Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:45

Cahangir Hacıyevin dostlarından 18 milyonluq tələb var


Cahangir Hacıyev
Cahangir Hacıyev

Həbsdə olan sabiq deputat Dünyamin Xəlilovla "Bakı Fındıq Emalı" MMC-nin (zavodun) keçmiş rəhbəri Azad Cavadova qarşı 17 milyon 735 min manatlıq mülki iddia qaldırılıb. "Aqrarkredit" QSC-nin nümayəndəsi iddia edir ki, onlar vaxtilə Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevlə dostluqlarından faydalanaraq kredit adıyla götürülmüş milyonlarla vəsaiti mənimsəyiblər.

C.Hacıyevin adları çəkilən dostlarının hər ikisi onunla birlikdə mühakimə olunub. Beynəlxalq Bankın keçmiş rəhbəri ilk dəfə 2016-cı ildə A.Cavadovla, ikinci dəfə 2019-cu ildə D.Xəlilovla hakim önünə çıxarılmışdı. İndi D.Xəlilovla A.Cavadov birlikdə müttəhimlər kürsüsündədir. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. 17 milyon 735 min manatlıq mülki iddia da sentyabrın 18-də bu məhkəmədə elan olunub.

Cinayət işinin materiallarında iddia olunur ki, D.Xəlilov və A.Cavadov Beynəlxalq Bankın keçmiş rəhbəri C.Hacıyevin göstərişlərini icra ediblər. Onlar öz tabeliyindəki işçiləri bankın müxtəlif filiallarına göndərərək həmin işçilərin adına kreditlər rəsmiləşdirsələr də, pullar bu şəxslərin özlərinə verilməyib, ələ keçirilib.

Zərərçəkmiş ayrı, iddiaçı ayrı

D.Xəlilov və A.Cavadovun məhkəməsində zərərçəkmiş statusunda Beynəlxalq Bank tanınıb, ancaq mülki iddiaçı sifətində "Aqrarkredit"in iddiası qəbul edilib. Bu da prezidentin 15 iyul 2015-ci il tarixli fərmanıyla əsaslandırılıb. Həmin fərmanla dövlət başçısı Beynəlxalq Bankın irihəcmli problemli kreditlərinin idarə olunmasını "Aqrarkredit" QSC-yə həvalə etmişdi.

D.Xəlilov və A.Cavadov hazırkı məhkəmədə 6 milyon 642 min manatlıq yeyintidə ittiham olunurlar. "Aqrarkredit" QSC-nin 18 milyon manata yaxın pul tələbi həm də əvvəlki cinayət işlərində onların öhdəliklərindən irəli gəlir. Əvvəlki cinayət işlərində də onlara qarşı ittihamın mahiyyəti eyni idi.

İstər keçmiş deputat, istərsə zavod rəhbəri mülki iddianı qəbul etmir.

"İddia əsassızdır. Biz bu təşkilatla işləməmişik, ona heç bir ziyan vurmamışıq. İddianı da qəbul eləmirəm", - D.Xəlilovun sözləridir.

Onlar 6 milyon 664 min manatlıq yeyinti ittihamı üzrə də özlərini təqsirli bilmirlər və bunu prokuror ittiham aktını elan edəndən sonra hakimin sualına cavab olaraq dilə gətiriblər.

Xatırlatma

  • Son 8 ildə D.Xəlilov üçüncü, A.Cavadovsa ikinci dəfədir ki, Beynəlxalq Bank işi üzrə mühakimə olunurlar. Onların hər ikisi 2015-ci ildən həbsdə olan Cahangir Hacıyevin dostu sayılıb.
  • C.Hacıyev də 2015-ci ildən bəri iki dəfə hakim önünə çıxarılıb. İlk mühakimədə (2016-cı ildə) ona 15 il, A.Cavadova 10 il 6 ay həbs cəzası kəsilmişdi. İkinci dəfə (2019-cu ildə) onun cəzası 16 il 3 ayadək artırıldı. Həmin vaxt D.Xəlilov haqqında isə 14 il 6 aylıq hökm çıxarılmışdı.
  • Adları çəkilənlərin heç biri özünü təqsirli saymır. Hər üçü bildirir ki, Beynəlxalq Bankdan götürülən kreditlər müxtəlif layihələrin icrasına, müəssisələrin yaradılmasına yönləndirilib.
XS
SM
MD
LG