təklif etmişdi, bunda israr edib, lakin buna imkan verilməyib. Üstəlik, iddialara görə, Azərbaycan tərəfi Fransanın vasitəçiliyindən narazıdır.

Ölkə rəsmiləri, o cümlədən Prezident Administrasiyası, hələlik, bu məlumatı nə təsdiq edib, nə də təkzib.

Oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Avropa Siyasi İcmasının üçüncü sammiti keçiriləcək.

Həmin gün Qranadada Azərbaycan və Ermənistan rəhbərliyinin də görüşü gözlənilirdi. Bu görüşdə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Fransa prezidenti və Almaniya kanslerinin iştirakının da nəzərdə tutulduğu açıqlanmışdı.

Moskvadan münasibət

Azərbaycanın Qranada görüşündən imtina etməsinə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova da münasibət bildirib.

O, oktyabrın 4-də keçirdiyi brifinqdə deyib ki, Azərbaycanın Ermənistan və Avropa İttifaqı nümayəndələri ilə planlaşdırılmış görüşdən imtina etməsi rəsmi Bakının suveren haqqıdır.

Zaxarova habelə Avropa Şurasının rəhbəri Şarl Mişelin Rusiyanın Qarabağdakı roluna dair səsləndirdiyi ittihamlara cavab verib. Mişel demişdi ki, Moskva Bakının Qarabağda keçirdiyi hərbi əməliyyata biganə qalmaqla "erməni əhalisinə xəyanət edib".

Zaxarova isə deyib ki, Avropa müşahidəçiləri bu məsələdə "ən alçaq" mövqe tutublar: "Onlar vədləri ilə Ermənistanı növbəti tələyə salıblar, sonra isə Qarabağdakı hadisələri susqunluqla seyr ediblər".

Xatırlatma

  • 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi və ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Ancaq tərəflər sülh sazişi imzalamayıb. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.
  • Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" keçirdiyini elan edib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Bundan sonra erməni sakinlərin regiondan Ermənistana axını başlayıb.
  • Sentyabrın 28-də tanınmayan qurum özünü buraxdığını elan edib. Artıq separatçı rejim liderlərinin də saxlanaraq Bakıya gətirildiyi bildirilir.
XS
SM
MD
LG