Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:18

Dünyanın ən məşhur kitab dükanı 100 yaşını tamamladı


'Shakespeare and Company' kitab mağazası
'Shakespeare and Company' kitab mağazası

Dünyanın ən məşhur kitab dükanı, «Shakespeare and Company» 100 il əvvəl Parisdə açılıb. «La maison des amis des livres» (Kitab dostlarının evi) adlandırılan bu dükanda kimlər vaxt keçirməyib, - Adrienne Monnier və James Joyce-dan tutmuş ta Shakespeare teatr şirkətinədək saysız ünlülər! Dükanın sahibi Sylvia Beach André Gide, Paul Valéry, TS Eliot, Ezra Pound, Ernest Hemingway kimi yazıçılarla dostlaşıbmış.

Böyük yazarlar öncə «kiçik dərgi»lərdə çap olunub

Eyni zamanda həm kitab dükanı, həm də kitabxana kimi işlədilən bu məkan müharibədən sonra kitab almağa pul tapmayan şəhər sakinlərini ingilis və Amerika ədəbiyyatı ilə tanış edirdi. Dükan həm də avanqard «kiçik dərgi»ləri yayırdı. XX əsrin ilk onilliklərində bir çox böyük şair, yazıçı və tənqidçi məhz bu dərgilərdə çap olunaraq karyerasına başlayıb. Məsələn, James Joyce-un əsərini ilk dəfə çap edən Harriet Weaver-in «Egoist» dərgisi olub.

Beach özü böyük ədəbiyyat heyranı olmaqla yanaşı, dükanına gələn ziyarətçiləri də kitab almadan saatlarla oxumağa həvəsləndirirdi. Nəticədə onun dükanı iki müharibə arasındakı dövrdə Parisə axışan ingilis, irland və ABŞ yazıçılarının sevimli məkanına çevrilmişdi.

Joyce bura 1920-ci ilin yayında, görkəmli amerikalı şair və tənqidçi Ezra Pound-la birgə gəlib. Ondan az sonra dükanı TS Eliot və Wyndham Lewis ziyarət etməyə başlayıb. Ernest Hemingway, Thornton Wilder və Robert McAlmon 1921-ci ildə gəliblər. O zaman dükan artıq l'Odeon küçəsindəki yeni məkana köçmüşdü.

BBC yazır ki, onların bəziləri daimi ziyarətçi olsa da, dükan çoxlarından ötrü görüş yeri, oxu məkanı, poçt və valyutadəyişmə məntəqəsi idi.

Eyni zamanda yeni, istedadları axtarıb tapmaqla məşğul olan Pound Beach-də kiçik dərgilərə maraq oyatmağa başlayır. Beach gənc yazıçıların əlyazmalarını həmin dərgilərin redaktorlarına göndərir və yeni üzə çıxan istedadları irəli çəkməyə çalışır. Belə dərgilərdən biri TS Eliot-un «Criterion»u idi. Beach Eliot-la tanış olmazdan əvvəl də onun böyük pərəstişkarı olub.

Bu dükan sayəsində…

Hemingway Beach-in ömürlük dostuna çevrilmişdi. «Həyatımda tanıdığım heç kəs mənə onun qədər nəvaziş göztərməyib», - Hemingway-in Beach haqqında dediyi sözlərdir.


Yoxsul vaxtlarında Beach ona oxumaq üçün kitabları pulsuz verirdi. Yazıçı bu dükan sayəsində Pound-la dostlaşmışdı. Onlar birlikdə ədəbiyyatdan danışırdılar.

«Sylvia Beach-lə keçirdiyi vaxt sayəsində o, yazıçı kimi necə olacağını anlamağa başlamışdı», - «Silvia Biçin məktubları» (The Letters of Sylvia Beach) adlı kitabın redaktoru Keri Walsh Hemingway haqda belə deyib.

Ancaq «Shakespeare and Company» dükanının adı ən çox James Joyce-la bağlıdır. «US Little Review» adlı dərgi yazıçının «Ulisses» (Ulysses) əsərini bölüm-bölüm dərc edib. Ancaq buna görə dərgini açıq-saçıqlıqda suçlayıb izləməyə başlayanda, o, əsərin qalan hissələrini dərc etməkdən boyun qaçırıb. Bu zaman Beach irəli çıxaraq bütün romanı çap etdirməyi öhdəsinə götürüb.

«O bunda peşəkar fürsət gördü. Əsərə bələd olduğundan düşünürdü ki, bu həm kitab dükanı, həm də dünya üçün yaxşı olacaq», - Walsh deyir.

Ancaq bəlkə də o bu işin çətinliklərini nəzərə almamışdı. Axı çapçı və korrektorlar tutmaq, Joyce-un ailə ehtiyaclarını qarşılamaq, naşir Maurice Darantière-i hər dəfə əlyazmalara yeni hissələr əlavə etməyə razı salmaq lazım gəlirdi.

Həm dünya şöhrəti, həm də maddi bataqlıq

Kitabın nəşri Joyce, Beach və «Shakespeare and Company»yə dünya şöhrəti gətirsə də, dükana böyük maddi ziyan da vurdu. Joyce-un vaxtaşırı kassadan özünə avans götürmək vərdişi də bu məsələdə az rol oynamayıb.

Kitabın nəşri dükanı modernistlərin və onların oxucularının ziyarətgahına çevirdi. Artıq Eliot, Pound və McAlmon da James, Whitman və Conrad kimi yaxşı satılırdı.

Ancaq sonradan Beach-lə Joyce-un arası dəydi. Joyce daha əvvəl «Ulisses»in bütün dünyada satış hüququnu Beach-ə verməsi haqda müqavilə imzalamışdı. Vəziyyət o dərəcədə ciddiləşdi ki, 1932-ci ildə Joyce Beach-i bu hüquqdan imtinaya məcbur etdi və «Random House» nəşriyyatı ilə müqavilə imzaladı.

Joyce-un davamlı maddi tələbləri ilə yanaşı, 1930-cu illərin iqtisadi böhranı da dükana zərbə vurdu.

Daha sonra müharibə başladı. Aralarında nələr olub-bitsə də, Beach hələ də Joyce-un yaradıcılığına bağlı idi. O, 1941-ci ildə «Finneganın oyanışı» kitabının bir nüsxəsini alman zabitinə satmaqdan imtina etmişdi. Zabit qayıdıb onun bütün kitablarını müsadirə edəcəyi ilə hədələmişdi. Ancaq Beach çox qısa zamanda bütün kitablarını özünün dördüncü mərtəbədəki mənzilində gizlədib qaçmağı bacarmışdı.

XS
SM
MD
LG