Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:16

Elif Şafakın 10 sevimli kitabı


Nyu Yorkun "One Grand books" kitab dükanı tanınmış insanlardan tənha adaya aparmaq istədikləri kitablardan danışmağı xahiş edib və cavabları Vulture saytında paylaşıb. Türk yazar Elif Şafakın siyahısı belə görünür:

Virginia Woolf, “Orlando”

Tələbə vaxtı “Orlando”nu ilk dəfə oxudum və ondan sonra neçə gün xoşbəxtlik və heyrət içində gəzdiyimi xatırlayıram. Cins, sinif, tarix, coğrafiya sərhədlərini aşmağa cəsarət edən bu hekayənin tayı-bərabəri yoxdur. Woolf onu “bioqrafiya” adlandırır. Qəhrəmanımız yuxudan oyanıb qadına çevrildiyini görür və çox xoşdur ki, bu çevriliş İstanbulda – Konstantinopolda baş verir. “Orlando” çevrilmə və səyahətlər haqdadır. Kişidən qadına, Qərbdən Şərqə, bir mövcudiyyətdən digərinə və əksinə. Bu öz dövrünü xeyli qabaqlamış kitabdır və hətta bu gün də bizi heyrətləndirməkdədir.

Walter Benjamin, “Pasaj layihəsi” (The Arcades Project)

Bu kitab çoxlu qapıları, sonsuz dəhlizləri və əbədiyyətə açılan pəncərələri olan bir evdir. “Pasaj layihəsi”ndəki heç bir mətn heç vaxt digəri ilə eyni ola bilməz. Onu bitirəndən sonra yaşadığınız şəhəri qavrama tərziniz bir də əvvəlki kimi olmayacaq. Küçələr və pasajlar, öz illüziya və vədləri ilə birlikdə müasirlik, bunların hamısı şəhəri gözəl tanıyan şəxsin dilindən təqdim olunur. Bu, bitməmiş layihədir, ancaq digər tərəfdən, bəlkə də bu miqyasda kitabın heç vaxt müəyyən bir sonluğu ola bilməzdi. Benjamin qeyri-adi mütəfəkkir, tənha üsyançı və heç bir qrupa uyğun gəlməyən qəribə inqilabçı, nəhəng zəkaya və ümidli çarəsizliyə malik insan və Hannah Arendtin təbirincə desək, uğursuz mistikdir. Onun bütün tərəflərini sevirəm.

James Baldwin, “Doğma oğulun qeydləri” (Notes of a Native Son)

İstanbul, London, Madrid, Boston … uşaqlıqdan bəri bir çox ölkələrdə yaşamışam. Köçəri həyatın xoşagəlməz tərəflərindən biri odur ki, sən heç vaxt düz-əməlli kitabxanaya malik ola bilmirsən. Bir məqamda İstanbulda da, Arizonada da göndərilməsini gözləyən qutu-qutu kitablarım vardı. Səyyah həyatı yaşayanda hətta ən çox sevdiyiniz əşyalardan belə əl çəkməlisiniz. Ancaq bir müəllif var ki, mən onun səsi olmadan qala bilməzdim: James Baldwin — müşahidəçi, səyyah, üsyançı. “Doğma oğulun qeydləri” dil, irqçilik, nifrət və son nəticədə möhkəmlik və ləyaqət haqda esselər toplusudur.

Anna Akhmatova, “Göy gurultusu eşidəcəksən” (You Will Hear Thunder)

Ən qaranlıq rejim altında yazmağa, gözəllik yaratmağa və azadlıq tələb etməyə necə davam edəsən? Akhmatova çox gözəldir — o, döyüşçü, öz dövrünün şahidi, göy gurultusudur. Bu qadın məni rusca danışa bilmək arzusunda olmağa vadar edir. Ancaq onu tərcümədə oxumaq düşüncə və ruh üçün eyni dərəcədə gözəl qidadır.

F. Scott Fitzgerald, “Böyük Gətsbi” (The Great Gatsby)

Siz bu kitabı bir çox səbəbə görə sevə bilərsiniz. Hekayə, tərz, məharət… Burada qəhrəmanlar yoxdur, sadəcə insanlar var, öz qüsur və uğursuzluqları ilə birlikdə. Ancaq bu, müəyyən məkan və zaman, Amerika arzusunun qaranlıq tərəfi haqda kitabdır. O eyni dərəcədə zamansız və məkansız təsiri bağışlayır. Onun universal çağırışı belədir. “Böyük Gatsby” bir dəfə oxuyub kənara qoya biləcəyiniz hekayə deyil. Bu, həyatın müxtəlif mərhələlərində yenidən oxunmağa layiq olan kitabdır - klassikadan çox, yol yoldaşıdır.

Jeffrey Eugenides, “Orta cins” (Middlesex)

Dünya ədəbiyyatında ən gözəl tərzdə danışılmış olan ailə saqalarından biri. Cinsi kimlik, etnik kimlik, Amerika arzusu, mühacirlər, ailə xatirələri və kollektiv miflər… Ancaq mənə görə bu, ilk növbədə mənsubiyyət haqda romandır…

Audre Lorde, “Autsayder bacı” (Sister Outsider)

Heyrətamiz qadının heyrətamiz esselər toplusu. Lorde-un irq, cins, homofobiya, ksenofobiya, sinfi ayrıseçkilik haqda baxışları… Mənə görə bu kitab rəngarəngliyin manifestidir. Hamımızın bir kimliyə qədər kiçildildiyi və süni tayfalara itələndiyi bir zamanda Lorde-unsektorlararası və təsirli dərəcədə insani yanaşması balzam kimi ürəyə yayılır. Bu, sevgi, güc və qadınların bir-birinə dəstəyi haqda kitabdır.

Czeslaw Milosz-un “Əsir düşüncə” (The Captive Mind)

Avtoritarizm və onun çoxsaylı təzahürləri haqda çox yazılıb, ancaq insanların, hətta ən təhsilli, ilk baxışdan açıq fikirli insanların öz gündəlik həyatlarında avtoritarizmim necə həzm etməsi haqda az söz deyilib. Korrupsiya rejimlərində siyasətə və siyasətçilərə nə olduğu ortadadır. Bəs avtoritarizm şəraitində cəmiyyətə və mədəniyyətə nə olur – bu daha az dərk edilən məsələdir. Polyak şairi və mütəfəkkiri [Czeslaw] Milosz ev, vətən, qaçqınlıq, xatirə, tarix haqda geniş yazıb. Mən kollektiv amneziyadan əziyyət çəkən, qarışıq bir ölkədən olan yazar kimi daim onu yaxınlıq hissi ilə oxumuşam.

Elif Şafak daha sonra “Min bir gecə nağılları” və Kazuo Ishiguronun “Üzən dünyanın rəssamı” (An Artist of the Floating World) kitablarını qeyd edib.

XS
SM
MD
LG