Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:37

Ekspertlər ‘Rusiya sülhməramlı ola bilməz’ deyirlər (VIDEO)


Qarabağdakı sülhməramlılara nələri etmək qadağandır?
Gözlə

No media source currently available

0:00 0:09:56 0:00

Qarabağdakı sülhməramlılara nələri etmək qadağandır?

Qarabağdakı Rusiya sülhməramlısı nəyi edə bilər, nəyi edə bilməz? Onların mandatı nə vaxt müəyyənləşəcək?

Hazırda Azərbaycan cəmiyyətini ən maraqlandıran sualları belə qruplaşdırmaq olar.

Rusiya xarici işlər naziri Sergey Lavrov yanvarın 18-də keçirdiyi mətbuat konfransında deyib ki, Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin mandatı məsələsi həll olunur. O bildirib ki, bu məsələ Rusiya, Azərbaycan və Ermənistan üçtərəfli razılaşmasının predmeti olmalıdır.

Siyasi şərhçi Rauf Mirqədirov deyir ki, sülhməramlıların mandatının beynəlxalq yox, üçtərəfli görüşlərin predmeti olması Azərbaycanın marağına uyğyn deyil.

“Qarabağ Azərbaycanın ərazisidir. Ermənistan danışıqlarda iştirak edərsə, bu təhlükə yarada bilər”.

Siyasi şərhçi deyir ki, əgər mandatın nüəyyənləşməsində beynəlxalq öhdəçilik olmasa, bu, Rusiyanın monopoliyasının güclənməsi, hətta sonra Türkiyənin nəzərdə tutulan sülhməramlı fəaliyyətinin də məhdudlaşmasına səbəb ola bilər.

“Onları sülhməramlı adlandırmaq olmaz”

Müxalif Real partiyasından deputat Erkin Qədirli öz Facebook səhifəsindən yazır ki, sülhməramlıların yekun məqsədi - barışdırmağa çalışdıqları tərəfləri özlərinin çıxıb gedəcəkləri günə hazırlaşdırmaqdır, amma ruslar bu baxımdan sülhməramlılığa uyğun gəlmirlər, Qarabağda gördükləri işlər buradan getmək niyyətində olmadıqlarını göstərir. Onun fikrincə, indiki halda, Rusiya əsgərlərinin Qarabağa girməsini "sülhməramlı" adlandırmaq doğru deyil:

“Birincisi, sülhməramlı missiyalar hansısa beynəlxalq təşkilatın -məsələn BMT, ATƏT və sairin qərarı əsasında verilmiş mandata görə olur. Sülhməramlı missiya, bir qayda olaraq, bir neçə dövlətə tapşırılır. Bir dövlətə də tapşırıla bilər, amma bu, çox nadir hallarda olur. İkincisi, mandatda sülhməramlı missiyanı icra edənlərin səlahiyyətləri və məsuliyyətləri, eləcə də dəqiq ərazisi göstərilir”.

Rauf Mirqədirov hesab edir ki, indiyə qədər Rusiya sülhməramlılarının yalnız bölgəyə gəlməsi razılaşdırılıb, qalan fəaliyyətlərinin legitim əsası yoxdur:

“Onlar qaçqınları qaytara, xəstəxana tikə və sair edə bilməzdilər...”

"Bu gedişlə Rusiya Türkiyə sülhməramlılarına mane ola bilər"
Gözlə

No media source currently available

0:00 0:03:32 0:00

Rusiya münaqişədə tərəf olduğu halda...

Amerikalı təhlilçi Pol Qobl isə hesab edir ki, Rusiya münaqişəyə tərəf olduğu halda, onun sülh yaradacaq qüvvə olacağını gözləməyə dəyməz. Onun fikrincə, beynəlxalq təcrübədə sülhməramlıların fəaliyyəti başqa cür tənzimlənir:

“Beynəlxalq təcrübədə əvvəlcə münaqişənin nizamlanmasına nail olunur. Ya BMT, ya da kiçik beynəlxalq qrupla. Daha sonra ölkəyə heç bir bağı olmayan sülhməramlılar tapılır. Məsələn, Fələstin İsrail münaqişəsindən sonra yerləşdirilən sülhməramlıların bu bölgəyə heç bir aidiyyəti olmadı. Məsələn, misirlilərə bu işi tapşırmadılar. Hazırda bu işin həlli ATƏT-in Minsk qrupunun münaqişənin nizamlanmasına nail olmasından, daha sonra isə regiona bağı olmayan qüvvələrin sülhməramlı kimi bölgəyə keçirilməsindən keçir. Məsələn, İsveç və ya Braziliya”.

Keçən həftə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da sülhməramlıların statusu məsələsini qaldırmışdı və demişdi ki, Türkiyə Rusiyanı ayrıca olaraq Qarabağdakı Rusiya sülhməramlı qüvvəsinin statusu ilə bağlı razılaşma imzalanmasına təşviq edir.

44 günlük 2-ci Qarabağ müharibəsindən sonra, noyabrın 11-də imzalanmış üçtərəfli razılaşmaya görə, Azərbaycanın nəzarət etmədiyi Qarabağ torpaqlarında 2 minə qədər Rusiya sülhməramlısı yerləşdirilməsi razılaşdırılıb. Azərbaycan bu torpaqlara nəzarəti 90-cı illərin əvvəlində itirib.

XS
SM
MD
LG