Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:17

Əli Kərimli təqsirləndirilən şəxs qismində hakim önünə çıxarıldı


AXCP sədri Əli Kərimli
AXCP sədri Əli Kərimli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli təqsirləndirilən şəxs qismində hakim önünə çıxarılıb. Sentyabrın 19-da Nəsimi rayon Məhkəməsində 5 il öncə partiyadan xaric olunmuş Aydın Əliyevin xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə baxışı keçirilib.

A.Əliyevin 63 yaşı var. O iddia edir ki, AXCP sədri çıxışlarında ona böhtan atıb, onu hakimiyyətlə əməkdaşlıqda suçlayıb. Bu üzdən, Ə.Kərimlinin Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə həbsini istəyir.

AXCP sədri bu iddianın əsassız olduğunu deyir. Sentyabrın 19-da məhkəmə iclasında onun vəkili Fəxrəddin Mehdiyev vəsatət qaldıraraq bir sıra sənədlər təqdim edib. Müdafiəçi deyir ki, bu sənədlər Ə.Kərimlinin çıxışlarında səsləndirdiyi fikirlərin həqiqət olduğunu sübut edir: "Bu, həm də o deməkdir ki, Əli Kərimliyə qarşı xüsusi ittiham qaydasında qaldırılmış iddianın özü əsassızdır. Onun çıxışlarında heç bir böhtandan söhbət gedə bilməz. Nə böhtan var dediklərində?!".

Bir həftə öncə Ə.Kərimliyə qarşı iddia icraata götürülərkən A.Əliyev də xüsusi ittihamçı statusunda tanınıb. Xüsusi ittihamçının nümayəndəsi Elvin Əliyev vəsatətin bu şəkildə verilməsinə etiraz edərək deyib ki, elektron sistemə yerləşdirilsin, o da tanış olub ardınca fikrini bildirsin.

Bu üzdən, məhkəmə prosesi bir ay sonraya – oktyabrın 14-dək ertələnib.

Ə.Kərimli ona qarşı iddianın icraata götürülməsini və təqsirləndirilən şəxs statusunda tanınmasını "siyasi sifarişin icra olunması" kimi qiymətləndirib.

AXCP-nin də qənaətincə, bu məhkəmə işi birbaşa prezident İlham Əliyevin sifarişi ilə başladılıb. Bu barədə partiyanın bəyanatında bildirilir.

Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsində 500 manatadək cərimə, 240 saatdan 480 saatadək ictimai işlər, 1 ilədək islah işləri və ya 6 ayadək həbs cəzası nəzərdə tutulub.

Xatırlatma

AXCP sədri haqqında daha öncə - 1994-cü ilin sentyabrında (bu təşkilat Azərbaycan Xalq Cəbhəsi adlandırılan və Ə.Kərimlinin həmin təşkilatda sədrin müavini olduğu zaman) cinayət işi qaldırılıb. O zaman hüquq-mühafizə qurumları Ə.Kərimlinin cibindən partladıcı maddə tapıldığını bildirdiyindən o həbs edilmiş, ancaq həbsdə elə də uzun müddət qalmamışdı.

Ə.Kərimli ümumvətəndaş pasportunun etibarlılıq müddəti bitdiyindən 2006-cı ildə Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyat İdarəsinə müraciət etsə də, 1994-cü ildə açılan cinayət işi əsas gətirilərək ona yeni pasport verilməmişdi.

Avropa İnsan Haqları Məhkəməsi 2015-ci il iyulun 16-da Ə.Kərimliyə pasport verilməməsi ilə bağlı şikayət üzrə qərarını açıqlamışdı. Məhkəmə pasport verilməməsini onun Avropa Konvensiyasına dair 4 saylı Protokolun 2-ci (hərəkət etmək azadlığı) maddəsində nəzərdə tutulan hüquqlarının pozuntusu saymışdı. Məhkəmə mənəvi ziyana və çəkilmiş digər xərclərə görə dövlətin Ə.Kərimliyə 8 min 600 avro kompensasiya ödəməsinə qərar versə də, AXCP sədri hələ də xarici pasport ala bilməyib.

XS
SM
MD
LG