Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:29

Əcnəbilərə Livandan çıxmaq tövsiyə olunur


Livan
Livan

Bir sıra ölkələr Livandakı vətəndaşlarına bu ölkədən çıxmağı, oraya səfər etməməyi tövsiyə ediblər. Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) xəbərdarlığında bildirir ki, Livanın yerləşdiyi regionda “surətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq” azərbaycanlılara zəruri olmadığı halda Livana səfər etməmək, həmin ölkədə yaşayan və ya səfərdə olan vətəndaşlara isə mümkün qədər qısa müddət ərzində oranı tərk etmək tövsiyə olunur.

Hazırda Livanda olan azərbaycanlılardan isə mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri xahiş olunur.

Ermənistan, digər ölkələr...

Ermənistan da öz vətəndaşlarına oxşar müraciət edib, onları müvəqqəti olaraq Livana getməməyi tövsiyə edib. XİN Livanda olan ermənistanlıları “maksimum ehtiyatlı” olmağa, rəsmi xəbərləri izləməyə çağırıb.

Livanın 5.2 milyon əhalisinin 150 min nəfəri etnik ermənilərdir. Onların bəzilərinin həm də Ermənistan vətəndaşlığı var.

Birləşmiş Ştatlar, Kanada, Britaniya, Fransa, Yaponiya da Livandakı vətəndaşlarını dərhal bu ölkəni tərk etməyə çağırıblar.

Münaqişə genişlənə bilərmi

Hazırda İsraillə İranın dəstəklədiyi, Livanda yerləşən “Hizbullah” silahlı qruplaşması arasında müharibə başlayacağı, eləcə də regiondakı münaqişənin genişlənəcəyi sarıdan narahatlıq var.

Son günlər Yaxın Şərqdə gərginlik dərinləşib. Ötən həftə Hizbullah qruplaşmasının aparıcı komandirinin Livanda, HƏMAS radikal qruplaşması liderinin isə İranda öldürülməsi gərginliyi artırıb. ABŞ və Aİ HƏMAS-ı terrorçu təşkilat sayır. Tehran və müttəfiqləri hücumlara görə İsraili günahlandırıb, qisasla hədələyiblər.

Bu hücumlardan öncə isə İsrail Hizbullahı özünün nəzarətində olan əraziyə raket hücumunda ittiham edib. Hücumda 12 uşaq və yeniyetmə həlak olub.

Qəzzada 10 aya yaxındır müharibə gedir. HƏMAS oktyabrın 7-də İsrailə hücum edərək 1200 nəfəri öldürüb, 250 nəfər girov götürülüb, bir qismi sonradan buraxılıb.

Avqustun 4-nə keçən gecə Hizbullah İsrailin şimalında raketlər atdığını bəyan edib. İsrail ordusunun atılan 30 raketin əksəriyyətinin tutulduğunu bildirib.

Bir sıra Qərb hava şirkətlərinin regiona uçuşları təxirə saldığı xəbər verilir.

XS
SM
MD
LG